Yaxın Şərqdə son dövrlərdə baş verən hadisələr, xüsusilə Hörmüz boğazı ətrafında artan gərginlik bir daha göstərir ki, qlobal enerji sistemi və beynəlxalq ticarət marşrutları ciddi risklər və qeyri-müəyyənliklərlə üz-üzədir. Bu reallıq fonunda enerji təhlükəsizliyinin təmin olunması, alternativ marşrutların inkişafı və logistika şəbəkələrinin şaxələndirilməsi artıq sadəcə iqtisadi seçim deyil, strateji zərurət kimi çıxış edir.
Məhz belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli və balanslı siyasət xüsusi diqqət çəkir. Ölkə bir tərəfdən etibarlı enerji təchizatçısı kimi çıxış edərək Avropanın və digər regionların enerji təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə tranzit və logistika imkanlarını genişləndirərək qlobal tədarük zəncirlərinin vacib halqasına çevrilir. Xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində reallaşdırılan layihələr Azərbaycanın rolunu daha da gücləndirərək onu yalnız enerji ixracatçısı deyil, həm də regional əməkdaşlıq və inteqrasiyanı təşviq edən əsas aktorlardan birinə çevirir. Bu baxımdan, Azərbaycanın yürütdüyü siyasət və irəli sürdüyü təşəbbüslər regionda uzunmüddətli təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşması üçün real zəmin yaradır.
Bununla bağlı AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Cem Küçük bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra dünya iqtisadiyyatı ciddi şəkildə mənfi təsirlərə məruz qalıb. Bu proses təkcə Orta Şərqlə məhdudlaşmayıb, Avropa, Amerika və Asiya da daxil olmaqla qlobal miqyasda ciddi iqtisadi çətinliklər yaradıb.
Siyasi şərhçi qeyd edib ki, Hörmüz boğazının bağlanması enerji daşımalarında ciddi problemlərə səbəb olub. “Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi ölkələr neft və təbii qazlarını bu marşrut vasitəsilə dünya bazarına çıxara bilməyiblər. Bu isə həm istehsalçı ölkələr, həm də enerji idxal edən dövlətlər üçün ciddi çətinliklər yaradıb və nəticədə inflyasiya və iqtisadi problemlər şəklində özünü göstərir”, - deyə o vurğulayıb.
C.Küçük bildirib ki, vəziyyətin sabitləşməsi baş versə belə, iqtisadiyyatın tam bərpası üçün ən azı 6 aydan 1 ilə qədər vaxt tələb olunur. Bu şəraitdə Azərbaycanın həyata keçirdiyi siyasət xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bəzi təxribat xarakterli cəhdlərə baxmayaraq, son dərəcə rasional və ölçülüb-biçilmiş siyasət yürüdüb, münaqişəyə qoşulmayıb və regionda daim sülh və sabitliyə çağırış edib.
Türk ekspert vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində də ön plana çıxır: “Ölkə həm böyük enerji istehsalçısıdır, həm də yerləşdiyi coğrafi mövqeyə görə enerjinin dünya bazarlarına çatdırılmasında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan Körfəz ölkələri, İran, Avropa, ABŞ və Rusiya ilə dialoq qura bilən nadir dövlətlərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və sülhyönümlü siyasət Azərbaycanı sabit və etibarlı ölkə kimi möhkəmləndirib. Azərbaycanın həyata keçirdiyi təşəbbüslər, rasional siyasəti və Türkiyə ilə birlikdə bu kursu davam etdirməsi regionda uzunmüddətli təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır”.
C.Küçükün sözlərinə görə, Orta Şərqdə yaranan problemlər fonunda Cənubi Qafqazın gələcəkdə sabit inkişaf xəttinə daxil olmasında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır: “Zəngəzur dəhlizi və Azərbaycanın enerji nəqli sahəsində tutduğu mövqe ölkəni strateji baxımdan daha da önə çıxarır. Azərbaycan hər zaman sülh və əməkdaşlıq tərəfdarı olub və özünə qarşı hər hansı təhlükə olmadığı müddətdə rasional siyasət yürüdür, eyni zamanda, zərurət yarandıqda beynəlxalq hüquq çərçivəsində adekvat addımlar atır. Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan sabit ölkə kimi seçilir və uzun illərdir davamlı iqtisadi inkişaf nümayiş etdirir. Bununla yanaşı, ölkə ənənəvi enerji mənbələrindən asılılığın azaldılması istiqamətində addımlar atır və dünyanın aparıcı şirkətləri ilə enerji təhlükəsizliyi və dayanıqlı təchizat sahəsində əməkdaşlıq edir. Azərbaycanın sosial-iqtisadi inkişafı təkcə ölkə daxilində deyil, bütövlükdə regionda – Cənubi Qafqazda, Türkiyədə və ətraf ölkələrdə də müsbət təsir göstərir. Ətraf regionlarda – Suriya, İraq, İran və Körfəz ölkələrində baş verən gərginliklər fonunda Azərbaycan Türkiyə ilə birlikdə sabitlik nümunəsi kimi çıxış edir və bu baxımdan onu sözün əsl mənasında sabitlik adası kimi qiymətləndirmək olar”, – deyə o bildirib.