06 May 2026 09:05
104
Mədəniyyət
A- A+
Tarixi təməl üzərində qardaşlığın söz qalası

Tarixi təməl üzərində qardaşlığın söz qalası


Professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin "İraq-türkman ədəbiyyatı tarixi" adlı monoqrafiyası barədə bəzi qeydlər


"Tarixi araşdıranda gördüm ki, Quzey Azərbaycan, Güney Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır".


Heydər ƏLİYEV,

Azərbaycan xalqının Ümummilli Lideri


Ürəyin hökmü ilə üz tutub getdiyi doğru yola insanın etibarı və sadiqliyi ən yüksək mənəvi-əxlaqi dəyərlərdən biridir. Məncə, doğru yola etibar və sədaqət yekun olaraq məsləkə həsr edilmiş ömür sayılmalıdır.  Uğurlara zəmin yaradan belə davamli qətiyyət demək olar ki, hüdudsuzdur və elə bu səbəbdən lap sadə həyat yaşayan adamlardan tutmuş yüksək intellektual, yaradıcı fəaliyyət mənsublarına qədər fərqli subyektlər bu çevrənin əhatə dairəsinə düşə bilir. Bu giriş cümlələrin yazılmağı səbəbsiz deyil, daha dəqiq desəm, sübut üçün  nəzərdə tutulan bəlli ünvan və ad var.

Söhbət Yaxın Şərq ölkələrində, ərəb dünyasında, ələlxüsus İraqda, Kərkük dolaylarında, Türkiyədə, Orta Asiyada, İranda və sair elmi-ədəbi ictimaiyyətin yaxşı tanıdığı, o taylı-bu taylı vətənimiz Azərbaycanda isə nəinki hamınin tanıdığı, üstəlik, hamının ehtiram bəslədiyi Qəzənfər Paşayevdən gedir. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı, tərcüməçi, nəhayət, ömrün 88-ci pilləsində də elmi axtarışlardan yorulmayan bu müdrik insan gənc həmkarı, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevlə birlikdə "İraq-türkman ədəbiyyatı tarixi" adlı fundamental monoqrafiyanı ərsəyə gətirməklə bir daha bizləri əmin elədi ki, hər zaman olduğu kimi, o, indi də ürəyin hökmü ilə tutduğu doğru, dəyərli yola sadiqdir və onun bu məsləkə, belə tale təyinatına inamı tükənməzdir.


Bağdad yolu Gəncədi,

Gülü pəncə-pəncədi.

Demə sizdən irağam,

Bu sevda ölüncədi.


Həm məzmun, həm estetik zəriflik, həm obrazlı düşüncə, həm də "poetik coğrafiya" baxımından bütün türk dünyasına aid oluna bilən İraq-türkman nişanəli bu bayatı sanki bir başqası barədə deyil, Qəzənfər müəllimin özü haqqında söylənib. Dəyərli bir bayatının qəhrəmanı olmaq cəfakeş, doğru yol adamının halal haqqıdır və niyə məhz  onun, Qəzənfər müəllimin?..

Təsəvvür edin, ötən əsrin uzaq 60-cı illərində dördillik uzunmüddətli ezamiyyətdən sonra vətənə döndüyü (1966-cı il), İraq-türkman, Kərkük mövzusunu sonsuz bir həvəs və ehtiramla araşdırmağa başladığı, Azərbaycana qayıdandan az sonra Xalq şairi Rəsul Rza ilə birlikdə "Kərkük bayatıları" kitabını çap etdirdiyi vaxtdan nə az, nə çox, sərasər 60 il keçir. O, sonralar heç zaman ayrılıb iraq düşməyəcəyi, əslində, çoxlarının nabələd olduqları bu dəryaya baş vuranda 25 yaşındaydı. İndi budur, 90-ın dizini qatlamağa iki il qalmış professor Qəzənfər Paşayev bu dəfə gənc, istedadlı alim həmkarı Orxan İsayevlə birlikdə "İraq-türkman ədəbiyyatı tarixi"ni gün işığına çıxardır. Etiraf edək ki, zorən yox, əksinə, görkəmli alimin misilsiz və inadkar əməyi sayəsində, yəni qanunauyğun olaraq Azərbaycan ədəbiyyatşünaslığında halal sahibi Qəzənfər Paşayev olan İraq-türkman ədəbi-bədii irsi  üzərində şərti bir elmi "monopoliya" mövcuddur. Bu, deyildiyi kimi, sövq-təbii bir yekundur. Məsələ belədir ki, həmin "monopoliya"nı "aradan qaldırmaq", ümumən müsəlman-türk dünyasına məxsus bu söz sarayının qapılarını hamıya açmaq, bu mülkə yiyələnmək üçün intellektual gəncliyə çağırış etmək səlahiyyəti də professor Qəzənfər Paşayevə məxsusdur. O isə belə davranışı məmnunluq hissi ilə sərgiləyir! Alim yazılarının birində az qala fərəhlə qeyd edir ki, Azərbaycanda İraq-türkman folkloruna, ədəbiyyatına və ləhcəsinə necə-necə dissertasiya, monoqrafiya, publisitik və elmi məqalə həsr olunmuşdur. Hazırda iki nəfər dissertant - AMEA-nın Ədəbiyyat İnstitutunda və Azərbaycan Dövlət Pedaqoji Universitetində İraq-türkman ədəbiyyatından, bir nəfər isə Folklor İnstitutunda sözügedən coğrafiyanın mərasim folklorundan dissertasiya yazır.

"İraq-türkman ədəbiyyatı tarixi" (Q.Paşayev, O.İsayev. "Elm və təhsil" nəşriyyatı, 2025, Bakı) monoqrafiyası İraq-türkman, Azərbaycan, ümumilikdə isə türk ədəbiyyatşünaslığına sanballı töhfədir. Fikrimcə, bu monoqrafiyanın yüksək təhsilli ədəbiyyatşünas, şərqşünas, eləcə də folklorşünas hazırlığında bir dərs vəsaiti statusu qazanacağı vaxt elə də uzaqda deyil.

Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin "İraq-türkman ədəbiyyatının ilk elmi salnaməsi" başlıqlı yığcam, bununla yanaşı, fundamental tədqiqatın məramını, başlıca məziyyətlərini dolğun şəkildə əks etdirən məqaləsi ilə - ön sözlə açılır. Ön söz müəllifi Azərbaycanın "dünya kərkükşünaslığının əsas mərkəzi" olduğunu birmənalı şəkildə bildirir, bu istiqamətdə xidmətləri olan ədib və araşdırmaçıları - Rəsul Rza, Həmid Araslı, Abbas Zamanov, Əta Tərzibaşı və Əbdüllətif Bəndəroğlunun adlarını, başqa sözlə, təməl səciyyəli təşəbbüsləri xatırladır və davam edib yazır: "Azərbaycan-İraq-türkman əlaqələrində Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin müstəsna yeri, xüsusi rolu və mühüm xidmətləri vardır".

Qəzənfər müəllimin bütün külliyatına yaxından bələd olan qələm adamı kimi "Ön söz"də yer alan mülahizələrlə dərhal razılaşıram. Ən azı ona görə ki, "İraq-türkman ədəbiyyatı tarixi" meydana gələnə qədər bu mövzunun demək olar ki, bütün parametrləri ayrı-ayrı kitablar şəklində yazılmış, işıq üzü görmüşdür. Onların əksər  qisminin müəllifliyi Qəzənfər müəllimə aiddir. Bu göstəriciyə ani bir nəzər salıb sıralayaq: "Kərkük bayatları" (1968, 1984), "Arzu-Qənbər" dastanı (1971), "Kərkük mahnıları" (1973), "İraq-Kərkük atalar sözləri" (1978), "Kərkük tapmacaları" (1984), "Altı il Dəclə-Fərat sahillərində" (1985, 2015, 1996 - Bağdad, ərəbcə), "Nəsiminin İraq divanı" (1987, 2018), "Kərkük folkloru antologiyası" (1987, 1990), "İraq-türkman folkloru" (1992, 1995 - Bağdad, 1998 - İstanbul), "Kərkük dialektinin fonetikası" (2003), "İraq-türkman folklorunun janrları" (2003, rus dilində), "Kərkük folklorunun janrları" (2003), "İraq-türkman ləhcəsi" (ortaq 2004), "Nəsimi haqqında araşdırmalar" (2010), "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" (2016), "Azərbaycan - İraq-türkman ədəbi əlaqələri: ayrılığın sonu" və sair.

Bu da məlumdur ki, Qəzənfər Paşayev "Azərbaycan dilinin Kərkük dialekti" mövzusunda namizədlik (1969), "İraq-türkman folkloru" mövzusunda doktorluq (1993) dissertasiyalarını müdafiə edib. 

Bu arada sanballı və ən yeni elmi çalışma olan "İraq-türkman ədəbiyyatı tarixi" tədqiqatının meydana çıxması isə məxsusi bir dəyər, ciddi elmi uğurdir. İsa Həbibbəyli doğru qeyd edir ki, professor Qəzənfər Paşayevin filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevlə birlikdə yazdıqları "İraq-türkman ədəbiyyatı tarixi" Orta əsrlərdən başlayaraq Kərkük Türkmanelidə yaranmış ədəbiyyatın ilk sistemli elmi tarixindən ibarətdir... Bu, Türkman ədəbiyyatının mənşəyi, tarixi təkamül prosesləri, əsas janrları və görkəmli yazarları haqqında tam, bütöv və elmi cəhətdən ümumiləşdirilmiş tədqiqat əsəri kimi mühüm addımdır.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutu görünür elə bu səbəbdən sözügedən fundamental və unikal tədqiqatı 2026-cı il üçün ədəbiyyatşünaslıq elmi sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim edib.

Səkkiz fəsildən ibarət olan "İraq-türkman ədəbiyyatı tarixi" elmi monoqrafiya formatının tələb və prinsiplərinə uyğun qaydada qələmə alınmışdır. Adətən bu səciyyəli elmi dərinliyə, araşdırma mükəmməlliyinə malik ağır (sanballı) kitablar ağır-ağır oxunur və mənimsənilir. Etiraf edim ki, monoqrafiyanı sürətlə, demək olar ki, birnəfəsə oxudum. Səbəb çox sadədir; ədəbiyyatşünaslıq elmi baxımından dolğunluq və ciddi dəyər daşımaq, araşdırma dərinliyi, möhkəm sistemlilik öz yerində, kitabın sadə, axıcı, oxunaqlı dili oxucunu çətinliyə salmır, əksinə, müəlliflər aydın şəkildə, qanadlı bir üslubla ona (oxucuya) bələdçilik edirlər. Fəsildən-fəslə əminlik yaranır ki, türkman elinin də daxil olduğu, Yaxın Şərqin ən önəmli dövlətləri ilə qonşuluqda, bərəkətli İkiçayarasında (Mesopotamiya) 440 min kvadratkilometrlik geniş ərazidə yerləşən, 40 milyonluq əhalisinin bəzi mülahizələrə görə 10-13 faizi türkcə, məhz bizim azərbaycanlı ləhcəsində danışan İraq dövləti dünya üzrə Səudiyyə Ərəbistandan sonra ən böyük neft ehtiyatlarına malik ikinci ölkə olmaqla yanaşı, həm də möhtəşəm tarixi, mədəni və bədii-estetik irsin məkanıdır. 

Əgər bu irs bir zəngin xəzinədirsə, onun ən dəyərli inciləri sırasında Kərkük bayatıları (xoyratlar), İraq türkmanlarınin türklük əsasında yaratdıqları nağıllar, dastanlar, lətifələr, atalar sözləri və sair ilə yanaşı, türkdilli xalqların müştərək sərvəti sayılan dünyaşöhrətli ədəbi simaların - Xətib Təbrizinin, Qazi Bürhanəddinin, İmadəddin Nəsiminin, Cahanşah Həqiqinin, Əbdülqadir Marağayinin, Şah İsmayıl Xətainin mübarək isimləri də yer alır.

Dahi söz ustadı, dünya poeziyasının sözdən möcüzə yaradan sehrkar şairi Məhəmməd Füzuli... O isə türkdilli, ərəbdilli ədəbiyyatın ayrıca mərhələsidir. İraq türkmanları, kərküklülər haqlı olaraq Kərbəlada uyuyan bu dahini özlərinin doğma, halal ustadı timsalında dəyərləndirirlər.

Ədəbiyyatşünaslıqla bərabər, ötən əsrin 80-ci illərində Azərbaycan bədii-sənədli publisistikasının nəfəs imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən Qəzənfər Paşayev "Altı il Dəclə-Fərat sahillərində" kitabında qədim Babilistan, Asma bağlar, Şumer gizlinləri, göl, çöl ərəbləri açısından baxaraq, həssas Kərkük dünyasına qapı açmaqla, ümumən İraq (qədim Uruq şəhər dövləti, "Bilqamıs dastanı", Şumerlərin antik tarixi kəşfləri) və Azərbaycan dünyası arasında tarixi əsaslı bir mədəniyyət-mənəviyyat körpüsünün təməlini atmışdı. Məhz Qəzənfər müəllim bu tarixi ədəbiyyat və mənəviyyat coğrafiyasından baxaraq XI əsrdən müxtəlif vaxtlarda türk dövlətlərinin, o cümlədən Azərbaycan səlcuqlarının, Monqol-tatar imperiyasının, Ağqoyunlular, Səfəvilər xanədanlarının, nəhayət, 400 ilə yaxın qüdrətli Osmanlı imperiyasının tərkibində olan İraq dünyasına  və orada, ayrı bir coğrafi kəsimdə varlığını qoruyan türk dilinə demək olar ki, təkbaşına çıraq tutmuşdur.

Kitab haqqında daha müfəssəl, eyni zamanda özət mülahizələri bildirməzdən öncə bir məqama toxunmaq lazım gəlir. Məncə, Qəzənfər Paşayevin gənc ədəbiyyatşünas Orxan İsayevlə müştərək müəllifliyə qərar verməsi göydəndüşmə deyil, irəlidə işarə etdiyimiz kimi, bu, müdrik alimin başladıb kifayət qədər dərinləşdirdiyi elmi sahənin inkişafına yeni qüvvələrin cəlb edilməsinə zəruri, içdən gələn  çağırışdır. Bu, ustad qələm sahibinin ürək genişliyinin əlamətidir. Bu, eyni zamanda gənc həmkarlara güvənc, onların haqqının, tədqiqatçı həvəsinin tanınması və dəstəklənməsidir. 

Sözügedən mövzu Orxan İsayevə də yad deyil. O, bu istiqamətdə qələmə alınmış "Məhəmməd Füzuli - həyatı və yaradıclığı", "Kərküklü Növrəs Qədim", "İraq-türkman ədəbiyyatında hekayə janrı və onun Osmanlı hekayəsindən fərqi" kimi maraq doğuran, mövzuya yeni yanaşma sərgiləyən kitab və elmi işlərin müəllifidir.

Və nəhayət, indi də dəyərli monoqrafiya haqqında mülahizələri konkretləşdirmək imkanından yararlanaq. Əsərin ədəbi-elmi səciyyə baxımından çoxşaxəliliyi öz yerində, müəlliflər doğru olaraq İraq-türkman ədəbiyyatının zəmin qatını iki rakursdan nəzərdən keçirmişlər. Bütün dünya xalqlarında olduğu kimi, qardaş qövmün -  Türkmaneli insanlarının bədii söz sənəti də şifahi və yazılı şəkildən ibarətdir.

Təbii ki, ilkin sırada xalqın folklor yaradıcılığı gəlir. Müəlliflər ehmal bir şəkildə folklor yaradıcılığının bədii sözə qədər olan müxtəlif adət-ənənə, mərasimlərlə bağlı arxaik inanclarını və bu müstəvidə yaradılan şifahi ədəbi-bədii örnəkləri dəyərləndirirlər. İlkin və arxaik janrlar (inanclar, andlar, dualar, fallar, bəddualar), o sıradan insanların həyatı, gündəlik məişəti ilə bağlı olan xalq mərasim nəğmələri, dini bayramlarla, yas və toyla bağlı nəğmələr mərasim folkloru başlığı altında ümumiləşdirilir.

Məişət və mərasimlərlə, təbiət hadisələri, bitki və heyvanat aləminə bağlı, astral təsəvvürlər və əsatiri görüşlərdən qaynaqlanan folklor örnəklərinin Azərbaycanın ilkin estetik təsəvvürləri ilə az qala yüzdə yüz adekvatlığı iraq bir ölkədə yaşayan, fəqət bizim düşüncədə olan, bizim dildə düşünən, danışan və yaradan insanlara yönəlik həm xiffət, həm də heyrət hissi doğurur. Məsələn, monoqrafiyadan öyrənirik ki, bizdə olduğu kimi, İraq-türkman folklorunda da su müqəddəsdir, o qədər müqəddəs ki, ona and içilir, səfərə çıxanların yolları aydın olsun deyə ardınca su atırlar. Qırxı çıxan uşağı su ilə pak edirlər. Doğuşdan qırx gün sonra uşağın və ananın üstünə qırx ovuc su tökürlər və inanırlar ki, onlar təmizə çıxıblar. Tək səbir gələndə ləngiyir, cüt səbirdə ya Allah deyib, niyyət səmtinə üz tuturlar. Əgər göz səyriyirsə, deməli, ən yaxın zamanda mübhəm bir gözləntinin xəbəri çıxacaq.

İraq türkmanlarında da eynən bizdəki kimi boş uşaq beşiyini yırğalamazlar, paltar əyindəykən ona düymə tikməzlər, gecələr güzgüyə baxmaq yasaqdır, şər qarışandan sonra ev süpürmək məsləhət deyil və s. və i.

Eynən bizim folklor ədəbiyyatında olduğu kimi, İraq türkmanları da andı pozmağı günah sayırlar. Qanı qana qarışdırıb and içir və qardaş olurlar. Ən əziz varlıqlara - aya, ulduza, suya, göyə, yerə, ata və ananın canına, məzara, yola, duz-çörəyə, dayı, əmi, oğul, xala, bibi adına and içirlər.

İraq türkmanlarının dua və bəddua  örnəkləri (alqış və qarğış) kifayət qədər zəngindir. Fallar bizdəki kimi iki yerə bölünür - göz və qulaq falı. 

Mövsumlə əlaqədar yaranan nəğmələrdə insanların yağış yağdırmaq, yazın gəlişini qutlamaq çağırışları, dini bayramlarda müşayiət olunan adətlər və folklor mətnləri zaman-zaman Türkmaneli elatı tərəfindən əziz yadigarlıqlar kimi yaşadılmış, yeni variantlarla zənginləşdirilmişdir. Kərkük ellərində bu gün də Qurban, Ramazan bayramları, Aşura, Peyğəmbərin mövlud günü hər inancın xarakterinə uyğun şəkildə qeyd edilir.

Dil, adət-ənənələr, tarixi keçmiş və bu çərçivədə bilinən geniş coğrafiya vahid olduğuna görə İraq türkmanlarının şifahi xalq ədəbiyyatı ilə Azərbaycanın folklor irsi mükəmməl bir şəkildə qaynayıb-qovuşur. Folklor irsində, sadəcə, bənzərlik, oxşarlıq deyil, bundan daha artıq - eyniyyəti yaradan səbəb  uzaq və yaxın tarixə dayanan eyni kökün, doğma qardaşlıq rişələrinin mövcudluğudur. Heç təsadüfi deyil ki, İstanbulda nəşr olunan "Qardaşlıq" dərgisinin 2000-ci il 8-ci sayında verdiyi müsahibədə Ümummilli Lider, həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyev qəti şəkildə, tarixi-elmi nöqteyi-nəzərə əsaslanaraq söyləmişdi: "Tarixi araşdıranda gördüm ki, Quzey Azərbaycan, Güney Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır".

Məzmun və forma, yaradılış mühiti baxımından elmi-ədəbi təsnifata uyğun olaraq monoqrafiya müəllifləri şifahi xalq ədəbiyyatı örnəklərini iki biçim (forma) variantında nəzərdən keçirirlər - ədəbi folklorun lirik növü - bura xoyratlar, manilər, beşik nəğmələri, şeir şəkilli tapmacalar aiddir. Şifahi ədəbiyyatın epik növü bölümündə nağıllar, lətifələr, tapmacalar təhlil və təqdim olunur.

Tam bir qətiyyətlə demək olar ki, xoyratlar (bayatılar) İraq-türkman poetik düşüncəsinin zirvəsidir. Dördsətirlik şeir parçalarının canında nələr olarmış? Elə bu səbəbdən monoqrafiyada ağız ədəbiyyatının bu janrı həm məxsusi bir ehtiram, həm də elmi dəqiqliklə araşdırılıb. Xoyratların mövzu dairəsi kifayət qədər genişdir, xalq həyatının başlıca reallıqları yüksək bədiilik şərti ilə rahat bir şəkildə bu janrın hətta ilk sətri "yarım olan" dörd misranın hüdudlarında bədii ifadə imkanı tapır. Əlbəttə, bu heyrətamiz dolğunluq bizə Azərbaycanın heç də hər xalqa qismət olmayan bayatı xəzinəsindən tanışdır. Belə müştərəklik, eyni zamanda yüksək əyarlı ədəbi-bədii məziyyət manilərin, Kərkük xalq havalarının, beşik nəğmələrinin (layla, oxşama) təqdimatında da görünməkdədir.

Ağız ədəbiyyatı örnəklərinin epik növündən söhbət gedəndə Molla Nəsrəddin lətifələrindən tutmuş "Koroğlu", "Əsli və Kərəm" və sair dastanlarına, atalar sözləri və məsəllərinə qədər, İraq türkmanlarında və Azərbaycanda bəzən cüzi imla fərqləri ilə, bəzən isə tam olaraq, paralel şəkildə mövcudluğunu qeyd etmək lazım gəlir. "Arzu-Qənbər" dastanı, çox sayda yüksək kaloritə, tərtəmiz, təbii ləhcəyə, məxsusi sintaksisə malik nağıllar isə məhz orada, Türkmaneli dolaylarında yaradılmışdır. 

Qeyd etmək zəruridir ki, monoqrafiya müəllifləri bizim üçün də əziz olan el ədəbiyyatı xəzinəsini nəzərdən keçirərkən İraq-türkman ədəbiyyatşünaslığının azman simalarından olan, klassik, yorulmaz folklorşünas Əta Tərzibaşının tədqiqatlarına dönə-dönə istinad edir, onun möhtəşəm elmi yaradıcılığını ön sıraya çəkirlər. Bu bir qədirbilənlik, qardaş xalqın aliminin möhtəşəm əməyinin qarşılığında müəlliflərin vaz keçə bilmədikləri vəfa borcudur. 

"İraq-türkman ədəbiyyatı tarixi"nin ikinci təməl araşdırma predmeti qardaş xalqın yaratdığı təqribən minillik bir dövrü əhatə edən, mərhələlərlə nəzərdən keçirilən yazılı İraq-türkman ədəbiyyatıdır.

Oxucu monoqrafiyada Orta əsrlərdən bizim günlərimizə qədər İraq-türkman ədəbiyyatının həm poeziya, həm nəsr, hətta dramaturgiya üzrə yaranması, inkişafı, yeni bədii-estetik səviyyələrə sahiblənməsi mərhələləri müfəssəl və mükəmməl şəkildə izlənilmişdir. 

Onlarca müasir yazıçı və şairin yaradıcılığı timsalında İraq-türkman xalqının bədii-estetik düşüncəsi, ümumən isə bu elatın həyat tərzi, istək və arzuları barədə bilgilər əldə etmiş oluruq. Müəlliflər ümumiləşdirmə apararaq qeyd edirlər ki, bu gün müstəqil olan İraq-türkman ədəbiyyatının tarixinə nəzər saldıqda bəlli olur ki, XVI əsrin ikinci yarısından XX əsrin əvvəllərinəcən, təqribən dörd yüz il Osmanlı ədəbiyyatının təsiri altında olsa da, bu ədəbiyyatı digərlərindən fərqləndirən kövrək sərhədlər həmişə olub və indi də vardır.

Bu yanaşmaya onu əlavə edə bilərik ki, Azərbaycan və türk ədəbiyyatı, eləcə də digər türkdilli xalqların yaratdıqları ədəbi-bədii irs İraq-türkman bədii düşüncəsinə geniş üfüqlər açan səbəb, təkanverici qüdrətdir.

Və belə bir həyati, mənəvi panoramı, İraq-türkman xalqının ədəbiyyat dünyasını ərsəyə gətirən başlıca amil türk dilidir, bundan daha çox bizim doğma türk ləhcəmizdir. Əslində, bu dil İraq-türkman varlığının görünən üzü, mövcudluğu, parlaq və aydın simasıdır.

Düşünürəm ki, "İraq-türkman ədəbiyyatı tarixi" monoqrafiyasında Səid İrmaqın "Qardaşlıq" dərgisində (Bağdad, 1962) işıq üzü görən aşağıdakı qiymətli fikirlərinə təsadüfən istinad edilməmişdir. Türkman elinin dəyərli yaradıcı ziyalısı S.İrmaq yazır: "Vətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər, tarixi təhrif edilə bilər. Hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər, lakin bir şey dəyişmir. Qalan tək bir varlıq ana dilidir". 

İçində həqiqət payı olan yanaşma, düşündürücü mülahizədir, deyilmi? 


Vaqif BƏHMƏNLİ

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tarixi təməl üzərində qardaşlığın söz qalası

09:05
06 May

AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir

09:00
06 May

Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa

08:57
06 May

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

08:55
06 May

Avropa İttifaqı nə qədər yanacaq ehtiyatına malikdir?

08:53
06 May

Bakı-Brüssel xətti: strateji tərəfdaşlıq yeni mərhələdə

08:50
06 May

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

08:45
06 May

Regionun gələcək inkişaf modelini müəyyən edən strateji yol xəritəsi

08:40
06 May

Bakı sülh missiyasını uğurla davam etdirir

08:35
06 May

Enerji əməkdaşlığı üzərində qurulan iqtisadi tərəfdaşlıq

08:30
06 May

Milyonların qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:25
06 May

Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri

08:20
06 May

Azərbaycan inkişafı və uğurları ilə yüksəlir

08:15
06 May

Qüdrətli dövlətçiliyin memarı

08:10
06 May

Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində

08:05
06 May

Azərbaycan-İtaliya: dərinməzmunlu əlaqələr siyasi fürsətlərə çevrilir

08:00
06 May

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!