Azərbaycanda idmanın inkişafı, sağlam və fiziki cəhətdən güclü gənc nəslin formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu sahədə yaradılmış müasir infrastruktur, idmançılara göstərilən dövlət qayğısı, ölkənin müxtəlif bölgələrini əhatə edən idman kompleksləri və beynəlxalq yarışların təşkili istiqamətində qazanılmış zəngin təcrübə Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. İdmançılarımızın mötəbər beynəlxalq yarışlarda qazandıqları uğurlar isə həyata keçirilən sistemli siyasətin real nəticələrini nümayiş etdirir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İSMAYILOV qəzetimizə açıqlamaısnda deyib ki, dövlət siyasətində idmanın şahı hesab edilən futbolun inkişafı da xüsusi yer tutur: “Ölkəmizdə uşaq və yeniyetmə futbolunun inkişaf etdirilməsi, yeni istedadların erkən yaşlardan üzə çıxarılması, onların müasir məşq şəraiti ilə təmin olunması və futbol infrastrukturunun yenilənməsi mühüm əhəmiyyət daşıyır. Xüsusi qeyd etmək istərdim ki, uşaq futboluna qoyulan sərmayə uzunmüddətli perspektivdə milli komandalar və klublar üçün daha geniş seçim imkanlarının yaradılmasına, ölkədə dayanıqlı futbol sisteminin formalaşdırılmasına yönəlmiş strateji yanaşmadır”.
Komitə sədri bildirib ki, beynəlxalq idman təşkilatları ilə uğurlu və etibarlı əməkdaşlıq əlaqələri quran Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa səviyyəli yarışlara uğurla evsahibliyi edir. Ölkəmizdə idmanın inkişafına töhfə verən bu yarışlar Azərbaycanın təşkilatçılıq imkanlarının, müasir infrastrukturunun və beynəlxalq idman ictimaiyyətində qazandığı etimadın göstəricisidir. “Bu xüsusda, tarixdə ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalının bizə həvalə olunmasını xüsusi qeyd etmək istərdim. Təbii ki, ev sahibi ölkə müəyyənləşdirilərkən Azərbaycanda bu sahəyə göstərilən dövlət qayğısının, idmanın inkişafı istiqamətində görülən işlərin və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübənin mühüm rol oynadığı şübhəsizdir. Prezident İlham Əliyevin 2026-cı il iyulun 27-də imzaladığı sərəncamla turnirin yüksək səviyyədə təşkili üçün müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Eyni zamanda FIFA-nın prezidenti Canni İnfantinonun sentyabrın 29-da Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi ölkəmizin idmanın inkişafına, bu beynəlxalq yarışın yüksək səviyyədə keçirilməsinə göstərdiyi diqqətin əyani göstəricisidir”, - deyə deputat əlavə edib.
Ş.İsmayılov xüsusi vurğulayıb ki, belə bir yarışın Azərbaycanda keçirilməsi uşaqlarımızın futbola marağını artıracaq, uşaq futbolunun inkişafına, idmanın daha geniş yayılmasına və yeni futbol nəslinin yetişdirilməsinə töhfə verəcək. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən minlərlə yeniyetmənin Azərbaycanda bir araya gəlməsi gənclər arasında idman vasitəsilə ünsiyyətin, qarşılıqlı anlaşmanın və dostluq əlaqələrinin genişlənməsinə də xidmət edəcək.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”