14 Noyabr 2023 11:43
5429
Təhsil
A- A+

Ukraynanın orta məktəbində Azərbaycan dili fənni tədris olunmağa başlayıb

 

Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər əlaqələr daim inkişaf etməkdədir. Bu əlaqələrin bariz nümunələrindən biri də İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan xarici dillər üzrə ixtisaslaşmış “Linqvist” liseyidir. Bu məktəbi Azərbaycan və Ukrayna arasında “Dostluq körpüsü” də adlandırırlar. Azərbaycanı İrpenə bağlayan çox səbəblər var - akademik Zərifə Əliyevanın adını daşıyan küçə, park və məktəb. Bu səbəblərə daha biri əlavə olundu, Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyində Azərbaycan dili fənni tədris olunmağa başlayıb.

AZƏRTAC-ın xüsusi müxbiri bununla bağlı liseyə gələrək Azərbaycan dili fənninin tədrisinə dair reportaj hazırlayıb.

Liseyin direktoru Valentina Antonenko AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan dili fənninin tədris olunması təsadüfi deyil, çünki Azərbaycan dövləti məktəbə ikinci həyat verib.

“Mən azərbaycanlı dostlarımı salamlayıram və ilk növbədə bildirmək istəyirəm ki, məktəbimiz Azərbaycanın nüfuzlu dövlət və siyasi xadimi, Prezident İlham Əliyevin anası, Azərbaycan xalqının görkəmli qızı Zərifə Əliyevanın adını daşıdığına görə xoşbəxtəm. Mən şəhərimizin işğalı zamanı zərər çəkmiş təhsil ocağımıza ikinci doğum gününü bəxş etdiyi Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bir daha əmin oldum ki, əsl dost çətin gündə tanınar. Azərbaycan Prezidentinin etdiyi xeyirxahlığı sözlə ifadə etmək çətindir. Ancaq bir məsələni qeyd etmək istərdim ki, Prezident İlham Əliyev öz xalqına sədaqətlə xidmət edir, ölkəsində sülhün bərqərar olması üçün çalışır.

Bu ildən artıq məktəbimizdə Azərbaycan dilinin tədrisinə başlamışıq. Çünki artıq sadiq dostlarımızın dilini öyrənməyin vaxtı çatıb”, - deyə Valentina Antonenko vurğulayıb.

Azərbaycan dili fənni üzrə dərsi izləyən zaman ukraynalı şagirdlərin bu dili necə sevgi ilə öyrəndiyinin şahidi oldum. Azərbaycan dili fənni yeni tədris olunmasına baxmayaraq, doğma dilimizi öyrənmək istəyən ukraynalı şagirdlərin sayı artmaqdadır.

Lisey direktorunun beynəlxalq məsələlər üzrə müavini, soydaşımız Xəyyam Həqiqətoğlu isə AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukraynada orta məktəbdə ilk dəfə Azərbaycan dilinin məhz Zərifə xanım Əliyevanın adını daşıyan təhsil ocağında tədris olunması olduqca qürurvericidir. “Tədris proqramına görə, şagirdlər 3-cü sinifdən 11-ci sinfə qədər Azərbaycan dili fənnini mənimsəyəcəklər. Sevindirici haldır ki, Azərbaycan dili fənninə maraq var və müraciət edənlərin sayı artır. Fürsətdən istifadə edib, Azərbaycan dili fənninin tədris olunmasına dəstək verən Azərbaycanın Ukraynadakı səfirliyinə, SOCAR-ın Ukraynadakı nümayəndəliyinə təşəkkürümü bildirirəm”, - deyə direktor müavini əlavə edib.

Dostluq, əməkdaşlıq, anlaşma, bir-birinə dəstək sivilizasiyanı qorumaq üçün son dərəcə zəruridir. Bu əməkdaşlıq uşaqlar üçün də fayda gətirəcək. Uşaqların təhsilli olması üçün mümkün olan hər bir şərait yaradılmalıdır. Necə ki, Azərbaycan dövləti bu şəraiti İrpenin orta məktəbində yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video