07 Fevral 2026 10:00
152
Mədəniyyət
A- A+
Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli


Onun haqqında akademik Ziya Bünyadov deyib: "Napoleon xarakterli bu kiçik qadın". Sara Aşurbəyli qismətinə düşən çətin, keşməkeşli ömrü şərəflə yaşayıb. Qədim Bakının məşhur nəsillərindən olan Aşurbəylilərin alim qızı - Sara xanım öz həyatını Bakının - İçərişəhərin və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edən ilk və yeganə tarixçi hesab olunur. 

Görkəmli tarixçi və şərqşünas, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakıda dünyaya gəlib. Uşaqlıq çağları valideynlərinin - atası neft sənayeçisi və xeyriyyəçi Bala bəy Aşurbəyovla anası İsmət xanımın sevgisi, qayğısı sayəsində beş bacısı və qardaşı ilə birlikdə firavanlıq içərisində keçib. Uşaqlıqdan onu əhatə edən mədəni mühit dünyagörüşünə, düşüncələrinə böyük təsir göstərib. Fortepianoda mükəmməl ifa etməyi öyrənib. 

O, 1913-cü ildə "Müqəddəs Nina" Bakı qız məktəbinin hazırlıq sinfinə daxil olub. Ancaq 1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğal etməsi Sara Aşurbəylinin təhsilinə də təsir göstərib. Yeni hökumət ilk günlərdən var-dövlət, mal-mülk sahibi olanlara qənim kəsilib. Sara xanımın atası Bala bəy Aşurbəyov da həbs edilib. Ancaq Bala bəy o vaxt həbsdən həyat yoldaşı İsmət xanımın qohumu olan Nəriman Nərimanovun köməyi ilə qurtula bilib. Özünü və ailəsini sovet hökumətinin fəlakətindən xilas etmək üçün Bala bəy vətənini tərk etmək məcburiyyətində qalıb. Ailəsi ilə birlikdə Tiflisə yollanıb. Sonra isə Türkiyəyə üz tutub.

Sara xanım İstanbulda Janna Dark adına Fransız Kollecində təhsil almağa başlayıb. 1925-ci ildə Sara Aşurbəyli kolleci fərqlənmə ilə başa vurub. Həmin il ailəsi ilə vətəninə dönüb.

1925-ci ildə Sara xanımın həyatında başqa bir əlamətdar hadisə də olub. O,  Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin tarix-filologiya şöbəsinə qəbul olunaraq tələbə adını qazanıb. Universiteti 1930-cu ildə bitirib. 

Həmin il Azərbaycan Tarixi Muzeyinin tarix-etnoqrafiya şöbəsində işə başlayıb. Orada 1933-cü ilədək işləyib. Muzeyin ekspozisiyasının və bələdçi kitabçasının hazırlanmasında onun da əməyi olub, Azərbaycanın müxtəlif etnik qruplarını təsvir edib. Eyni zamanda, dekorativ rəssam kimi çalışıb. İşə can yandırması, bacarığı, savadlı olması sayəsində həmkarlarının arasında böyük hörmət, nüfuz qazanıb.

1937-1958-ci illərdə o, pedaqoji fəaliyyətlə məşğul olub. Sara Aşurbəyli Bakının ali məktəblərində ingilis və fransız dillərindən dərs deyib. Müəllimlik onun zəngin həyatında və çoxşaxəli fəaliyyətində əhəmiyyətli yer tutub. Sonralar Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) dekan vəzifəsində çalışıb. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxuyub.

Musiqinin əzəldən vurğunu olub. Sara xanım çox sevdiyi bəstəkarların - Üzeyir bəy Hacıbəylinin, Fikrət Əmirovun və Frederik Şopenin əsərlərini dinləməkdən xüsusilə zövq alıb.

Rəssamlığa da marağı çox böyük olub. Bu sahədə də təhsil alıb. 1941-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Diplom işi olan "Natürmort", "Şəki xanlarının sarayı", "Göygöl" və digər əsərlər Sara Aşurbəylinin rəssamlıq istedadının bəhrələridir.

İstedadı, çalışqanlığı, inadkarlığı ilə arzularını bir-bir həyata keçirir, qarşısına qoyduğu məqsədə çatırdı. Ancaq gənc Sara xanım həyatın təlatümlü, ağrı-acılarla, məhrumiyyətlərlə dolu yollarından keçirdi. 1936-cı ildə atası Bala bəy Aşurbəyov həbs edilərək Karaqandaya sürgün olunub. Karaqanda vilayətinin NKVD orqanları tərəfindən 1937-ci il martın 25-də yenidən həbs edilən Bala bəy Aşurbəyov həmin il avqustun 13-də ölüm hökmünə məhkum olunub. Hökm yerinə yetirilib. Bala bəy Aşurbəyovu güllələyiblər.

Bala bəy Bakının neft milyonçularından olan Teymur bəy Aşurbəyovun oğlu idi. Teymur bəyin digər oğlu - Əli bəy də qardaşının başına gətirilən faciədən sonra yaşaya bilməyib. O, 1940-cı ildə ürək tutmasından vəfat edib.

"Xalq düşməni"nin övladı kimi yaşamaq çətin idi. Sara xanım da çox cəfaya qatlaşıb. O, 1937-ci ildə "xalq düşməni"nin qızı kimi işdən çıxarılıb və Sara Aşurbəyliyə tarix elmi ilə məşğul olmaq qadağan olunub.

1942-ci ilin oktyabrında isə Sara Aşurbəylinin həyat yoldaşı Bəhram Hüseynzadə həbs edilib. Bəhram bəyə qayınatası Bala bəy Aşurbəyovla eyni ittiham irəli sürülüb. Ona da ölüm hökmü verilib. Amma Bəhram bəyin bəxti gətirib. 1943-cü ildə ölüm cəzası on il azadlıqdan məhrumetmə ilə əvəzlənib.

Sovet hökumətinin repressiya siyasəti Sara Aşurbəylinin sevincini, rahatlığını əlindən almışdı. Ailəsinə, doğmalarına edilən haqsızlıqlara, üzləşdiyi faciələrə tab gətirmək asan deyildi. Ancaq Sara xanım dözümünü tükənməyə qoymayıb, azrularından, məqsədindən üz çevirməyib. Müxtəlif sahələrdə fəaliyyət göstərib, uğur qazanıb. 

O, Böyük Vətən müharibəsi illərində Azərbaycan Dövlət Dram Teatrında rəssam-dekorator işləyib. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib.

Sara Aşurbəyli dram teatrında çalışıb, məktəbdə müəllim işləyib. Sevimli müəllimi Üzeyir bəy Hacıbəylinin dəvəti ilə on beş il konservatoriyada xarici dildən dərs deyib. O, həm də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanıb.

Maneələri aşaraq elmi fəaliyyətlə məşğul olub. Namizədlik dissertasiyasını yazıb və 1949-cu ildə Leninqrad (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunda uğurla müdafiə edib.

Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Səməd Vurğunun köməyi ilə o, öz ixtisası üzrə işə düzələ bilib. Azərbaycan Tarixi Muzeyinin Orta əsrlər şöbəsinin müdiri vəzifəsinə təyin edilən Sara Aşurbəyli 1958-ci ilədək orada işləyib. 

Sonralar Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, elmi katib, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. Sara Aşurbəyli 1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində fəaliyyət göstərib. 1964-cü ildə Sara Aşurbəyli Gürcüstan Elmlər Akademiyasının Tarix İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə edib.

Sara xanım 1993-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda böyük elmi işçi olub.

Görkəmli alim 2001-ci il iyulun 17-də doxsan beş yaşında dünyadan köçüb.

Sara Aşurbəyli əsərlərində qədim Bakının yaranma tarixini, eləcə də Orta əsrlər dövrünü, o zamanlardakı siyasətini, mədəniyyətini, sosial mühitini, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatını VI əsrdən XVI əsrədək olan zəngin mənbələr əsasında araşdırmışdı. Alim Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələləri geniş tədqiq etmişdi. Həmin tədqiqatların nəticələri Sara Aşurbəylinin bu gün də qiymətli mənbə kimi istinad olunan elmi əsərlərində, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri", "Şirvanşahlar dövlətinin tarixi" kitablarında əksini tapdı.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!