Valentina Matviyenko yanacaq bazarındakı vəziyyətin həqiqətən də çətin olduğunu, lakin Rusiyanın bu mürəkkəb problemi həll edəcəyini bildirib. O, bu məsələni “dramatikləşdirməyə” ehtiyac olmadığını deyib.
AZƏRTAC RBC-yə istinadla xəbər verir ki, RF Federasiya Şurasının sədri Valentina Matviyenko Federasiya Şurasının plenar iclasında yanacaqla bağlı vəziyyətin həll olunacağını və bunu dramatikləşdirməyə ehtiyac olmadığını bildirib.
O qeyd edib: “Həqiqətən də vəziyyət asan deyil, çətindir. Ölkəmizin Prezidenti Vladimir Putin kənd təsərrüfatı üçün benzin, kerosin və dizel yanacağı təchizatı məsələsi ilə bağlı iclas keçirib. Bazar ertəsi günü Baş nazir Mixail Mişustin ilə görüşdük və bu məsələni müzakirə etdik. Baş nazirin müavini Aleksandr Novakın rəhbərlik etdiyi işçi qrupu bu vəziyyətin həlli yollarını tapmaq üçün hər gün çalışır. Bu, vaxt aparacaq. Əminəm ki, vəziyyət həll olunacaq, hökumət lazımi qərarları qəbul edir”.
Son aylarda Rusiyanın onlarla bölgəsində yanacaq təchizatı problemləri yaranıb. RBC-nin hesablamalarına görə, ölkənin 50-dən çox bölgəsində müxtəlif dərəcəli yanacaq təchizatı məhdudiyyətləri tətbiq olunur. Hakimiyyət orqanları və neft şirkətləri bu məhdudiyyətləri artan tələbat, logistika çətinlikləri və prioritet tədarüklərin təmin edilməsi zərurəti ilə əlaqələndirib.
Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də bildirib ki, sürücülər və müəssisələr üçün yanacaq təchizatı problemləri davam edir, bəzi yanacaqdoldurma məntəqələrində növbələr yaranır və tələb olunan benzin növü həmişə mövcud olmur. O, bazarı sabitləşdirmək üçün sistemli tədbirlər görməyi tapşırıb və ən böyük neft emalı zavodlarının maksimum gücdə işlədiyini, planlaşdırılan texniki xidmətin təxirə salındığını qeyd edib.
Rusiya Energetika Nazirliyinin məlumatına görə, benzin ehtiyatları 1,7 milyon ton təşkil edir ki, bu da keçənilki səviyyədən cəmi 4 faiz aşağıdır.