07 Yanvar 2016 12:01
684
Mədəniyyət
A- A+
Təbiətin bəxş etdiyi “bir udum hava” - Mərdəkan Dendrarisi

Təbiətin bəxş etdiyi “bir udum hava” - Mərdəkan Dendrarisi

 

Neft sahibkarı Murtuza Muxtarovun şəxsi bağından instituta qədər...

 

Azərbaycan torpağının münbitliyi, iqliminin son dərəcə rəngarəngliyi flora və faunasının zənginliyinə də geniş imkanlar yaradıb. Hətta ən müxtəlif iqlimlərdə yetişən bitkilər, müxtəlif ağac növləri asanlıqla bu torpağa uyğunlaşa bilir. Eyni zamanda ölkəmizdə də bitkilər aləminin qorunub inkişaf etdirilməsinə son dərəcə diqqətlə yanaşılır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda dövlət qoruqları, yasaqlıqlar və digər mühafizə olunan təbiət ərazilərinin sahəsi gündən-günə genişlənir. Sözsüz, canlı floranın elmi əsaslarla inkişaf etdirilməsi, onların növ müxtəlifliyinin öyrənilməsi və davamlı istifadəsinin təşkilində aidiyyəti institutların rolu kifayət qədərdir. Bu baxımdan AMEA-nın Dendrologiya İnstitutu xüsusi əhəmiyyət kəsb edir. Burada bitkilər aləmi milli sərvətimiz kimi mühafizə olunmaqla bərabər, Azərbaycanın florasının və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genefondunun qorunması və səmərəli istifadəsi istiqaməti üzrə geniş elmi-tədqiqat işləri aparılır.
AMEA-nın Dendrologiya İnstitutu (Mərdəkan Dendrarisi) Abşeron yarımadasının ən gözəl guşələrindən birində, Mərdəkan qəsəbəsində Xəzərlə üzbəüz, son dərəcə füsunkar bir yerdə yerləşir. Öncə xatırladaq ki, Mərdəkan Dendroloji parkı 1890-1920-ci illərdə xeyriyyəçi və neft sahibkarı Murtuza Muxtarovun şəxsi bağı olub. 1920-ci ildən sonra müsadirə edilib və bir müddət baxımsız qalıb. O, Böyük Vətən müharibəsindən sonra, təxminən 1964-cü ilə qədər Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun Təcrübə Bazası kimi fəaliyyət göstərib. Bu dövrdən başlayaraq, Mərdəkan Dendrarisində yeni növlərin introduksiyası istiqamətində elmi-tədqiqat işlərinin aparılması respublikamızda subtropik bitkiçiliyin inkişafına geniş imkanlar açıb. 1985-ci ilə qədər burada 420 növ forma və növə yaxın ağac və kol bitkisinin, 100-dən çox efir yağlı, texniki və dərman bitkisinin, 100 növə qədər otaq, istixana və bəzək güllərinin, respublika florasını təmsil edən bitki nümunələrinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılır.
Lakin 1990-cı illərdə respublikanı bürüyən durğunluq Mərdəkan Dendrarisinə də öz təsirini göstərib. Maliyyə vəsaitinin azlığı, işçi qüvvəsinin və texniki imkanların çatışmazlığı burada olan bəzi ağac və kol bitkilərinin məhvinə gətirib çıxarıb. Çox keçmədən 1994-cü ildə, ölkədə digər sahələrdə olduğu kimi, Mərdəkan Dendrarisində də canlanma başlayır. İlk növbədə elmi-təşkilati və təsərrüfat işlərinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bağda yenidənqurma, abadlaşma, tikinti işləri aparılır, kolleksiyaların növ tərkibi zənginləşdirilir. Bu gün artıq Mərdəkan Dendrarisi nəinki Azərbaycanda, həm də regionda və dünyanın bir çox ölkələrində tanınan institutdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarına əsasən, AMEA Mərdəkan Dendrarisi Dendrologiya İnstitutu adlandırılıb). İnstitut 100-dən yuxarı ölkə ilə beynəlxalq əlaqələr qurub, “Dünya Botanika Bağları”nın və “Amerika Ağac və Kol Bitkiləri Assosiasiyası”nın üzvüdür. Növ çeşidinə, mədəni şəraitdə introduksiya olunan növlərin sayına görə inkişaf etmiş ölkələrin bağları ilə, demək olar ki, eyni səviyyəni paylaşır.
Odur ki, bu sahədə əldə olunan elmi nəticələri, ölkəmizin canlı florasının qorunması və inkişafına verdiyi töhfələri nəzərə alaraq, Mərdəkana - Dendrologiya İnstitutuna yollandıq. Məqsədimiz institutun fəaliyyəti və təbiətin ayrılmaz hissəsi olan Mərdəkan dendroloji parkı ilə daha da yaxından tanış olmaq və bu barədə əldə etdiyimiz bilgiləri oxucularla bölüşmək idi.
İlk növbədə bağın ərazisində gəzib dolaşdıq. Həqiqətən, özünü füsunkar bir guşədə, şəhərdən çox-çox aralıda sakit bir təbiət muzeyində hiss edirsən. Bir yandan müxtəlif iqlim tiplərini özündə birləşdirən ağaclar, rəngarəng çiçəklər, digər tərəfdən də gözəl, ətirli hava insanı valeh edir. Hər tərəf gül-çiçəklə, səf-səf düzülmüş ağaclarla əhatə olunub. Parkın səliqəsi, ağac və kolların xüsusi qaydalarla əkilməsi və ara-sıra gözə dəyən quşlar bağı daha da cazibədar edir. Müxtəlif landşaft memarlığı əsasında qurulan parkda bitkilərin yerləşdirilməsində qohumluq prinsipi əsas götürülüb. Deyək ki, bitki ekspozisiyaları “Aralıq dənizyanı ölkələri”, “Avstraliya və Yeni Zelandiya”, “Şərqi və Orta Asiya”, “Şimali və Cənubi Amerika”, “Afrika”, “Qafqaz” floristik zonaları üzrə salınmış və bir-birindən fərqlidir. Bu bölgüdə həm də mühit amilləri ilə yanaşı, fəsil və növ oxşarlığı da nəzərə alınıb. Diqqətimizi çəkən bir məqam isə ərazidə hər addımbaşı qarşılaşdığımız plakat və ya lövhələrdə bitki və ağac növləri haqqında məlumatların üç dildə - Azərbaycan, latın və rus dilində olması idi. Bu lövhələrdə hətta bitkilərin bir çoxunun hansı iqlimdə, hansı şəraitdə yaşaması, yaşı və digər faktları da yer alıb. Əgər bir yerdə çoxlu sayda eyni bitki növləri varsa, təbii ki, birinin adı qeyd olunub. Bu da sözsüz, bağa gələn insanların buradakı bitki və ağac növləri haqqında ətraflı məlumat almasına geniş imkanlar yaradır. Necə deyərlər, həm zövqlü, rahat istirahət edirsən, həm də Azərbaycan təbiəti ilə yaxından tanış olursan.

 

Elmi yanaşma canlı aləmin qorunması və inkişafında əsas meyardır

 

Sonra Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüşüb söhbət etdik. Gəlişimizin məqsədini bilib məmnun oldu. O, Azərbaycanda biomüxtəlifliyin öyrənilməsinin və qorunmasının vacibliyini qeyd edərək ölkədə bu sahənin inkişafında Dendrologiya İnstitutunun əldə etdiyi nailiyyətlərdən danışdı: “Dendrologiya İnstitutunun apardığı tədqiqat işləri mən deyərdim ki, qaneedicidir. Araşdırmalar aparmışıq, monitorinqlər keçirmişik və Azərbaycanda yeni ağac və bitki növlərini müəyyən etmişik. Bu gün ölkəmizin dendroflorasında ağac və kol bitki növlərinin sayı keçən əsrin ortaları ilə müqayisədə 3 dəfə artıb. Onları sistematik təhlil etmək, təbiətdə yerlərini müəyyənləşdirmək və bu istiqamətdə digər məsələlərin həlli üzərində ciddi tədqiqatlar aparılır. Digər tərəfdən Abşeronun ağac və kol bitkilərinin öyrənilərək onların sayı müəyyən edilmişdir. Ümumilikdə, apardığımız tədqiqat nəticəsində Azərbaycanın nadir ağac və kol bitkilərini, Qırmızı kitaba düşən növlərini müəyyən etmişik”.
Dendrologiya İnstitutunun əsas nailiyyətləri təbii ki, elmi nəticələrinin yüksək olmasıdır. Burada olarkən öyrəndik ki, Azərbaycan dendroflorasında təbii və mədəni halda bitən çılpaqtoxumlu və örtülütoxumlu ağac və kol bitkilərinin monitorinqi aparılmış, müasir vəziyyəti və yayılma arealı araşdırılmış, təyinedici açarları verilmiş, sistematik qruplaşdırılmış və “Azərbaycan dendroflorası” kitabının I-III cildləri hazırlanmışdır. Eyni zamanda otaq şəraitində 600 növ bitkinin becərmə xüsusiyyətləri, mühit amillərinə davamlılıq meyarları, aqrotexnikası, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri öyrənilmiş və “Otaq bitkiləri” kitabı çapdan çıxmışdır. Bunlardan başqa, 86 fəslə, 282 cinsə aid tropik və subtropik mənşəli dekorativ ağac, kol və gül bitkilərinin açıq və örtülü şəraitdə bioloji xüsusiyyətləri, aqrotexnikası, dekorativlik əlamətləri, fitonsid xüsusiyyətləri, yaşıllaşdırmada istifadəsi elmi əsaslarla öyrənilmiş və “Gülçülük ensiklopediyası” çapdan çıxmışdır. “Abşeronun ağac və kolları” kitabında isə ilk dəfə olaraq Abşeron dendroflorasına aid 87 fəsilə (230 cild), 660 növ bioloji və ekoloji təhlil edilmiş və sənayeyə tətbiqi, həmişəyaşıl, yarpağıtökülən, iynəyarpaqlılar hündürlüyünə görə qruplaşdırılmışdır. İnstitutun nəşr etdirdiyi digər bir kitabı isə Azərbaycan dendroflorasında 42 fəslə, 71 cinsə aid 198 nadir və nəsli kəsilməkdə olan ağac və kol növü aşkar edilərək təhlükə kateqoriyaları üzrə qruplaşdırılmışdır. Dendrologiya İnstitutunun belə elmi nəticələrinin siyahısını istənilən qədər uzatmaq olar...
Burada öyrəndik ki, antropogen təsirə məruz qalan və təbii yolla azalan nadir növlərin mühafizəsinə xüsusi diqqət yetirilir. Odur ki, hövzələrdə, alpinariya və oranjereyalarda bütün dünyadan kolleksiyalar toplanılıb. Bağdakı canlı kolleksiyalarda təxminən 1800 növ, o cümlədən 1500-dən yuxarı forma və sort var. İnstitutun alimləri bugünkü şəraitdə bitkilərdəki xəstəliyin səbəbi və onun müalicə yollarını tam aydın şəkildə müəyyən edirlər. Müasir avadanlıqlarla təchiz olunmuş “Bitkilərin mühafizəsi” laboratoriyası bu işdə onlara kömək edir. Ümumilikdə isə elmi və praktiki işlərin həyata keçirilməsi üçün institutda 8 laboratoriya və iki muzey fəaliyyət göstərir. Antropogen təsir nəticəsində nəsli kəsilməkdə olan nadir endemik bitkilərə bağda xüsusi sahə ayrılıb. Azərbaycanın Qırmızı kitabına salınmış 141 ağac növündən Dendrologiya kolleksiya sahələrində 69-u var. Ümumi sahəsi 12 hektar olan dendroloji bağın 8 hektarında müxtəlif bitki kolleksiyası yerləşdirilib. Qalan sahəni isə xiyabanlar, istixanalar, çarhovuzlar, laboratoriya binaları və digər qurğular tutur.
İnstitutdan onu da bildirdilər ki, müəyyən dövrlərdə çətinliklərin olmasına baxmayaraq, artıq bu gün Mərdəkan Dendrarisi elmi nəticələri ilə yanaşı, buradakı abadlıq, quruculuq işləri, səliqə-sahmanı ilə də fərqlənir. Son beş ildə parkda xeyli iş görülüb, institutun korpusu yenidən inşa edilib və yüksək səviyyədə istixanalar tikilib. Demək olar ki, su problemi də aradan qaldırılıb. Samur-Dəvəçi kanalından Dendrologiya İnstitutuna 17 km-lik məsafədə su çəkilib. Bunun sayəsində bağda növ zənginliyi xeyli artıb. Bütün bu işlərin görülməsində dövlətin göstərdiyi xüsusi diqqətlə bərabər, burada kollektivin mehriban olması, işə can yandırması və bir komanda halında çalışması da öz təsirini göstərib. Gənclər xüsusilə fəaldır və onların bu sahədə böyük potensialı var. Təsadüfi deyil ki, son illər bağa gələnlər arasında məktəblilər, tələbələr daha çox üstünlük təşkil edirlər. Hətta xarici ölkələrdən Bakıya gələn qonaqlar da tez-tez bağa gəlir, buradakı canlı aləmlə yaxından tanış olurlar.
Bəli, kimliyindən, peşəsindən asılı olmayaraq hər kəs təbiətin qeydinə qalmalı, onun qorunması üçün əlindən gələni əsirgəməməlidir. Mərdəkan Dendrarisi də təbiətin ayrılmaz hissəsidir. Digər tərəfdən də buranı ölkəmizin həm təbiət, həm də tarixi abidəsi, eyni zamanda milli sərvəti hesab etmək olar. Burada Azərbaycanın heç yerində olmayan yeraltı mağaralar, dərin quyular, tarixi XVIII əsrə gedib çıxan tiklilər var. Həm də bura məşhur Azərbaycan filmlərinin lentə alındığı yer kimi də yaddaşlara əbədi həkk olunub. Təbii ki, bağın muzey kimi qorunmasında, daim diqqətdə saxlanılmasında elmi fəaliyyəti ilə bərabər, qeyd etdiyimiz tarixi nüanslar da vacib şərtlərdəndir.

Elnur HADIYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!