“Azərbaycan xalqının ana dili onun
milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ulu Öndər Heydər Əliyev hər
zaman ana dilinə böyük ehtiramla yanaşıb. Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana
rəhbərlik etdiyi illərdə ana dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin
inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni
mövqeyinin yüksəlməsinə nail olunub”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev
deyib.
Deputat
bildirib ki, məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində sovet dövründə Azərbaycan
dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Belə ki, Heydər Əliyevin cəsarəti
və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-in konstitusiyasında
ilk dəfə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsi də Ulu Öndərin adı ilə bağlıdır. Müstəqillik
dövründə Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra Azərbaycan dilinin inkişafında yeni mərhələ başlandı. Belə
ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan
Respublikasının ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit
olundu. Bütün bunların həyata keçirilməsində böyük öndərimiz Heydər Əliyevin
apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Ulu Öndər Heydər
Əliyevin müvafiq Fərmanı ilə 1 avqust tarixi ölkəmizdə “Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur. Böyük öndərimiz doğma
dilimiz haqqında çox müdrik kəlamlar səsləndirib. Bu kəlamlardan birini
xatırlayaq: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə
malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Millət vəkilinin sözlərinə görə, müstəqillik illərində
Heydər Əliyevin qayğısı nəticəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan
qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Bu
gün dilimizin özünəməxsus kamil qrammatik quruluşu, zəngin fondu, geniş ifadə
imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Ümummilli Lider Heydər
Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının
dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu
almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit
zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş
haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün
hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında
inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş
imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”. 2003-cü il
yanvarın 2-də isə Ulu Öndərin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət
dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.
“Bütün bunlar Ulu Öndərimizin ana dilimizə olan yüksək
ehtiramının ifadəsidir. Bütövlükdə, Azərbaycan dilinin qorunması bu gün də dövlətimizin
siyasətində mühüm yer tutur”- deyə, Samir Vəliyev vurğulayıb.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”