D.Tramp Şimali Koreya lideri ilə yaxşı münasibətlərinin olduğunu etiraf edib
Prezident Donald Tramp ABŞ-nin Cənubi Koreya ilə hərbi təlimlərdə iştirakından narazı olduğunu bildirib və Pentaqonun başçısı Pit Heqsetə birgə manevrlərin miqyasını azaltmağı tapşırıb.
Şimali Koreyanı cilovlamağı hədəfləyən "Ulchi Freedom Shield" təlimləri bazar ertəsi başlayıb. Elə həmin gün D.Tramp özünün sosial səhifəsi "Truth Social"da yazıb: "Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı münasibətlərimi nəzərə alsaq, ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməyə çoxdan razılıq verməsindən narazıyam". O, həmçinin Seulun İranla müharibədə ABŞ-yə qoşulmaqdan imtina etməsindən təəssüfləndiyini bildirib: "Bu yaxınlarda Cənubi Koreya Prezidentindən İran İslam Respublikasının nüvəsizləşdirilməsində bizə qoşulub-qoşulmayacaqlarını soruşdum və onlar cavab verdilər: "Xeyr, təşəkkür edirik!".
D.Tramp növbəti 11 gün davam edəcək təlimləri ləğv etmək üçün çox gec olduğunu bildirib və buna görə müdafiə nazirinə onların miqyasını "əhəmiyyətli dərəcədə azaltmağı" əmr edib.
Cənubi Koreya tərəfindən 18 min əsgərin iştirak etdiyi 11 günlük təlimlər Pxenyanın təhdidlərinə qarşı hazırlığı artırmaq üçün nəzərdə tutulub. ABŞ ordusunun məlumatına görə, "Ulçi Azadlıq Qalxanı" təlimləri "alyansın regional sülh və təhlükəsizliyin əsas elementi kimi rolunu" gücləndirir və "ABŞ və Koreya Respublikasının öz ölkələrinin müdafiəsinə sarsılmaz sadiqliyini" bir daha təsdiqləyir. Bu təlimlər Cənubi Koreya və ABŞ hərbçilərinin hər il keçirdiyi iki böyük birgə manevrdən biridir.
Şimali Koreya 2019-cu ildə diplomatik səylər uğursuzluğa düçar olduqdan bəri nüvə və raket arsenallarını fəal şəkildə genişləndirir. Ekspertlər deyirlər ki, Kim Çen In daha böyük silah cəbbəxanasının ona gələcək danışıqlarda ABŞ-ni əlavə güzəştlərə məcbur etmək üçün daha böyük təsir göstərəcəyinə inanır.
Cümə günü Şimali Koreya ABŞ və Cənubi Koreyaya qarşı sərt tədbirlərlə hədələyərək onların hərbi təlimlərini regionda daha da qeyri-sabitliyə səbəb olan "təcavüzkar müharibənin məşqi" adlandırıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"