Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nəqliyyat nazirlərinin 2-ci toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu son 40 il ərzində dünyada nəqliyyat və infrastruktur sahələrində köklü islahatların aparıldığını, görülən bu işlərin ölkələr arasındakı münasibətləri strateji səviyyəyə yüksəltdiyini deyib.
Nazir bildirib ki, bu proses əməkdaş ölkələr arasındakı güvəni ifadə edir.
“Günümüzdə nəqliyyat sadəcə bir yerdəyişmə vasitəsi deyil, eyni zamanda, humanitar həmrəyliyin, böhranların idarəedilməsinin və regional inkişafın əsas təməllərindən biridir. Bu toplantı İƏT ölkələri arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və mövcud layihələrin qiymətləndirilməsi baxımından mühüm platformadır”, - deyə nazir vurğulayıb.
Tədbir iştirakçılarına videomesajla müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Məqsədimiz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə inteqrasiyanı gücləndirmək, sərhədlərarası dəhlizləri inkişaf etdirmək və ortaq layihələr vasitəsilə əlavə dəyər yaratmaqdır.”
Qeyd edək ki, İƏT ölkələrinin nəqliyyat nazirlərinin birinci toplantısı 1987-ci ildə İstanbulda keçirilib. Həmin toplantıda üzv dövlətlər nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi qərarına gəliblər. Builki toplantı çərçivəsində də üzv ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunur, ikitərəfli və heyətlər arasında görüşlər keçirilir.