"AZCON Holding" şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Kürdəmir dəmir yolu stansiyasına təşkil olunan mediaturda ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu çərçivədə aprelin 18-dən etibarən Kürdəmir stansiyası yenidən sərnişinlərin istifadəsinə veriləcək.
"Bundan sonra Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günlərində hərəkət edən Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq. Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara uyğun ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətinə verilib. Stansiyanın qarşısında şəxsi avtomobillər üçün parkinq sahəsi də yaradılıb. Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11,1 manat təşkil edir”, - deyə o bildirib.
ADY rəsmisi əlavə edib ki, qatarlar 203 kilometrlik məsafəni 2 saat 11 dəqiqəyə qət edəcək.
"Kürdəmir stansiyasının istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonları üzrə ümumilikdə 300 mindən çox əhalinin nəqliyyat imkanlarını genişləndirəcək, həm paytaxta, həm də ölkənin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir və rahat qatarlarla daha sürətli, təhlükəsiz və sərfəli səyahət imkanı yaradacaq. ADY ölkənin bütün regionları üzrə sərnişinlər üçün əlçatanlığı artırmaq və xidmət şəbəkəsini genişləndirmək məqsədilə pandemiyadan əvvəl mövcud olmuş marşrutları və stansiyaları mərhələli şəkildə bərpa edir. Son illərdə həyata keçirilən tədbirlər çərçivəsində 2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutunun Ağstafaya qədər uzadılması, Qəbələyə sürətli qatarlarla sərnişindaşımanın təşkili, 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı–Ağstafa–Bakı reyslərinin artırılması, Ləki və Ucar stansiyalarına dayanacaqların əlavə edilməsi, bir sıra stansiyalarda və rayonlararası istiqamətlərdə pulsuz “Wi-Fi” xidmətinin istifadəyə verilməsi, 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı, iyunda Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutlarının bərpası, ilk dəfə regiondaxili marşrutların istifadəyə verilməsi və nəticə etibarilə 2025-ci ildə 10 milyondan çox sərnişinin daşınması ADY-nin sərnişindaşıma sahəsində davamlı inkişafına və xidmət keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verdiyini göstərir", - deyə o vurğulayıb.
Qeyd edək ki, pandemiyadan əvvəl bu məsafə 3 saat 11 dəqiqəyə qət olunurdu. Bilet satışı 17 apreldən ADY-nin rəsmi internet səhifəsi (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.