Azərbaycan ədəbiyyatının elə simaları var ki, onların yaradıcılığı təkcə bədii söz hadisəsi deyil, xalqın milli yaddaşının və tarixi özünüdərk prosesinin ayrılmaz hissəsidir. Belə sənətkarlar yaşadıqları dövrün hüdudlarını aşaraq zamanın fövqünə yüksəlir, bütöv bir xalqın düşüncə tərzinə istiqamət verirlər. Onların yaratdıqları əsərlər kitab səhifələrində qalmır, nəsildən-nəslə ötürülərək milli şüurun formalaşmasına xidmət edir. Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadə də məhz belə söz nəhənglərindəndir.
Bəxtiyar Vahabzadənin böyüklüyü tutduğu vəzifələr, aldığı fəxri adlar və mükafatlarla ölçülə bilməz. Onun böyüklüyü sözün məsuliyyətini dərk edən sənətkar olmasındadır. O, poeziyanı nə şöhrət qazanmaq vasitəsi, nə də yalnız estetik zövq mənbəyi hesab edirdi. Şair üçün şeir xalq qarşısında mənəvi məsuliyyət idi. Elə buna görə də yaradıcılığındakı hər misra düşünülmüş fikir, hər bədii obraz isə xalqın taleyi ilə bağlı dərin məna daşıyır.
İlk baxışda sadə görünən Bəxtiyar Vahabzadə poeziyasının arxasında böyük fəlsəfi dərinlik var. Onun poetik dünyasında heç bir obraz təsadüfi deyil. Şair dağa baxanda yalnız dağ deyil, Vətənin əzəmətini, çinarda xalqın əsrlərə söykənən kökünü, bayraqda dövlət rəmzindən daha artıq - millətin şərəf və ləyaqətini görürdü. Ana dili onun üçün, sadəcə, ünsiyyət vasitəsi deyil, xalqın tarixini, mədəniyyətini və milli ruhunu yaşadan müqəddəs yaddaş idi. Vətən coğrafiya anlayışını aşaraq mənəvi kimliyə, azadlıq isə siyasi termin olmaqdan çıxaraq insan ləyaqətinin ən ali ifadəsinə çevrilirdi. Buna görə də Bəxtiyar Vahabzadənin yaratdığı hər poetik obraz zahirdə göründüyündən qat-qat böyük məna yükü daşıyır.
B.Vahabzadə heç vaxt hadisələri, sadəcə, təsvir etməklə kifayətlənməyib, eyni zamanda görünən hadisələrin arxasında gizlənən həqiqəti axtarıb, oxucunu düşünən insan kimi formalaşdırmağa çalışıb. Məhz buna görə də o, yalnız böyük şair deyil, həm də milli təfəkkürün formalaşmasına təsir göstərən mütəfəkkir sənətkardır. Onun poeziyasında hər misra oxucunu düşündürür, hər fikir insanı öz vicdanı ilə üz-üzə qoyur. Ədəbiyyat tarixində elə sənətkarlar var ki, onların poeziyasında əsas qəhrəman sevgi, təbiət və ya fərdi hisslərdir. Bəxtiyar Vahabzadənin yaradıcılığında isə əsas qəhrəman vicdandır. Onun əsərlərində vicdan insanın daxili hakimi, mənəvi ölçüsü və əxlaqi meyarıdır. Şair göstərir ki, insanın taleyini də, millətin gələcəyini də, dövlətin qüdrətini də məhz mənəvi məsuliyyət müəyyənləşdirir. Buna görə də B.Vahabzadə poeziyasında "mən" anlayışı şəxsi hisslərin ifadəsi olmaqdan çıxaraq bütöv bir xalqın taleyinin rəmzinə çevrilir.
Şairin poeziyasında türk dünyası ideyası da xüsusi yer tutur. O, bu ideyanı siyasi şüar kimi deyil, ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə söykənən təbii birlik kimi təqdim edir. Bu baxımdan, Vahabzadənin azərbaycançılıq fəlsəfəsi milli dəyərlərlə bəşəri humanizmi qarşı-qarşıya qoymur. Əksinə, o, öz milli kimliyinə sadiq olan xalqın başqa xalqların da mənəvi dəyərlərinə hörmət etmək bacarığını göstərir. Bu ideyanın poetik ifadəsi kimi şair yazır:
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Məhz bu xüsusiyyət Bəxtiyar Vahabzadənin yaradıcılığını bütövlükdə türk dünyasının mənəvi sərvətinə çevirir.
Ana dili Bəxtiyar Vahabzadə üçün xalqın keçmişi ilə gələcəyini birləşdirən mənəvi körpü idi. O yaxşı anlayırdı ki, dilini qoruyan xalq öz tarixini də, mədəniyyətini də, dövlətçilik ənənələrini də qoruyacaq. Elə buna görə də onun dil haqqında yazdığı əsərlər bu gün də aktuallığını itirmir. Qloballaşmanın sürətləndiyi müasir dövrdə Vahabzadənin bu çağırışları əvvəlkindən daha böyük əhəmiyyət daşıyır və milli kimliyin qorunması baxımından mühüm mənəvi dəyər kimi səslənir. Ana dili Bəxtiyar Vahabzadənin yaradıcılığında milli varlığın əsas dayaqlarından biri idisə, tarixi yaddaş həmin varlığın keçmişlə gələcək arasında qırılmaz körpüsü idi. Şair anlayırdı ki, xalq öz tarixini unutduğu gün mənəvi bütövlüyünü də itirməyə başlayır. Buna görə də onun əsərlərində tarix yalnız keçmişi xatırlatmaq məqsədi daşımır, tarix bu günü dərk etməyin və gələcəyi qurmağın mənəvi məktəbinə çevrilir. Bəxtiyar Vahabzadə ana dilini xalqın tarixi yaddaşının ən etibarlı daşıyıcısı hesab edir. Onun fikrincə, xalqın qəhrəmanlıq salnaməsi, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri və şərəfli keçmişi məhz ana dilində yaşayır, nəsildən-nəslə ötürülür. Şair bu düşüncəsini böyük poetik ustalıqla belə ifadə edir:
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə minillik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bu misralarda ana dili təkcə ünsiyyət vasitəsi kimi deyil, xalqın tarixi yaddaşını, milli qürurunu və mənəvi bütövlüyünü yaşadan müqəddəs bir dəyər kimi təqdim edilir.
Bəxtiyar Vahabzadənin yaradıcılığının mühüm xüsusiyyətlərindən biri onun çoxşaxəliliyidir. O, təkcə qüdrətli şair deyildi, həmçinin dramaturq, publisist, ədəbiyyatşünas alim və pedaqoq kimi də Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verib.
Ədibin dramaturgiyası da poeziyası qədər dərin ictimai-fəlsəfi məzmun daşıyır. "Vicdan", "İkinci səs", "Fəryad", "Dar ağacı", "Muğam", "Özümüzü kəsən qılınc", "Ağlar-güləyən", "Atılmışlar" və digər əsərlərində müəllif insanın daxili aləmi ilə cəmiyyət arasında mürəkkəb münasibətləri araşdırır. Bu əsərlərin qəhrəmanları yalnız səhnə obrazları deyil, zamanın mənəvi dilemmasını yaşayan insanlardır. B.Vahabzadə onların timsalında oxucu və tamaşaçını hazır cavablarla deyil, düşündürücü suallarla üz-üzə qoyur. Elə buna görə də onun dramaturgiyası bu gün də öz aktuallığını qoruyur.
Bu dramaturji irsdə xüsusilə "Vicdan" pyesi diqqəti cəlb edir. Əsərdə vicdan yalnız ayrı-ayrı qəhrəmanların mənəvi keyfiyyəti kimi deyil, insanın bütün həyatını müəyyənləşdirən ali əxlaqi meyar kimi təqdim olunur. Müəllif göstərir ki, həqiqət qarşısında məsuliyyət hissini itirən insan cəmiyyət qarşısında da öz mənəvi dayağını itirir. Təsadüfi deyil ki, şairin poeziyasında aparıcı ideyalardan biri olan vicdan anlayışı dramaturgiyasında da eyni fəlsəfi dərinliklə davam etdirilir. Bu baxımdan, "Vicdan" pyesi Bəxtiyar Vahabzadənin bədii dünyasında poeziya ilə dramaturgiyanı birləşdirən mühüm ideya körpüsü təsiri bağışlayır.
Bəxtiyar Vahabzadənin publisistikası da xüsusi diqqətə layiqdir. Onun məqalələrində emosional pafosdan daha çox sağlam məntiq, tarixi yaddaş və milli məsuliyyət hissi üstünlük təşkil edir. O, ictimai hadisələrə, sadəcə, münasibət bildirmir, onların mahiyyətini açmağa çalışır, milli maraqları hər zaman ön planda saxlayırdı. Publisistik yazılarında da şair qələminə xas olan cəsarət, prinsipiallıq və vətəndaş mövqeyi aydın hiss olunur.
Hər böyük sənətkarın yaradıcılığında sözsüz ki, onun dünyagörüşünü, vətəndaş mövqeyini və xalq qarşısındakı missiyasını dolğun ifadə edən bir əsər olur. Bu əsər zaman keçdikcə müəllifini də aşaraq bütöv bir xalqın mənəvi sərvətinə çevrilir. Bəxtiyar Vahabzadənin yaradıcılığında belə bir əsər "Gülüstan" poemasıdır. Bu poema yalnız yüksək poetik məharətin məhsulu deyil, həm də milli yaddaşın oyanışı, tarixi həqiqətin cəsarətli bədii ifadəsi və parçalanmış Vətənin taleyinə ucaldılmış söz abidəsidir. Azərbaycan ədəbiyyatında tarixin bu qədər açıq, eyni zamanda bu qədər yüksək bədii səviyyədə ifadə olunduğu əsərlər çox azdır. Poema həm sənətkarlıq, həm də vətəndaş cəsarəti baxımından milli poeziyamızın ən möhtəşəm nümunələrindəndir.
Bəxtiyar Vahabzadə XIX əsrdə imzalanmış "Gülüstan" müqaviləsinin Azərbaycan xalqının taleyində açdığı dərin yaranı, sadəcə, tarixi fakt kimi təqdim etmir. O, həmin hadisənin xalqın milli yaddaşında yaratdığı ağrını poetik düşüncənin süzgəcindən keçirərək ümummilli faciənin bədii salnaməsinə çevirir. Buna görə də poema tarix dərsi deyil, xalqın uzun illər dilə gətirə bilmədiyi nisgilin poetik etirafıdır. Əsərin yazıldığı dövrə nəzər saldıqda onun əsl böyüklüyü daha aydın görünür. Sovet ideologiyasının sərt nəzarəti şəraitində Azərbaycanın parçalanmış taleyindən danışmaq, Arazın hər iki tayında yaşayan eyni xalqın mənəvi birliyini xatırlatmaq, tarixi həqiqətləri bədii dillə ifadə etmək böyük cəsarət tələb edirdi. Bəxtiyar Vahabzadə bu məsuliyyətdən çəkinmədi. O, sözün qüdrəti ilə susdurulmaq istənilən tarixi yaddaşı oyatdı və göstərdi ki, xalqın keçmişini unutdurmaq mümkün deyil. Bu tarixi həqiqətin poetik ifadəsi kimi müəllif "Gülüstan" poemasında belə səslənirdi:
"Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müqaviləyə...
Tərəflər kim idi?
Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!"
Bu çağırış illər keçsə də, öz qüvvəsini itirmədi, əksinə, zaman keçdikcə daha böyük məna qazandı. Çünki xalqın mənəvi yaddaşında yaşayan ideyalar nə zamanın sınağından sınır, nə də tarixin tozlu səhifələrində itib-batır. Onlar öz məqamını gözləyir, tarix isə gec-tez həmin çağırışlara cavab verir. Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasında ifadə olunan fikir də məhz belə bir taleyi yaşadı. Şair Vətənin parçalanmasına etirazını yalnız bir dövrün ağrısı kimi ifadə etmirdi, eyni zamanda gələcək nəsillərə milli yaddaşı qorumağın vacibliyini xatırladır, xalqın mənəvi birliyinin heç vaxt itirilməməli olduğunu söyləyirdi. Onun yaratdığı bədii obrazlar təkcə keçmişin deyil, gələcəyin də məsuliyyətini daşıyırdı. Poemada səslənən məşhur misralar bu gün də öz təsir gücünü qoruyur:
"Bəs hanı bu əsrin öz Koroğlusu -
Qılınc Koroğlusu, söz Koroğlusu?"
Belə də oldu. Azərbaycan xalqı XXI əsrdə öz mərd oğullarını yetişdirdi. Vətən sevgisini, milli ləyaqəti və dövlətçilik ənənələrini yaşadan nəsillər formalaşdı. Bu mənəvi iradə 44 günlük Vətən müharibəsində özünün ən parlaq təcəssümünü tapdı. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri misilsiz igidlik göstərərək uzun illər işğal altında qalmış torpaqlarımızı azad etdilər. Bu Zəfər yalnız hərbi qələbə deyildi, həm də xalqın milli birliyinin, dövlətin siyasi iradəsinin və cəmiyyətin mənəvi gücünün təntənəsi idi. Döyüş meydanında qazanılan uğurlar siyasi və diplomatik müstəvidə aparılan məqsədyönlü fəaliyyətlə tamamlandı. Azərbaycanın haqq səsi beynəlxalq tribunalarda ardıcıl və prinsipial şəkildə müdafiə olundu, ölkəmizin mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq dünya ictimaiyyətinə çatdırıldı. Müharibə təkcə səngərlərdə deyil, informasiya məkanında və diplomatik platformalarda da aparılırdı. Buna görə də qazanılan Zəfər hərbi uğur olmaqla yanaşı, siyasi və diplomatik qələbə kimi də tarixə yazıldı. 2023-cü ildə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması isə müstəqillik tariximizin mühüm hadisələrindən biri oldu. Bununla ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazilərində konstitusiya quruluşu tam təmin edildi və Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ başlandı. Əgər Bəxtiyar Vahabzadə bu günləri görə bilsəydi, yəqin ki, yenə də yalnız qələbənin sevincini ifadə etməklə kifayətlənməzdi, xalqı yeni məsuliyyətə səsləyərdi. Çünki onun yaradıcılığında Zəfər son nöqtə yox, yeni mərhələnin başlanğıcıdır. O bilirdi ki, torpaqları azad etmək nə qədər müqəddəsdirsə, həmin torpaqlarda milli ruhu, ana dilini, mənəvi dəyərləri və tarixi yaddaşı yaşatmaq da bir o qədər müqəddəs vəzifədir.
Bu gün görkəmli şairin yaradıcılığı universitetlərdə elmi araşdırmaların mövzusudur, pyesləri səhnələrdən düşmür. Amma Bəxtiyar Vahabzadənin ən böyük abidəsi nə kitabları, nə tamaşaya qoyulan əsərləri, nə də adına keçirilən yubiley tədbirləridir. Onun ən möhtəşəm abidəsi xalqın qəlbində yaşayan sözü, milli düşüncəyə bəxş etdiyi mənəvi güc və vətəndaşlıq məktəbidir. Bu mənəvi bağlılıq şairin aşağıdakı misralarında da öz əksini tapır:
Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üçrəngli bayrağımız.
Şairin yaradıcılığına nəzər saldıqca bir həqiqət daha aydın görünür: Bəxtiyar Vahabzadə öz dövrü üçün yazmırdı, o, gələcək nəsillərlə danışırdı. Elə buna görə də şairin əsərləri illər keçdikcə köhnəlmir, əksinə, zaman dəyişdikcə yeni məna qazanır. Çünki dəyişən dövrlər olsa da, insanın vicdanı, Vətən sevgisi, ana dilinə bağlılığı, milli ləyaqəti və mənəvi məsuliyyəti heç vaxt köhnəlmir. Məhz buna görə Bəxtiyar Vahabzadənin poeziyası ölməzdir. O, bizə yalnız keçmişi xatırlatmağı öyrətmir, həm də bu günü məsuliyyətlə yaşamağı, gələcəyi isə milli birlik, dövlətçilik düşüncəsi və mənəvi bütövlük üzərində qurmağı təlqin edir. Böyük sənətkarların missiyası da elə budur - onlar öz dövrlərinin hadisələrini yazmaqla gələcəyin mənəvi xəritəsini cızırlar. Belə sənətkarlar zamanı izləyən insanlar olmurlar, zamanın özünü formalaşdırırlar.
Bəxtiyar Vahabzadə də məhz belə şəxsiyyətlərdən idi. Onun qələmi ilə yazılan hər misra xalqın mənəvi yaddaşına həkk olunmuş düşüncə salnaməsidir. Elə buna görə də Bəxtiyar Vahabzadə təkcə XX əsr Azərbaycan poeziyasının böyük nümayəndəsi deyil, dünənin, bu günün və sabahın milli vicdanıdır.
Zaman dəyişir, nəsillər yenilənir, hadisələr tarixə çevrilir. Lakin xalqın mənəvi dayaqlarını yaşadan söz əbədiyyət qazanır. Bəxtiyar Vahabzadənin sözü də məhz belə sözlərdəndir. O, milli düşüncəmizdə, dövlətçilik təfəkkürümüzdə, ana dilimizə məhəbbətimizdə və Vətənə sədaqət hissimizdə yaşayır. Yaşadıqca da xalqımızın mənəvi yoluna işıq salır. Və bir daha sübut edir ki, zamanın vicdanı olmaq Bəxtiyarlıqdır.
Elşən QƏNİYEV,
"Azərbaycan"