Avqustun 17-də dünyaşöhrətli müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü tamam olub. Bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya, Xalq rəssamı Ömər Eldarov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Xalq artisti Hacı İsmayılov və digər çıxış edənlər sənətkarın Azərbaycan və dünya musiqi mədəniyyətindəki misilsiz xidmətlərindən, bənzərsiz ifaçılıq üslubundan və zəngin yaradıcılıq irsindən söz açıblar.
Bildirilib ki, Müslüm Maqomayevin məlahətli səsi, yüksək səhnə mədəniyyəti və peşəkarlığı onu milyonlarla insanın sevimlisinə çevirib. Onun Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rol oynadığı, yaradıcılığının bu gün də böyük maraq və sevgi ilə qarşılandığı vurğulanıb.
Müslüm Maqomayevin sənət irsinin Azərbaycan mədəniyyətinin qiymətli xəzinələrindən biri olduğunu vurğulayan natiqlər diqqətə çatdırıblar ki, görkəmli sənətkarın parlaq xatirəsi və yaradıcılığı gələcək nəsillər üçün də əbədi sənət məktəbi olaraq qalacaq.
M.Maqomayevin təkcə müğənni yox, həm də heykəltaraş, pianoçu, rəssam, bəstəkar kimi də parlaq istedada malik olduğu qeyd edilib.
Çıxışçılar ötən əsrin 60-70-ci illərində istedadı ilə geniş şöhrət qazanan M.Maqomayevin dünyanın ən məşhur konsert salonlarında anşlaqla keçən çıxışlarından, qastrol səfərləri, zəngin yaradıcılığı, böyük tirajlarla buraxılan valları haqqında danışıblar.
Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir. O, bir neçə beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 1-ci yerə və "Qızıl val" mükafatına layiq görülüb. Rəhbəri olduğu simfonik orkestrlə birgə həm keçmiş Sovet İttifaqının şəhərlərində, həm də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib.
M.Maqomayev 1964-cü ildə respublikanın “Əməkdar artisti”, 1971-ci ildə “Xalq artisti”, 1973-cü ildə SSRİ-nin “Xalq artisti” fəxri adlarına layiq görülüb. Əfsanəvi müğənni 1997-ci ildə müstəqil Azərbaycanın “Şöhrət”, 2002-ci ildə isə “İstiqlal” ordenləri ilə təltif olunub. Unudulmaz sənətkar 2008-ci il oktyabrın 25-də vəfat edib.