Alman azarkeşləri və yerli mətbuatın milli komandanın Dünya Kubokunda pley-offun ilk raundunda mübarizədən kənarlaşdırılmasından ağrılı şəkildə sarsıldığı bir vaxtda, Kansler Fridrix Merz Facebook səhifəsində oyunçular üçün tərifli bir paylaşım edib və bunun cavabında futbol ehtirasları çərçivəsindən kənara çıxan tənqid atəşinə tutulub.
Paraqvaya qarşı açıq favorit olan dördqat dünya çempionu penaltilərdə məğlubiyyətə uğrayıb (3-4). Dünya Kubokunda bu qədər erkən - 1/16 final mərhələsində məğlub olmaqla yanaşı, bu, onların tarixində ilk dəfə idi ki, mundialda penaltilərdə məğlub olurdu. Bundan əvvəl almanlar 1982-ci il Dünya Kubokunda yalnız bir penalti qaçırmışlar. Bu dəfə isə üç imkandan istifadə olunmayıb və bu da komandanın turnirdə iştirakına son qoyub.
Almaniyanın ən böyük tabloid qəzeti olan "Bild" çərşənbə axşamı əsas səhifədə aşağıdakı başlıqla çıxış edib: "Alman futbolu üçün daha bir kabus". Lakin ölkə Kansleri Fridrix Merz tamamilə fərqli bir qiymətləndirmə verib. "Çox ağrılı bir məğlubiyyət olsa da, necə də gözəl bir performans! Dünya Kubokundakı əzmkarlığınız və komanda ruhu ilə ölkəmizə ilham verdiniz. Sizinlə fəxr edirik!" deyə o, Facebook-da yazıb. Bundan dərhal sonra Merzə ünvanlanan qəzəbli başlıqlar və sərt şərhlər yayılıb. "Bild"in köşə yazarı Marion Horn paylaşımı "fəlakət", məğlubiyyəti isə "sarsıdıcı uğursuzluq" adlandırıb. "Dünya Kubokunda Paraqvaya qarşı amansız məğlubiyyət, məşqçi, işə münasibət və alman oyunçularının performansı - bütün bunlar bütün ölkənin vəziyyətinin simptomatikasıdır", - deyə o bildirib. "Ən yaxşı halda, biz ikinci dərəcəli ölkəyə çevrilmişik. İqtisadiyyatımız görünməmiş dərəcədə tənəzzül yaşayır: iflaslar və sənayeləşmədən çıxmalar demək olar ki, hər gün baş verir. Almaniya futbolu isə hazırda yalnız əvvəlki nüfuzu ilə yaşayır."
Horn Merzin də qürur və ilham dolu sözlərinə görə Kansleri tənqid edib: "Cənab Kansler, bu, sadəcə doğru deyil! Mən ikinci dərəcəli statusu qəbul etməkdən imtina edirəm. Mən qürur duymuram. Mən qəzəbliyəm. Mən məyusam. Mən hiddətliyəm! Uşaqlarımız Almaniyanı yalnız məğlub kimi tanıyırlar!".
Kanslerə təzyiq o qədər güclü olub ki, 11 saat sonra Merz öz səhifəsində yenidən paylaşım edib: "Qələbələri birlikdə qeyd edirik. Məğlubiyyətdə də birlikdə oluruq. Bizi güclü edən də elə budur. Sinəsində qartal olanlar lağa yox, dəstəyimizə layiqdir".
Müşahidəçilərin fikrincə, futbolla bağlı şərhlər üzündən yaranan qalmaqal Almaniyada daha dərin bir uçurumun göstəricisidir. Bir çox tənqidçi Kanslerin paylaşımında federal hökumətin nəticəyə can atmasının itirildiyini, uğursuzluqların normaya çevrildiyini göstərən əlamətlər görür. Onlar bu münasibətin ölkənin ümumi vəziyyətinə getdikcə daha çox təsir etdiyinə inanırlar.
Qalmaqal keçirilməsi planlaşdırılan koalisiya komitəsinin iclası ərəfəsində baş verib. Alman qəzetlərinin yazdığına görə, bu görüş həm bir sıra islahatların irəliləməsi, həm də Merz hökumətinin gələcəyi üçün mühüm siyasi əhəmiyyət kəsb edir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"