Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində (BMTMM) Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində Türkiyədən Azərbaycana səfərə gələn media nümayəndələri və qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti ilə avqustun 6-da yekun görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev Azərbaycanın xarici siyasətinin əsas prioritetləri, Mərkəzi Asiya dövlətləri ilə müttəfiqlik münasibətlərinin inkişafı, ölkəmizin Yaxın Şərq siyasəti və regional proseslər barədə ətraflı məlumat verib.
Cavid Vəliyev, həmçinin Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə xələl gətirməyə çalışan dairələrin fəaliyyətinə toxunaraq, iki qardaş ölkənin münasibətlərinin möhkəm siyasi iradə və ortaq maraqlar əsasında inkişaf etdiyini vurğulayıb.
BMTMM rəsmisi regionda formalaşan yeni geosiyasi reallıqlar və dəyişən beynəlxalq münasibətlər sisteminin yaratdığı gözləntilərdən danışaraq, bu proseslərdə Azərbaycan ilə Türkiyənin koordinasiyalı fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb. O, nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın artırılması və ictimai diplomatiyanın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri, professor Aygün Attar da çıxışında Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan, Azərbaycan–Türkiyə münasibətləri və bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, bu qələbənin həqiqi dəyəri zaman keçdikcə daha dərindən dərk olunur: "30 il işğal altında qalan Azərbaycan torpaqları bu gün genişmiqyaslı bərpa və quruculuq işləri sayəsində yenidən dirçəlir və bu proses Azərbaycanın gücünü, dövlət iradəsini, eləcə də regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına yönəlmiş siyasətini nümayiş etdirir".
Türkiyənin media nümayəndələri və qeyri-hökumət təşkilatlarının rəhbərləri də görüşü yüksək qiymətləndiriblər. Onlar bu cür fikir mübadiləsinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə, media və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişlənməsinə, eləcə də koordinasiyalı fəaliyyətin gücləndirilməsinə mühüm töhfə verdiyini bildiriblər.