17 Aprel 2026 08:43
180
CƏMİYYƏT
A- A+
Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı


Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı - İ.Nəzərovun, N.Cavadovun, M.Əliyevin, S.Qasımovun və R.Hüseynovun müəllifləri olduqları "Müdafiə təyinatlı məmulatların yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması" işi 2026-cı il üçün "Elm, Texnologiya" sahəsində Dövlət mükafatına təqdim edilmişdir. 

Azərbaycanda hərbi sənaye kompleksinin əsası Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra qoyulmuşdur. Lakin ittifaq dağıldıqdan sonra keçmiş SSRİ-nin hərbi sənaye kompleksi üçün fəaliyyət göstərən, hazırda respublikamızın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr SSRİ-nin süqutundan sonra bir sıra ciddi problemlərə məruz qaldılar. Mövcud xammal, satış bazarının itirilməsi, ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin tam kəsilməsi, regionda mövcud qeyri-sabitlik və digər problemlər həmin müəssisələrin tənəzzülə uğraması, sözün əsl mənasında, dağılaraq tamamilə sıradan çıxması ilə nəticələndi. Əsasən müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrin fəaliyyətlərini bərpa etmək və ölkədə müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə 1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradılsa da, qarşıya qoyulan əsas məqsədə çatmaq, demək olar ki, mümkün olmadı. Müstəqilliyimizin ilk illərində hökm sürən idarəsizlik, səriştəsizlik, heç bir iqtisadi, siyasi savadı, təcrübəsi olmayan təsadüfi adamların dövlət idarəçiliyinə gətirilməsi nəinki Azərbaycanın ərazi bütövlüyünün qorunmasına, həm də ordu quruculuğuna çox böyük zərbə vurdu. 

Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdan  Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ordusunun və digər Silahlı Qüvvələrin mütəşəkkil, güclü, müasir tələblərə cavab verən hərbi texnika, silah və sursatla təmin olunmuş bir orduya çevrilməsi, ordu rəhbərliyinə yüksəksəviyyəli, hərbi hazırlıqlı milli kadrların gətirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər gördü. Ulu Öndərin rəhbərliyi və bilavasitə yaxından iştirakı ilə orduda aparılan məqsədyönlü islahatlar çox qısa bir müddətdə öz müsbət bəhrəsini verdi. İndi Azərbaycan Silahlı Qüvvələri həm hərbi hazırlığına, həm də mütəşəkkilliyinə, müasir hərbi texnika ilə təchizatına görə regionda ən güclü ordudur.

Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Prezidentin apardığı məqsədyönlü, ardıcıl siyasət və uzaqgörənlik nəticəsində Azərbaycanın hərbi potensialı gücləndirilmiş, hərbi sahəyə ayrılan dövlət vəsaitinin həcmi xeyli artırılmış, nəticədə Azərbaycan Ordusu müasir silah-sursat və hərbi texnika ilə tam təchiz edilmişdir.

Nazirlik yarandığı gündən qarşıya qoyulmuş əsas məqsəd tabeçiliyində olan istehsal müəssisələrinin yenidən qurularaq istifadəyə verilməsi olmuşdur. 2005-2026-cı illər ərzində müdafiə təyinatlı məmulatların, hərbi sursatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə nazirliyin tabeli birlik və müəssisələrində aparılan yenidənqurma işləri nəticəsində 70-dən artıq yeni istehsal sahələri yaradılmışdır. Həmin obyektlərin açılışında Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsən iştirak etmiş, özünün xeyir-duasını və dəyərli tövsiyələrini vermişdir.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin maşın və avadanlıq parkının yeniləşdirilməsi üçün elmin və texniki tərəqqinin bütün imkanlarını özündə cəmləşdirən, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkət və firmalarından mürəkkəb əməliyyatları həyata keçirən çoxsaylı texnoloji avadanlıq, 2000-dən artıq müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınaraq quraşdırılmış və istehsala buraxılmışdır. Nazirliyin tabeli müəssisələrində yaradılan yeni istehsal sahələri təkcə Azərbaycan Silahlı Qüvvələrini deyil, həm də digər güc strukturlarını müasir tələblərə cavab verən müxtəlif təyinatlı hərbi məmulatlarla, texnika, silah və döyüş sursatları ilə, o cümlədən xalq təsərrüfatını, maşınqayırma, cihazqayırma, elektronika, rabitə sahələrində istifadə olunan müxtəlif təyinatlı avadanlıq və ehtiyat hissələri ilə təmin edir. 

Bu göstərilənləri əsas götürərək belə bir qənaətə gəlmək olar ki, müstəqil Azərbaycanın ən ali mükafatlarından biri olan Dövlət mükafatına təqdim edilən digər işlər arasında Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşının təqdim etdiyi iş istər siyasi, istər elmi, istərsə də iqtisadi cəhətdən əsaslandırılmış fundamental bir işdir. Yüksək mükafata təqdim olunmuş elmi-tədqiqat, layihə-konstruktor və təcrübi-konstruktor işi müasir tələblərə cavab verən atıcı və döyüş silahlarının, bu silahlarda və artilleriya sistemlərində istifadə edilən müxtəlif növ döyüş sursatlarının yaradılmasına, istehsalının təşkil olunmasına və eləcə də istifadəyə yararsız, təhlükəli, saxlanması həm ekoloji, həm də iqtisadi cəhətdən səmərəsiz olan döyüş sursatlarının utilizasiyasına, nəinki respublikamızda, eləcə də MDB məkanında ilk dəfə yeni tökmə texnologiyası tətbiq etməklə müxtəlif çaplı döyüş minaatanları üçün müxtəlif kalibrli minaların və zirehli texnika (T72 tankı, BMP və MTLB tipli döyüş maşınları üçün) tırtıllarının gövdəsinin istehsalına yönəldilmişdir.

Azərbaycanda ilk dəfə müasir 12,7X108 mm-lik AH-12,7 iriçaplı pulemyotu və 7,62X54 mm-lik YST-24 yarımavtomat snayperi Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin konstruktorları və elmi mütəxəssisləri tərəfindən layihələndirilmiş, təcrübi-sınaq nümunələri hazırlanaraq zavod və poliqon sınaqlarından keçirilmiş, seriyalı istehsalına başlanılmışdır. İlk dəfə ölkəmizin mütəxəssisləri tərəfindən yaradılan və nazirliyin tabeli müəssisələri tərəfindən seriyalı istehsalına başlanılan "AH-12,7" pulemyotu Müdafiə Sənayesi Nazirliyinin Bakıda keçirilən "ADEX 2022" IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilmiş və bu möhtəşəm sərginin açılışında iştirak edən dövlət başçısı, Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. 

Azərbaycanda ilk dəfə iriçaplı döyüş pulemyotunun yaradılması, "yanan modellər" üzrə mina gövdələrinin və zirehli döyüş maşınlarının çox mürəkkəb istismar şəraitində dağılaraq sıradan çıxan aparıcı hissələrinin - tırtıllarının müasir tökmə üsulunun mənimsənilməsi yüksəkqiymətli şixtə materiallarından istifadəsini 90 faiz yüksəltməyə, emal payının 10-15 faizədək, tökmə qüsurlarını 5-10 faizə qədər azaltmağa, qəlib materiallarından istifadəsini 95 faizə qədər çatdırmağa, milyonlarla manat dövlət vəsaitinə qənaət etməyə və Müdafiə Nazirliyinin göstərilən məmulatlara olan tələbatını tam təmin etməyə imkan vermişdir və bu ixtiraya patent alınmışdır. Bu patentin hərbi təyinatlı məmulatların istehsalında praktiki və iqtisadi əhəmiyyəti əsas götürülmüş və Patent Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən keçirilən ixtiraçılıq sahəsində respublika müsabiqəsinin qalibi olmuş, l dərəcəli diploma və mükafata layiq görülmüşdür.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal olunan atıcı döyüş silahların çox məsul hissələrinin "Həssas tökmə" üsulu ilə alınması zamanı hissələrin istehsalına sərf edilən əmək tutumunun azalması, material sərfiyyatına qənaət olunması, məhsuldarlığın dəfələrlə artmasına, hissələrin ölçülərinin dəqiq alınmasına nail olunmuşdur. Hazırda metallurgiya, maşınqayırma, aviasiya, kosmik, hərbi və digər xüsusi sənaye sahələrində metal töküklərin istehsalında müxtəlif tökmə üsullarından istifadə edilir. 

Nazirliyin müəssisələrinin öz mütəxəssisləri tərəfindən qabaqcıl texnologiyaların, aparılmış məqsədyönlü elmi-tədqiqat, layihə-axtarış konstruktor işlərinin nəticələrinin tətbiqi nəticəsində Azərbaycanda ilk dəfə müxtəlif çeşidli atıcı silahlar üçün patronların seriyalı istehsalını təmin edən avtomat rotor xətləri tətbiq edilməklə müasir istehsal sahəsi yaradılmışdır. Bundan əlavə, nazirliyin mütəxəssisləri tərəfindən aparılmış məqsədyönlü elmi-tədqiqatlar nəticəsində çox mühüm bir problemin - artilleriya mərmilərinin partlayış zamanı qəlpələnməyə hesabı, alınmış nəticələrin çoxsaylı sınaqlarla təsdiqi, mərmilərinin partlayıcı qatışıqlarla doldurulması üçün optimal tərkibin və variantların seçilməsinə və praktiki tətbiqinə nail olunmuşdur.

Yüksək mükafata təqdim olunan işin ən vacib və mühüm əhəmiyyət kəsb edən sahələrindən biri də Azərbaycanda ilk dəfə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində ekoloji cəhətdən təmiz, partlayış təhlükəsizliyinə görə bütün norma və tələblərə cavab verən müasir texnologiyalara əsaslanan artıq istifadəyə yararsız, vaxtıötmüş döyüş sursatlarının müasir utilizasiya sahəsinin yaradılması və istifadəyə verilməsidir. Bu sahədə qabaqcıl texnologiyalara əsaslanmış üsulların tətbiqi istismar müddəti başa çatmış, sıradan çıxmış döyüş sursatları, həm də təkrar emal materialı kimi (mis, bürünc, partlayıcı maddələr, barıt, yüksəkkeyfiyyətli polad, çuqun və s.) mühüm dövlət ehtiyatıdır. Döyüş sursatlarının klassik üsulla, yəni partlatmaqla utilizasiyası həm ekoloji təhlükəsizlik, həm də iqtisadi səmərəlilik cəhətdən yolverilməzdir.

Döyüş sursatlarının utilizasiyası nəticəsində əsas və köməkçi materiallardan və elementlərdən mülki məmulatların istehsalının təşkili, müəssisələrə bəzi çətin tapılan materialların kənardan alınmasını aradan götürməklə yanaşı, milyon manatlarla dövlət vəsaitinə qənaət etməyə imkan yaratmışdır.

Nazirliyin müəssisələrində müxtəlif kalibrli döyüş patronlarının seriyalı istehsalı ilə yanaşı, avtomat patronları üçün müasir tələblərə cavab verən "şəffaf maqazinlərin" istehsalı mənimsənilmiş və hazırda həmin maqazinlərin kütləvi istehsalına başlanılmışdır. Çox yüksək konstruktiv möhkəmliyə malik bu cür patron maqazinləri müəssisədə xüsusi tərkibli plastik kütlədən və kompozisiya materialından hazırlanır. İriçaplı avtomat və əl pulemyotları üçün nəzərdə tutulmuş bu "şəffaf maqazinlər" müxtəlif, dəyişkən istismar şəraitində davamlılıqları ilə yanaşı, patronların silahın patron yuvasına etibarlı ötürülməsini tam təmin edir.

Şəffaf plastik kütlədən (polikarbonat PC) patron daraqlarının təzyiq altında "avtomatik tökmə" üsulu ilə xüsusi konstruksiyalı pres-qəliblərdə hazırlanması bütün texnoloji tsikl boyu əl əməyinin aradan qaldırılmasını təmin etməklə yanaşı, müəssisəyə yüz min manatlarla vəsaitə qənaət etməyə və Müdafiə Nazirliyinin bu tip patron daraqlara olan tələbatını tam təmin etməyə imkan vermişdir.

Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində istehsal olunan müdafiə və mülki təyinatlı məhsullar son illər bir sıra beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və bir sıra xarici ölkələrin hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. Yeri gəlmişkən qeyd edək ki, nazirliyin iştirak etdiyi beynəlxalq sərgilərdə nümayiş olunan məhsulların çeşidləri durmadan artır. 2009-cu ildə Türkiyədə təşkil olunan "İDEF-2009" sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildə Küveytdə keçirilən "Körfəz Müdafiə və Aerospeys" sərgisində artıq 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilmişdir.

Bu sərgi Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca yeddinci sərgi idi. Bundan öncə nazirlik "İDEF-2009", "SOFEX-2010", "MSPO", "AAD-2010", "İDEX-2011", "İDEF-2011","ADEX-2014", "ADEX-2016", "ADEX-2018" və "ADEX-2022", "ADEX-2024" sərgilərində təmsil olunmuşdur. 

2024-cü ildə Azərbaycan regionda müdafiə sənayesinə həsr olunan ən nəhəng tədbirə Azərbaycan Beynəlxalq Müdafiə sərgisinə ("ADEX-24") evsahibliyi etmişdir. "ADEX-2024" sərgisində təyyarə və aviasiya sistemləri, hərbi dəniz gəmiləri və dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri, logistika xidmətləri, radioelektron sistemlər, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursatlar, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), sistemləri, ixracın təşviqi ilə məşğul olan müəssisələr və digər sahələr təmsil olunmuşdur.

2025-ci ilin dekabrında Qahirədə keçirilən "EDEX-2025" beynəlxalq müdafiə sərgisində dövlət və hökumət rəsmiləri, müxtəlif ölkələrin 100-dən çox rəsmi nümayəndə heyəti və 25 ölkə milli pavilyonla iştirak etmişdir. Azərbaycanın rəsmi nümayəndə heyətinin də iştirak etdiyi bu mötəbər beynəlxalq "EDEX-2025" sərgisində "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 104 adda, eləcə də Azərbaycanın "Synapline", "Q-STP", "USH Group", "GLSystems" və "RD Smart" şirkətlərinin 24 adda məhsulu sərgilənmişdir. Respublikamızın mütəxəssisləri tərəfindən yaradılımış və serialı istehsal edilmiş bu məhsullar xarici hərbi şirkətlər və 50 mindən çox ziyarətçi tərəfindən çox maraqla qarşılanmışdır.

 2026-cı il Dövlət mükafatına təqdim edilən işdə həm də Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müxtəlif təyinatlı döyüş sursatlarının yaradılması, təkmilləşdirilməsi və ekoloji fəlakət mənbəyi olan vaxtı keçmiş döyüş sursatlarının utilizasiyası sahəsində aparılmış həm ekoloji, həm də iqtisadi cəhətdən çox mühüm dövlət əhəmiyyətli elmi-tədqiqat-axtarış işlərindən alınmış nəticələrin nazirliyin tabeli müəssisələrində istehsalatda praktiki tətbiqi barədə ətraflı, elmi-praktiki cəhətdən əsaslandırılmış materiallar da öz əksini tapmışdır.

Fəaliyyətə başladığı 20 il müddətində nazirliyin tabeli müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatlar uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilmişdir. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi xeyli artıb, Azərbaycan Ordusunun və digər güc strukturlarını ən müasir silah növləri və sursatları ilə təchiz edilməsi üçün zəruri addımlar atılmışdır.

Dünya hərb elminə "XXI əsrin müharibəsi" adı ilə daxil olan 44 günlük müharibədən sonra "ADEX" kimi mötəbər tədbirin məhz qalib ölkədə - Azərbaycanda keçirilməsi bütün dünyanın diqqətini ölkəmizə yönəltmiş və hər kəs Azərbaycanın müdafiə qüdrətinin canlı şahidi olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin hərbi qüdrəti gündən-günə daha da artır və müdafiə sənayesi hər keçən gün daha da inkişaf edir. 

Müdafiə Sənayesi Nazirliyininin Mühəndislik Akademiyası ilə uzun müddət birgə fəaliyyətini, eyni zamanda layihələrin icrasının səmərəliliyini nəzərə alaraq Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşları tərəfindən təqdim olunmuş "Müdafiə təyinatlı məmulatların yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması" işini tam əminliklə vurğulamaq olar ki, 2026-cı il üçün "Elm, Texnologiya" sahəsində Dövlət mükafatına təqdim olunmuş işlər arasında müstəsna əhəmiyyət kəsb edir və ümidvarıq ki, o, yüksək mükafatı almağa əsas namizəddir. 


Əhəd CANƏHMƏDOV,

Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!