Sülhməramlılar Azərbaycan ərazilərini nəzərdə tutulan vaxtdan da tez tərk etdilər
Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan və İrəvanın kapitulyasıyasını göstərən 2020-ci il 10 noyabr tarixli Bəyanata əsasən, Qarabağ iqtisadi rayonu və xüsusən ozamankı Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdi. Bəyanatın IV maddəsinə əsasən, Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirməyi öhdəsinə götürmüşdü. Həmçinin razılaşmaya əsasən müəyyən edilmişdi ki, sülhməramlı kontingentin Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış bu şərtin tətbiqinə xitam verilməsi niyyətinin tərəflərdən hər hansı biri tərəfindən bəyan olunmaması halında sülhməramlıların bölgədə qalma müddəti daha 5 il uzadılacaq.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, bəyanatda münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz formalaşdırılması razılaşdırılmışdı: "Rusiya sülhməramlılarının Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində yerləşdirilməsi müxtəlif aspektlərdən və dünyanın müxtəlif beyin mərkəzləri tərəfindən birmənalı qarşılanmamış, bölgəyə yerləşdirilmiş rus ordu hissələrinin bu ərazidən çıxarılmasının mümkün olmayacağını tarixin müxtəlif coğrafiyalarda yaşanan təcrübəsinə əsasən proqnozlaşdırılırdı. Eyni zamanda fəaliyyəti dövründə Rusiya sülhməramlılarının istər 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, istərsə də separatçılarla Azərbaycanın suverenliyi əleyhinə birgəfəaliyyət ruhu nümayiş etdirməsi ciddi narahatlıqlar doğururdu. Azərbaycan tərəfinin müxtəlif kanallarla, eyni zamanda ictimai şəkildə xəbərdarlıqlarına baxmayaraq, Rusiya sülhməramlılarının separatçıların sürətlə silahlanması, o cümlədən ərazilərin minalanma fəaliyyətini dayandırmaması kimi beynəlxalq hüquqazidd fəaliyyətlər fonunda nəinki hərəkətsizlik nümayişi, üstəlik, bir sıra hallarda bu hüquqa və qanunazidd əməllərin iştirakçısı və hərəkətverici qüvvəsinə çevrilməsi vəziyyəti sözün əsl mənasında daha da mürəkkəbləşdirir, radikal, lakin hesablanmış addımların atılmasını zərurətə çevirirdi".
Deputat deyib ki, proseslərin gedişində Azərbaycanın Fərrux əməliyyatı başda olmaqla bir sıra miqyasca lokal, əhəmiyyətcə isə kifayət qədər böyük olan hərbi əməliyyatları həyata keçirməsi, ələlxüsus antiterror tədbirləri vasitəsilə regionda separatizmə son qoyaraq ərazilərində tam şəkildə suverenliyin bərpa olunması ilə ölkənin üzərində ən böyük təsir rıçağının aradan qaldırılması geosiyasi şəraiti köklü şəkildə dəyişib. Üstəlik, Prezident İlham Əliyevin Rusiya ilə koordinasiyalı fəaliyyətə nail olması, hər hansı hərbi qarşıdurma və siyasi gərginlik müşahidə edilmədən sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması barədə razılığın əldə olunması çoxsaylı beyin mərkəzlərinin proqnozlarını alt-üst etdi. "Beləliklə, 2024-cü il mayın 15-də Xocalı aeroportu ərazisində Azərbaycan və Rusiya rəsmilərinin iştirakı ilə Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasimlə Rusiyanın ordu hissələri Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərdən çıxarılmış oldu. Sülhməramlıların Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarılması və bu prosesin hər hansı gərginlik fonunda baş verməməsi müasir Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri, o cümlədən qlobal siyasətdə maraqların indiki mürəkkəb geosiyasi şəraitdə mümkünlüyünün ən uğurlu nümunəsidir. Azərbaycanın antiterror tədbirləri ilə özünün beynəlxalq hüquqla tanınan ərazilərində yurisdiksiyasını tam şəkildə bərpa etməsinin ardınca Rusiya sülhməramlılarının vaxtından öncə bölgədən çıxarılması bərqərar olunan suverenliyinin təməllərinin möhkəmləndirilməsinin əsasında dayanan ən vacib elementlərdən biri sayıla bilər", - deyə o əlavə edib.
B.Məhərrəmov vurğulayıb ki, Azərbaycan tərəfinin proseslərə çevik reaksiyası, bu prosesdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət sayəsində ölkəmizin belə bir mürəkkəb prosesi reallaşdırmağı bacarması bütövlükdə Cənubi Qafqazda yeni bir dövrün başlanmasına, 8 avqustda Vaşinqtonda imzalanan razılaşmaların, həmçinin sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair Sazişin paraflanmasının meydana çıxardığı şəraitdə ehtiva olunan de-fakto sülh dövrünün realizəsinə gətirib çıxardı. Beləliklə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərin regionda onilliklər boyu mövcud olan status-kvonu darmadağın edərək, tamamilə yeni geosiyasi reallıqlar yaratması və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Qarabağ iqtisadi rayonuna müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin missiyasının bir çox beynəlxalq dairənin skeptik proqnozlarına rəğmən, 2024-cü ilin mayında ölkəmizi vaxtından əvvəl tərk etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji səbir və qətiyyətli diplomatiya xəttinin ən böyük nailiyyətlərindən biri kimi tarixə düşdü.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"