Son illərdə qlobal geosiyasi proseslərin sürətlənməsi, beynəlxalq ticarət marşrutları ətrafında artan rəqabət və təchizat zəncirlərində yaranan risklər Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırıb.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Mehmet Seven deyib.
Onun sözlərinə görə, Asiya ilə Avropa arasında daha qısa, təhlükəsiz və dayanıqlı nəqliyyat əlaqələri yaradan bu marşrut artıq təkcə iqtisadi layihə deyil, həm də regional təhlükəsizliyin, siyasi dialoqun və beynəlxalq əməkdaşlığın mühüm elementinə çevrilib: “Mövcud geosiyasi şəraitdə dünya ticarətinin davamlılığı alternativ və etibarlı nəqliyyat marşrutlarının inkişafından birbaşa asılıdır. Ənənəvi daşınma yollarında yaranan siyasi və hərbi risklər, eləcə də logistika sahəsində baş verən fasilələr dövlətləri yeni və təhlükəsiz marşrutlara üstünlük verməyə sövq edir. Bu baxımdan Orta Dəhliz Şərqlə Qərbi birləşdirən ən perspektivli nəqliyyat-kommunikasiya xəttinə çevrilərək Avrasiya məkanında strateji mövqeyini daha da möhkəmləndirib”.
Ekspert qeyd edib ki, Orta Dəhlizin təhlükəsizliyinin təmin olunması yalnız tranzit ölkələrinin deyil, həm də Avropa və Asiyanın aparıcı iqtisadiyyatlarının maraqlarına cavab verir. Çünki bu marşrut yüklərin daha qısa müddətdə, daha aşağı logistika xərcləri ilə və daha təhlükəsiz şəkildə daşınmasına imkan yaradır. Bu isə beynəlxalq ticarətin genişlənməsinə, investisiyaların artmasına və iqtisadi əlaqələrin şaxələndirilməsinə şərait yaradır.
Mehmet Seven vurğulayıb ki, Azərbaycanın bu prosesdə oynadığı rol xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, ölkə Orta Dəhlizin əsas iştirakçılarından biri kimi nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Müasir limanlar, dəmir yolu xətləri, avtomobil magistralları və logistika mərkəzləri Azərbaycanın Avrasiyanın mühüm tranzit qovşaqlarından birinə çevrilməsinə imkan yaradıb.
“Azərbaycan Orta Dəhlizin təhlükəsizliyinin təmin olunması məqsədilə region dövlətləri və qlobal güclər arasında həssas diplomatik tarazlığı qorumağa çalışır. Rəsmi Bakı Türkiyə ilə strateji müttəfiqlik münasibətlərini daha da inkişaf etdirməklə yanaşı, Avropa İttifaqı, ABŞ, Rusiya, İran və Ermənistanla münasibətlərdə də dialoqun davam etdirilməsinə, sabitliyin möhkəmləndirilməsinə və qarşılıqlı etimadın artırılmasına töhfə verir. Bu, maraqların toqquşduğu mürəkkəb geosiyasi mühitdə balanslaşdırılmış və praqmatik xarici siyasətin uğurlu nümunəsidir”, – deyə siyasi ekspert bildirib.
Onun fikrincə, Azərbaycanın həyata keçirdiyi çoxvektorlu diplomatiya Orta Dəhlizin uzunmüddətli fəaliyyətinin və təhlükəsizliyinin əsas şərtlərindən biridir: “Regionda etimad mühitinin qorunması, qarşılıqlı iqtisadi asılılığın artırılması və əməkdaşlıq platformalarının genişləndirilməsi beynəlxalq yükdaşımaların fasiləsiz həyata keçirilməsinə mühüm zəmin yaradır”.
Mehmet Seven bildirib ki, Türkiyə və Azərbaycanın koordinasiyalı fəaliyyəti Orta Dəhlizin inkişafında xüsusi rol oynayır. İki ölkə nəqliyyat, logistika, enerji, gömrük, rəqəmsal ticarət və infrastruktur sahələrində həyata keçirdikləri birgə layihələrlə bu marşrutun rəqabət qabiliyyətini artırır.
Ekspertin sözlərinə görə, Bakı ilə Ankaranın strateji əməkdaşlığı Türk dünyasının iqtisadi inteqrasiyasını dərinləşdirməklə yanaşı, Avropa ilə Asiya arasında yeni iqtisadi körpünün formalaşmasına da mühüm töhfə verir: “Avropa ölkələrinin enerji və nəqliyyat marşrutlarını şaxələndirmək istiqamətində atdıqları addımlar Orta Dəhlizə marağı daha da artırır. Bu marşrut həm enerji resurslarının, həm də qeyri-enerji yüklərinin təhlükəsiz və fasiləsiz daşınmasına xidmət etməklə beynəlxalq iqtisadi sabitliyin möhkəmlənməsinə töhfə verir. Yaxın illərdə Orta Dəhliz boyunca rəqəmsal logistika sistemlərinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi və yeni nəqliyyat layihələrinin reallaşdırılması marşrutun səmərəliliyini daha da yüksəldəcək. Bu isə Avrasiyada ticarət dövriyyəsinin artmasına, yeni investisiyaların cəlb olunmasına və region ölkələri arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq”.
Siyasi ekspert bildirib ki, Orta Dəhliz artıq yalnız yükdaşımaları həyata keçirən nəqliyyat marşrutu deyil, həm də geosiyasi sabitliyi, iqtisadi inkişafı və beynəlxalq tərəfdaşlığı təşviq edən strateji platformadır: “Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, Türkiyə ilə strateji müttəfiqliyi və digər regional və qlobal aktorlarla dialoqa əsaslanan yanaşması Orta Dəhlizin təhlükəsizliyinin və dayanıqlı inkişafının ən mühüm təminatlarından biridir. Bu amillər gələcəkdə də marşrutun beynəlxalq əhəmiyyətini daha da artıracaq”.