Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri insanların rifahının yüksəldilməsi, əməkhaqlarının və sosial təminatlarının yaxşılaşdırılmasıdır. Son illərdə bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır. Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qəbul edilən son qərar da dövlətin sosial siyasətinin mühüm tərkib hissəsi olmaqla yanaşı, səhiyyə sistemində insan kapitalının gücləndirilməsinə verilən yüksək önəmin göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.
O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilməsi və müvafiq fərmanın imzalanması dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir.
"Bu gün Azərbaycanın bütün bölgələrində müasir xəstəxanalar və tibb müəssisələri fəaliyyət göstərir. Onlar ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Dövlət səhiyyə infrastrukturunun yenilənməsinə böyük investisiyalar yatırır. Lakin səhiyyənin inkişafı yalnız müasir binaların tikilməsi və yüksək texnologiyalı avadanlıqların alınması ilə təmin edilə bilməz. Bu imkanlardan səmərəli istifadə etmək üçün ən vacib amil peşəkar və motivasiyalı tibb mütəxəssislərinin mövcudluğudur.
Məhz bu səbəbdən tibb işçilərinin əməkhaqlarının artırılması həm də səhiyyə infrastrukturuna yatırılan investisiyaların səmərəliliyinin yüksəldilməsinə xidmət edir.
Qərara əsasən, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu məqsədlə TƏBİB sistemi üzrə əməkhaqqı fonduna 189 milyon manat vəsait ayrılıb. Əməkhaqlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensial qaydada artırılması isə qərarın digər mühüm xüsusiyyətidir.
Bu yanaşma tamamilə məntiqlidir. Çünki tibb sahəsində bütün vəzifələrin məsuliyyəti və iş yükü eyni deyil. Xüsusi ixtisas, daha böyük məsuliyyət və yüksək peşəkarlıq tələb edən sahələrdə çalışan mütəxəssislərin əməyinin buna uyğun qiymətləndirilməsi həm ədalətli yanaşmadır, həm də işə marağı artıran mühüm stimuldur.
Xüsusilə regionlarda çatışmayan ixtisaslar üzrə vəzifə maaşına 1,3 əmsalın tətbiq edilməsi mühüm addımdır. Bu mexanizm yüksəkixtisaslı həkimlərin və digər tibb mütəxəssislərinin regionlarda işləməyə marağının artırılmasına ciddi stimul verə bilər. Çünki bölgələrdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ilk növbədə həmin ərazilərdə zəruri ixtisaslara malik kadrların olması vacibdir",- deyə A. Badamov vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycanın səhiyyə sistemində qarşıda duran əsas məsələlərdən biri də məhz insan kapitalının gücləndirilməsidir. Müasir tibb sürətlə inkişaf edir, yeni texnologiyalar, diaqnostika və müalicə üsulları daim yenilənir. Belə bir şəraitdə səhiyyə sisteminin rəqabət qabiliyyətini qorumaq üçün yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi və onların ölkədə fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır.