Bu gün dünyada
həlli vacib məsələlərdən olan ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət
və qayğı ilə yanaşılır. Bu baxımdan innovativliyi ilə seçilən müasir təsərrüfat
subyektləri arasında aqroparklar xüsusi seçilir. Belə təsərrüfatlardan biri də Ucar
rayonunun Şilyan kəndi ərazisindədir. Ümumilikdə aqroparkın 2435 hektar torpaq sahəsi
var. Burada cari il üçün 1500 hektarda soya, arpa, buğda və qarğıdalı əkilib. Həmçinin
500 hektar sahə yonca əkininə saxlanılıb.
Aqroparkın
məsul işçisi Tahir Kərimov bildirdi ki, qarşıya qoyulan vacib məsələlərdən biri
də Damazlıq Camışçılıq Təsərrüfatının yaradılmasıdır. Tikinti işləri əsasən yekunlaşıb.
Hazırda son tamamlama işləri icra olunmaqdadır. 200 başlıq tövlə, sağım sexi, müayinə
otağı, doğum məntəqəsi təşkil olunub. Burada ehtiyat su mənbəyinin yaradılması üçün
nasosxana da var.
Ərazinin suya
olan tələbatı yüksək səviyyədə təmin olunub. İki mənbədən istifadə edilir. Su Baş
Şirvan kanalından - R-13 adlanan mənbədən daxil olur. Bundan başqa, Acınohur adlanan
sahə də aqroparkın ərazisinə düşür. Həmin ərazi təxminən 800 hektardır. Orada bitən qamış camışların sevdiyi yemdir. Onlar bu əraziyə
buraxılmaqla həm ayaqları açılır, həm də qidalanma imkanları yaranır. Camışların
yuyulması üçün əvvəldən ərazidə olan təbii gölün potensialından istifadə ediləcək.
Əlavə olaraq gigiyenanın tam gözlənilməsi üçün ayrıca yuyucu sexi də fəaliyyət göstərir.
Təsərrüfata
indiyədək Macarıstandan 125 baş camış gətirilib. Ümumilikdə isə ərazi 400 baş camış
üçün nəzərdə tutulub. Seçim zamanı macar sortlarına üstünlük verilməsinin səbəbini
açıqlayan Tahir Kərimov dedi:
- Ümumiyyətlə,
zamanında camışçılıq sovxozunda 5 il mühasib işləmişəm. Qardaşım da həmin sovxozda
20 il müxtəlif vəzifələrdə çalışıb. Bu sahə bizim üçün yad deyil. Təsərrüfata məhz
hansı camışların alınıb gətirilməsi məsələsində
məsuliyyət mənim üzərimə düşdü. Əvvəlcə İranda oldum. Lakin buradakı yerli
sortlar əsasən qarışıq olduğundan bizi təmin etmədi. İkinci müraciət etdiyimiz məkan
Macarıstan oldu. Bunun da başlıca səbəbi həmin ölkədə seçimini apardığımız camışların
saxlanılmasının iqtisadi baxımdan daha səmərəli olması idi. Alınan camışlardan
122-si bala verən, 3-ü erkəkdir. Artıq camışlardan 9-u bala verib. Balaların diri
çəkisi təxminən 30-40 kiloqram arasındadır.
Məhsuldarlığa
gəldikdə isə, camışların ilk iki balası götürüldükdən sonra onlardan gündəlik 10-12 litr süd alınır.
Bu camışlar
eyni zamanda "ağıllı” hesab olunur. Onlar bir dəfə sağım sexinə salındıqdan sonra
ikinci dəfə artıq özləri sakit şəkildə eyni vaxtda həmin yerə gəlirlər.
Müsahibimiz
deyir ki, camışın ən üstün cəhətlərindən biri də xəstəlik riskinin az olmasıdır.
Əsas rast gəlinən camışın boğazında müşahidə olunan xortdək xəstəliyidir. 6 aydan
bir tədbir görüldükdə bu hal da aradan qalxır. İkincisi isə dabaqdır. Ona qarşı
da zamanında peyvəndləmə aparıldıqda problem yaranmır.
Ucarın iqliminin
isti olması burada camışçılığın aktuallığını artırır. Çünki rayonda havalar çox
isti keçdiyindən cins inəklər daha tez qızdırır və onlar üçün yaşam riski yaranır.
Camışlarda isə əksinədir.
Müəssisənin
texniki təminatının normativ tələblərə uyğunlaşdırılmasına xüsusi diqqət ayrılır.
Təsərrüfata südün saxlanması, sonradan emalı və ya satışını təşkil etmək üçün 3
və 5 tonluq xüsusi termoslar alınıb. Sərinləşdirmə xüsusiyyətinə malik olan həmin termosların içərisindəki məhsulun keyfiyyətli
şəkildə qışda 1 ay, yayda isə 7-10 gün müddətinə saxlanılması mümkündür. Ümumiyyətlə,
burada işin kompleks şəkildə qurulması hədəf götürülür. Belə ki, yağ, qaymaq sexlərinin
qurulması da nəzərdə tutulur.
Ərazidə gedən
tikintidə 60-70 nəfərin məşğulluğu təmin olunub. Hazırda son tamamlama işlərində
20-25 nəfər çalışır. İşin həcmi artdıqca bu, şübhəsiz ki, işçilərin sayına da təsirini göstərəcək.
Əli SƏLİMOV,
"Azərbaycan”