14 Sentyabr 2023 11:10
2174
CƏMİYYƏT
A- A+
Tələbələrin yataqxana çarəsizliyi

Tələbələrin yataqxana çarəsizliyi

Bu tədris ilində də tələbələr bahalı kirayə evlərin ümidinə qaldılar

 

Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakı şəhərində, özü də mərkəzdə cəmləşməsi səbəbindən illərdir rayonlardan paytaxta axışan on minlərlə tələbə burada qalmaq üçün yer tapmaqda böyük çətinliklərlə üzləşir və bu tədris ili də istisna deyil. Rəsmi məlumata əsasən, hazırda dövlət ali təhsil müəssisələrinin tələbə yataqxanalarının ümumi tutumu cəmi 3859 nəfər təşkil edir, təhsilalanların sayı isə bundan qat-qat çoxdur. 
Buna görə də əlləri yataqxanalardan üzülən tələbələr məcburən üz tuturlar kirayə mənzil bazarlarına. Sözügedən bazarlar isə yeni tədris ilinin başlaması ilə düz mütənasib olaraq, deyim yerindədirsə, hər il od tutub yanır. 


Böyük xərc, əlavə problemlər

Elə bu il də Bakı şəhərində tələbələr üçün təklif edilən kirayə evlərin qiyməti xeyli bahadır. Bu tip ev elanlarına nəzər saldıqda məlum olur ki, hazırda paytaxtda mərkəzə, metrolara yaxın ərazilərdə mənzillər minimum 700 manata təklif edilir və otaq sayına, şəraitinə görə qiymətlər hətta 3 min manatadək qalxır. Bu evlərdə tələbələrin adambaşına ödədiyi qiymətlər isə 150 manatdan başlayır. 
Tələbələrə nisbətən ucuz - 150, 200, 300 manata olan evlər də təklif edilir ki, bunlar da mərkəzə uzaq və çox şəraitsizdirlər. 
Araşdırma zamanı bir nüans da diqqətimizi çəkdi ki, qız tələbələrə təklif olunan kirayə mənzillər üstünlük təşkil edir və bu da oğlan tələbələrin həm də kirayə ev tapmaqda çətinliklərlə üzləşdiklərini göstərir. 
Göründüyü kimi, rayonlardan dövlət ali məktəblərinə qəbul olan tələbələrin Bakı şəhərində qalıb universitetlərdə təhsil almaları böyük xərcə, əlavə problemlərə gətirib çıxarır. 
O da danılmaz həqiqətdir ki, tələbənin yaşadığı şərait, onun gündəlik üzləşdiyi problemlər birbaşa təhsilin səviyyəsinə təsir göstərir. 

 

BDU-nun "Tələbə evi"  220 nəfərlikdir

Bəs görəsən, ali təhsil müəssisələrimiz hazırda tələbələrini yataqxana ilə hansı səviyyədə təmin edə bilirlər? 
Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva məlumat verdi ki, universitetin "Tələbə evi" 220 nəfərlikdir. Hər bir şəraiti, camaşırxanası, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və sair olan yataqxana universitetə 5-10 dəqiqəlik məsafədə yerləşir. Ödənişi bir nəfər üçün 75 manat olan yataqxanaya, əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları qəbul edilir. 
K.Quliyeva qeyd etdi ki, BDU-da yeni yataqxananın inşası istiqamətində də işlər davam edir. Yeni yataqxanada təxminən 2500-3000 tələbə yaşaya biləcək.

 

AZMİU-nun yalnız bir yataqxana  korpusu fəaliyyət göstərir  

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) ölkəmizdə ən böyük tələbə yataqxanasına sahib olan ali təhsil müəssisələrindən biri olduğunu bildirən  universitetin mətbuat katibi Nicat Abdullayev söylədi ki, tələbə yataqxanasının 5 korpusdan ibarət böyük kompleksi var. Lakin Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkünlər yataqxananın korpuslarında yerləşdiyi üçün tələbələr bu kompleksin bütün imkanlarından yararlana bilmirlər. Hazırda məcburi köçkünlər korpusların bir qismini tərk etsələr də, həmin yerlər istismara yararlı deyillər. 
N.Abdullayev söyləyir ki, yataqxananın yalnız bir korpusunu AZMİU öz hesabına yüksək keyfiyyətlə təmir edərək tələbələrin ixtiyarına verib. Burada yerli və xarici tələbələrdən ibarət 450-yə yaxın həm oğlan, həm də qız qalır. 
Yüksək səviyyədə şəraiti olan yataqxanada 24 saat mühafizə xidməti mövcuddur. Həmçinin fasiləsiz internetlə, yeməkxana, qazanxana, zəruri mebel əşyaları ilə təchiz olunub. 
Universitetin yataqxanasında bir nəfər tələbə üçün aylıq ödənişin miqdarı 50 manatdır və bu məbləğ yataqxananın maddi-texniki bazasının saxlanmasına yönəldilir. Lakin şəhid ailəsindən olan, valideynini itirmiş, ümumiyyətlə, dövlətin sosial həssas qrup hesab etdiyi tələbələr yataqxanada ödənişsiz  qalırlar.  
Mətbuat katibinin dediyinə görə, AZMİU artıq məcburi köçkünlərin tərk etdiyi yataqxana binalarının təmirini həyata keçirməyi düşünür. Bunun üçün universitet Elm və Təhsil Nazirliyi ilə birlikdə maliyyə qaynaqları axtarışındadır: "Ümidvaram ki, yaxın müddətdə bu maliyyə qaynağı tapılacaq və yataqxana kompleksi əsaslı təmir olunub tələbələrin ixtiyarına veriləcəkdir. Bu universitet rəhbərliyi üçün ən prioritet məsələlərindən biridir". 

 

Bakı şəhərində ADPU-nun  5 yataqxanası olsa da... 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov söylədi ki, bütün filialları və kollecləri ilə birlikdə universitetin təqribən 18 min tələbəsi var. Əslində, ADPU-nun Bakı şəhərində 5 yataqxanasının olduğunu, lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsinin məskunlaşdığını deyən mətbuat katibi bu ali təhsil müəssisəsinin yalnız 5 nömrəli yataqxanasının universitetdə təhsil alan qız tələbələrə xidmət göstərdiyini vurğuladı.
217 nəfər yerləşə bilən yataqxana tam təmirlidir və yaşayış üçün lazım olan bütün zəruri avadanlıqlarla, o cümlədən kommunal və internet xidməti ilə təmin edilir. 
Seçimdə sosial həssas qrupdan olan xanım tələbələr nəzərə alınır. Yataqxanaya müraciət etmək istəyən tələbələr rektorun adına ərizə ilə müraciət etməlidirlər. 
Qeyd edək ki, yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. 

 

ADU-nun yataqxanası yalnız qız tələbələr üçündür

Azərbaycan Dillər Universitetinin (ADU) Mətbut xidmətinin rəhbəri Cavid Zeynallının məlumatına əsasən, universitetin 200 yerlik yataqxanası var və burada qızlar qalır. Adıçəkilən universitetin yataqxanasının bir hissəsində isə məcburi köçkünlər yaşayırlar. 
Qızlar qalan yataqxana orta təmirli olsa da, hər cür şəraitə malikdir. Ödəniş isə ADU tələbələri üçün 30, digər universitetlərin tələbələri üçün 50 manat məbləğindədir. 

 

SDU-nun "Tələbə evi"ndə 265 çarpayılıq 87 otaq var   

Mövzu ilə əlaqədar suallarımızı cavablandıran Sumqayıt Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirdi ki, SDU-nun "Tələbə evi" 5 mərtəbəli olmaqla 87 otaqdan və 265 çarpayıdan ibarətdir. Hər mərtəbədə 2 duş otağı, 2 mətbəx və məişət istirahət otaqları mövcuddur. Yataqxananın 1-ci mərtəbəsində kitabxana, yeməkxana, tibb, camaşırxana otaqları yerləşir. 
"Tələbə evi"nin 2-ci və 3-cü mərtəbələri oğlan tələbələr üçün nəzərdə tutulub. Onlar üçün 40 otaq və 124 çarpayı ayrılıb. Binanın 4 və 5-ci mərtəbələri qız tələbələr üçün nəzərdə tutulub ki, burada həmçinin onlar üçün də 40 otaq və 124 çarpayı mövcuddur.
SDU-nun yeni təmirdən çıxan yataqxanasında bir tələbənin aylıq ödənişi 50 manatdır. 

 

Xroniki problemə çevrilən yataqxana məsələsi 

Göründüyü kimi, hazırda dövlət ali təhsil müəssisələrimiz tələbələrini tam şəkildə yataqxana ilə təmin edə bilmirlər. 
Bəs, Elm və Təhsil Nazirliyi bu problemin aradan qaldırılması istiqamətində konkret olaraq hansı işlər həyata keçirir? 
 "Azərbaycan" qəzetinin tələbə yataqxanaları ilə bağlı sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib ki, qurumun nəzdində olan ali təhsil müəssisələrinin tabeçiliyində 48 yataqxana binası var. Bunlardan 3859 nəfərlik tutumu olan 15 təmirli bina fəaliyyət göstərir. Əlavə olaraq 11 təmirsiz yataqxana binası da mövcuddur. 
Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür. Həmin yataqxanaların "Böyük qayıdış" proqramı çərçivəsində zamanla yenidən fəaliyyətə başlaması nəzərdə tutulur.
Qurumdan o da bildirilib ki, hazırda Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində 1000 nəfərlik tələbə yataqxanası inşa olunur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə 400 nəfərlik tələbə yataqxanasının inşası üzrə ilkin olaraq müzakirələr başlanılıb. 
Eyni zamanda nazirlik tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə 2000 nəfərlik tutumu olan tələbə yataqxanasının layihələndirilməsi və tikintisi üçün dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə investisiya cəlbi planlaşdırılır.
Prezidentin müvafiq tapşırığının icrasının təmin edilməsi məqsədilə Mingəçevir Dövlət Universitetinin kampusunun tikintisi nəzərdə tutulub. Mingəçevir Dövlət Universitetinin kampusunun (1-ci mərhələsinin) 2023-cü ilin yanvar ayından tikintisinə başlanılıb, hazırda mobilizasiya işləri yekunlaşıb və ərazinin hasarlanması tamamlanıb. Həmçinin daxildə olan 3 korpusdan 2-nin bünövrə və torpaq işlərinə başlanılıb. Tikinti işlərinin 2024-cü ildə yekunlaşdırılması planlaşdırılır.
Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib ki, ali təhsil müəssisələrində yataqxana məsələsi bizim üçün xroniki problemlərdən biridir. Hazırda ali təhsil müəssisələrində 4 minə yaxın yataqxana yeri var. "Bir və ya iki yataqxananın təmiri və ya tikintisi nəzərdə tutula bilər" söyləyən  E.Əmrullayev yataqxanaların əksəriyyətində məcburi köçkünlərin qaldığını, Böyük qayıdış prosesindən sonra yataqxana sayının çoxalacağını deyib. 

 

Universitetlərin şəhər mərkəzindən kənara köçürülməsi gündəmdədir 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva mövzu ilə əlaqədar qəzetimizə bildirdi ki, ümumiyyətlə, dünyanın nüfuzlu universitetləri burada təhsil alacaq tələbələrinin sosial-məişət məsələlərinin yüksək səviyyədə həll olunmasına xüsusi önəm verirlər. Həm də bu, həmin universitetlərin dünya reytinq siyahısında yüksək yerlərdə qərarlaşmasına təsir göstərir: "Xaricdəki nüfuzlu universitetlər üçün şəhər mərkəzindən kənarda kampus adlanan və hər bir şəraiti olan böyük bir şəhərcik salınır. Hansı ki, tələbələr oradan kənara çıxmadan təhsil alırlar, oradakı yataqxanalarda yaşayırlar". 
Deputat deyir ki, Azərbaycanda fəaliyyət  göstərən dövlət universitetlərinin də tələbə yataqxanaları var, amma onlar regionlardan gəlib burada təhsil alan tələbələrin az qismini qəbul edə bilir. Təhsilalanların çox hissəsi isə məcbur olub, hətta oxuduqları universitetlərdən uzaqda evlər kirayələyirlər. Bu isə, əlavə xərc deməkdir. Eyni zamanda belə halın vaxt itkisinə səbəb olması tələbələrin tədris keyfiyyətinə mənfi təsir göstərir: "Özəl universitetlərdə də bu sahədə vəziyyət arzuolunan deyil. Düzdür, Azərbaycanda da bir-iki universitetin özünün kampusu var. Məsələn, Ali Neft Məktəbinin, Azərbaycan Diplomatik Akademiyasının, Bakı Mühəndislik Universitetinin hər bir şəraitə malik ayrıca kampusları var. Digər universitetlərdə isə müəyyən sayda tələbələri yataqxana ilə təmin etmək mümkün olsa da, təhsilalanların çox hissəsini yataqxanaya yerləşdirmək qeyri-mümkün olur". 

 

Bu məsələ "Ali təhsil haqqında" qanun layihəsində əksini tapıb

Deputatın fikrincə, bu məsələdə universitet rəhbərləri də təşəbbüslə çıxış etməli,  xarici dövlətlərin təcrübəsindən istifadə etməlidirlər. Bütün bunlar tədrisin keyfiyyətinə müsbət təsir etməklə yanaşı, xaricdən ölkəmizə gələn əcnəbi tələbələrin sayının artmasına da səbəb olar ki, bu da büdcəyə əlavə gəlir gətirər: "2009-cu ildə qəbul etdiyimiz "Təhsil haqqında" qanunda tələbələrin yataqxana ilə təmin olunması məsələsi əks olunub. Hazırda Milli Məclisdə Elm və təhsil komitəsi tərəfindən yeni "Ali təhsil haqqında" qanun layihəsi üzərində işlər gedir. Əlbəttə ki, sözügedən yeni qanunda da bununla bağlı məsələ öz yerini tapıb. Güman edirəm ki, yaxın gələcəkdə tələbələrin tam yataqxana ilə təmin olunması məsələsi öz həllini tapa bilər".

 

Xarici təcrübədən bəhrələnmək lazımdır

Ali məktəbə qəbul olan tələbələrin başlıca probleminin kirayə evlər və ya yataqxana problemi olduğunu bildirən təhsil üzrə ekspert Kamran Əsədov qeyd edir ki, yeni tədris ilinə az müddət qalmasına baxmayaraq, tələbələrin "əbədi problemi" - yataqxana problemi bu il də həllini tapa bilməyib, baxmayaraq ki, tələbələrin qeyd olunan probleminin hər növbəti ildə aradan qaldırılması ilə bağlı rəsmi qrumlar məlumat verir. 
K.Əsədov söyləyir ki, düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər, lakin yataqxanaya ehtiyac hər il  olduğu kimi cari ildə də qalır: "Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur".
Ekspert vurğulayır ki, Azərbaycanın təhsil siyasəti təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır: "Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır və sair. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır, ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə bitmir". 
K.Əsədov qeyd edir ki, təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır: "Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirildi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı". 

 

Bu yollarla  problem öz həllini tapa bilər

Ekspert deyir ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Buna görə də dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər: "Yəni kampus şəraitində tələbənin heç bir problemi ola bilməz. Kampusların tikilməsi Azərbaycanda da dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir". 
K.Əsədov hesab edir ki, ümumiyyətlə, təhsilin əlçatan olması abituriyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır.
"Tələbənin əsas işi oxumaq olmalıdır" deyən mütəxəssis problemdən çıxış üçün bəzi təkliflər də irəli sürür: "Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə əlavə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə mənfi təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır.
Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və oradan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapa bilər".
Göründüyü kimi, müəyyən obyektiv və subyektiv səbəblərdən bu tədris ilində də tələbələrin yataqxana problemi əsaslı şəkildə həll olunmamış qaldı. 
Ümidvarıq ki, Böyük qayıdış prosesi, eyni zamanda da dövlət və özəl sektorun bu istiqamətdə əməkdaşlığı ali məktəb tələbələrinin yataqxana problemlərinin yaxın illərdə aradan qaldırılmasına rəvac verəcək. Beləliklə, tələbələrimiz də məişət qayğılarından uzaqlaşaraq diqqətlərini bütövlükdə dərslərinə, təhsillərinə yönəldə biləcəklər...

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan  

18:59
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!