Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam gücü ilə fəaliyyətə başlaması regionun beynəlxalq ticarət baxımından cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır. Bu layihə iqtisadi, siyasi və mədəni ölçüləri ilə qlobal və regional nəqliyyat şəbəkəsinin mühüm elementlərindən birinə çevrilib.
Bunu AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Emre Diner bildirib.
O hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti yalnız nəqliyyat marşrutu kimi qiymətləndirilməməlidir. 2017-ci il oktyabrın 30-da istismara verilən və iştirakçı ölkələr arasında iqtisadi, siyasi və mədəni əməkdaşlığa mühüm töhfə verən bu layihə regional çərçivələri aşaraq qlobal miqyasda strateji əhəmiyyət daşıyır. BTQ xətti 1990-cı illərdən sonra müstəqillik qazanan türk dövlətlərinin zəngin təbii resursları, iqtisadi potensialı və geniş istehlak bazarı ilə bağlı formalaşdırılan “Yeni İpək Yolu” konsepsiyasının mühüm hissələrindən biri hesab edilməlidir. Bu səbəbdən Avropa İttifaqı ölkələri, ABŞ, Rusiya və Çin kimi beynəlxalq siyasətə və iqtisadiyyata təsir göstərən əsas aktorlar layihə çərçivəsində baş verən prosesləri diqqətlə izləyir və öz siyasətlərini buna uyğun formalaşdırırlar. Bununla yanaşı, qlobal güclər bu marşrutda iştirak etsələr belə, region ölkələrinin, xüsusilə tranzit ölkələrin ciddi iqtisadi dividendlər əldə edəcəyi də reallıqdır.
Türk siyasi şərhçi vurğulayıb ki, BTQ xətti iqtisadi faydalarla yanaşı, marşrut üzərində yerləşən dövlətlərin siyasi təsir imkanlarını da artıracaq. Xüsusilə bu layihə Azərbaycana mühüm üstünlüklər qazandırır. Gürcüstan və Azərbaycan üzərində ABŞ və Rusiya kimi böyük güclərin təsir imkanlarının müəyyən qədər azalması mümkündür. Azərbaycan və Gürcüstan daha müstəqil xarici siyasət həyata keçirmək üçün əlavə imkanlar əldə edə bilərlər. Layihə Türkiyə üçün də geosiyasi, geostrateji və geoiqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Türkiyənin Azərbaycan və Gürcüstanla əməkdaşlıq çərçivəsində Xəzər hövzəsində və Cənubi Qafqazda təsir imkanlarını daha da artıracağı gözlənilir. BTQ xətti sayəsində Türkiyə yenidən formalaşan geosiyasi və geostrateji mühitdə regional və qlobal nüfuzunu daha da gücləndirəcək.
“Gələcəkdə Ermənistanla Azərbaycan arasında tam normallaşma prosesinin başa çatması BTQ xəttinin potensialını daha da artıracaq və layihədən əldə edilən faydaları genişləndirəcək. Bu marşrut vasitəsilə ölkələr yeni bazarlara çıxış əldə edəcəklər. Uzunmüddətli perspektivdə həm Azərbaycan, həm də Türkiyə üçün mühüm iqtisadi imkanlar yaranacaq. Türkiyə sərnişin və yükdaşımalarında Mərkəzi Asiya bazarlarına daha sürətli, təhlükəsiz və sərfəli çıxış əldə edəcək. Türkiyə tranzit daşımalar sahəsində mövqeyini gücləndirmək məqsədilə logistika mərkəzlərinin yaradılmasını da davam etdirir. Bu mərkəzlərdən ikisinin BTQ xəttinin keçdiyi Qars və onun yaxınlığında yerləşən Ərzurum bölgəsində yaradılması planlaşdırılır. Logistika mərkəzlərinin tam fəaliyyətə başlaması, yol təhlükəsizliyinin təmin olunması, gömrük prosedurlarının təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və texnoloji problemlərin aradan qaldırılması əsas hədəflər sırasındadır. Beləliklə, Türkiyə turizm sektoru ilə yanaşı, logistika sahəsində də iqtisadiyyatına ciddi töhfə vermiş olacaq”, - deyə ekspert qeyd edib.
Onun fikrincə, Yeni İpək Yolu layihəsi Azərbaycan və Türkiyə üçün yalnız iqtisadi deyil, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. “Türk mədəniyyət coğrafiyasını birləşdirən bu dəmir yolu xətti Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyasında birlik və həmrəylik anlayışının güclənməsinə mühüm töhfə verəcək. Ticarətdə türk dilindən istifadənin genişləndirilməsi, nəqliyyat, mədəniyyət və investisiya layihələrinin sürətləndirilməsi bu prosesə əlavə üstünlüklər qazandıra bilər. BTQ xətti Azərbaycan və Mərkəzi Asiya ölkələrinin neftdənkənar sektorlarının inkişafına da müsbət təsir göstərəcək. Bu layihə yeni logistika mərkəzlərinin yaradılmasına imkan verəcək. Həm Azərbaycan, həm də Türkiyə regional logistika habına çevrilərək iqtisadi və siyasi mövqelərini daha da gücləndirəcəklər”, – deyə Emre Diner əlavə edib.
Ekspert sonda bir daha vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti yalnız iqtisadi layihə deyil, eyni zamanda, siyasi və mədəni ölçüləri ilə qlobal və regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür.