Viral hepatit hər gün təxminən 3500 insanın həyatına son qoyur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2024-cü ildə 1,3 milyon insan hepatit B və C-dən vəfat edib.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, hazırda təxminən 287 milyon insan xroniki viruslu hepatit B və C ilə yaşayır. Profilaktika və müalicə tədbirlərində irəliləyişlərə baxmayaraq, çox güman ki, 2030-cu ilə qədər viruslu hepatitlərin aradan qaldırılması məqsədinə çatmaq mümkün olmayacaq.
ÜST-nin məlumatına görə, ölümlərin əksəriyyəti illərlə asimptomatik qala bilən, tədricən sirroza və qaraciyər xərçənginə səbəb olan xroniki infeksiyalar ilə bağlıdır. Vaksinasiya, habelə vaxtında diaqnoz qoyulması və müalicə yolu ilə xeyli sayda ölümün qarşısı alına bilər.
Təşkilat HİV, viruslu hepatit və cinsi yolla keçən infeksiyalarla mübarizə üzrə qlobal strategiyaların tətbiqi ilə bağlı yeni hesabatda bir çox ölkənin son on ildə əhəmiyyətli irəliləyişlər əldə etdiyini qeyd edir. Genişləndirilmiş hepatit B peyvəndi milyonlarla yeni infeksiyanın qarşısını alıb. Bundan əlavə, getdikcə daha çox ölkə müasir, tam sağala bilən hepatit C müalicəsinə çıxışı təmin edir, həmçinin profilaktika, diaqnoz və müalicə xidmətləri ilkin səhiyyə xidmətlərinə inteqrasiya olunur.
Bu arada, viral hepatitdən ölüm halları artmaqda davam edir, HİV və vərəmdən vəfat edənlərin sayı isə tədricən azalır. Diaqnozun gec qoyulması əsas amil olaraq qalır. Xroniki hepatit B xəstələrinin cəmi dörddəbiri və hepatit C xəstələrinin üçdəbirindən bir qədər çoxu xəstəliyə yoluxduğunu bilir.
ÜST-nin məlumatına görə, hepatit B ilə yaşayan insanların cəmi 4,3 faizi müalicə alır və yoluxanların 20 faizi hepatit C xəstəliyini tamamilə sağaldacaq səviyyədə müalicə alıb.
Təşkilat vurğulayır ki, test və müalicə proqramlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi olmadan, qlobal miqyasda 2030-cu ilə qədər virus hepatitindən ölüm hallarını 65 faiz azaltmaq mümkün deyil.
Hepatit B peyvəndi ən təsirli profilaktika üsullarından biri olaraq qalır. Hazırda dünyada yeni doğulmuş körpələrin 84 faizi peyvənd alır ki, bu da yeni yoluxma hallarının sayını əhəmiyyətli dərəcədə azaldıb. Lakin bəzi ölkələrdə peyvəndləmənin əhatə dairəsi kifayət qədər deyil. Vəziyyət xüsusilə Afrika regionundakı ölkələrdə çətin olaraq qalır; burada uşaqların cəmi 17 faizi doğuşdansonrakı 24 saat ərzində ilk peyvənd dozasını alır.
Təşkilat qeyd edir ki, zəruri diaqnostik metodlar və effektiv dərmanlar artıq mövcuddur. Hepatit C artıq tamamilə müalicə olunur və hepatit B üçün müasir antiviral terapiya xəstəliklərin nəzarətdə saxlanılmasına, ağır fəsadların qarşısının alınmasına və ölüm hallarının əhəmiyyətli dərəcədə azaldılmasına imkan verir.
ÜST ekspertlərinin fikrincə, peyvənd, diaqnoz və müalicəyə bərabər çıxışın təmin edilməsi əsas vəzifə olaraq qalır. Davamlı maliyyələşdirmə, siyasi dəstək və aktiv beynəlxalq əməkdaşlıq virus hepatitinin aradan qaldırılması kimi qlobal məqsədə çatmaq üçün vacibdir.