Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrlə məhdudlaşmır, bütöv bir xalqın taleyini və gələcək inkişaf yolunu müəyyənləşdirir. XX əsrin sonlarında xaos və tənəzzül təhlükəsi ilə üz-üzə qalan ölkəmizi bu ağır vəziyyətdən xilas edərək işıqlı sabahlara aparan dahi rəhbərin zəngin irsi bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Milli intibahın və sarsılmaz dövlətçilik ənənələrinin əsasını qoyan bu böyük şəxsiyyətin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır.
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur. Qədirbilən xalqımız hər il olduğu kimi, bu il də Ulu Öndərin doğum gününü böyük coşqu və sevinclə qarşılayır. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi uğurların böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi kimi ölkəmizi və xalqımızı tarixin ən ağır və mürəkkəb sınaqlarından uğurla çıxarıb. Azərbaycanın müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi, ölkəmizin davamlı iqtisadi inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməsi, beynəlxalq aləmdə nüfuzunun sürətlə artması məhz onun misilsiz xidmətləri sayəsində mümkün olub.
Ötən əsrin 60-cı illərinin sonlarından etibarən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə respublikamızın tarixində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Məhz həmin dövrdə Azərbaycanın gələcək müstəqilliyinə aparan yolun möhkəm siyasi, iqtisadi və milli təməlləri formalaşdırıldı. Totalitar sovet rejiminin hökm sürdüyü mürəkkəb bir dövrdə Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənlik və qətiyyət nümayiş etdirərək həyatın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlara başladı. Onun məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddət ərzində keçmiş SSRİ-nin geridə qalmış respublikalarından birindən inkişaf edən sənaye və aqrar mərkəzlərdən birinə çevrildi.
Sənaye və kənd təsərrüfatında sürətli yüksəliş müşahidə olundu, iqtisadiyyatın strukturunda mühüm dəyişikliklər həyata keçirildi, yeni və müasir sənaye sahələri yaradıldı. Elm, təhsil və mədəniyyət sahələrində qazanılan böyük nailiyyətlər isə milli intibahın və gələcək inkişafın möhkəm təməlini formalaşdırdı. Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışdığı illərdə də Ulu Öndər doğma vətənini heç vaxt unutmurdu. O, həmin vəzifələrin verdiyi imkanlardan Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı naminə məharətlə istifadə edir, xalqımızın rifahının yüksəldilməsi üçün böyük səylə çalışırdı. Naxçıvanda fəaliyyət göstərdiyi dövr isə onun dövlətçilik missiyasının daha bir mühüm mərhələsi kimi tarixə düşdü. Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində Naxçıvanın işğal təhlükəsinin qarşısı alındı, muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi dövrdə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması ilə bağlı qəbul edilən tarixi qərar dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dərin siyasi və iqtisadi böhrandan, xaos və anarxiyadan, dövlətçiliyin parçalanaraq məhv olmaq təhlükəsindən xilas etdi. Həmin mürəkkəb və taleyüklü dövrdə Ulu Öndərin nümayiş etdirdiyi qətiyyət, siyasi müdriklik və uzaqgörənlik müstəqil Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında həlledici rol oynadı. O, ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirərək dövlət quruculuğu istiqamətində mühüm və ardıcıl addımlar atdı, milli maraqlara əsaslanan güclü idarəçilik sisteminin formalaşdırılmasına nail oldu. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə start verildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası demokratik dəyərlərə əsaslanan dövlət idarəçiliyinin möhkəm hüquqi əsaslarını formalaşdırdı. Bunun nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında böyük dirçəliş baş verdi, xalqın gələcəyə olan inamı yenidən bərpa olundu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın davamlı tərəqqisinin, müasir və qüdrətli dövlətə çevrilməsinin möhkəm təməlini yaratdı, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə layiqli mövqe tutmasını təmin etdi.
Ulu Öndərin “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri onun milli kimliyə sonsuz bağlılığını, vətənpərvərlik mövqeyini və azərbaycançılıq ideologiyasına sədaqətini əks etdirən tarixi çağırış kimi yadda qalıb. Bu kəlam yalnız bir ifadə deyil, həmçinin milli birliyin, dövlətçilik düşüncəsinin və xalqına bağlı lider obrazının parlaq təcəssümüdür. Ulu Öndər bütün fəaliyyəti boyu milli-mənəvi dəyərlərin qorunmasını, Azərbaycan xalqının bir amal ətrafında birləşməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Hakimiyyətdə olduğu bütün dövrlərdə Ümummilli Lider elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib, yüksəkixtisaslı milli kadrların hazırlanmasını dövlətin strateji vəzifələrindən biri hesab edib. Təhsili xalqın gələcəyi müəyyən edən əsas amil kimi qiymətləndirən dahi rəhbər yaxşı anlayırdı ki, güclü dövlətin təməlində məhz savadlı və peşəkar insan kapitalı dayanır. Onun təşəbbüsü ilə Azərbaycanda təhsil sisteminin inkişafı istiqamətində mühüm addımlar atıldı, gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına geniş imkanlar yaradıldı. Məhz Heydər Əliyevin diqqət və himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il yüzlərlə azərbaycanlı gəncin İttifaqın qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsi respublikanın milli kadr potensialının formalaşmasına və gələcək inkişafına mühüm töhfə verdi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan onun ideyaları əsasında yeni zirvələr fəth edir. Dövlətimizin əldə etdiyi mühüm nailiyyətlər, beynəlxalq müstəvidə artan nüfuzu və milli birliyin daha da möhkəmlənməsi Heydər Əliyev siyasi irsinin nə qədər uzaqgörən və həyati əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması Ulu Öndərin ən böyük arzularından birinin reallaşması kimi tarixə həkk olunub. Xalqımızın birliyi, ordumuzun rəşadəti, eləcə də Prezident İlham Əliyevin cəsarəti, qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı.
2023-cü il sentyabrın 19-20-də 24 saatdan az müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olundu. Bununla da müqəddəs ata vəsiyyəti və xalqımızın onilliklər boyu yaşatdığı ən ülvi arzu şərəflə yerinə yetirildi. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanması Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsinin, milli həmrəyliyimizin və dövlətimizin qüdrətinin ən parlaq ifadəsidir.
Kamran BAYRAMOV
Milli Məclisin deputatı