06 May 2026 08:05
81
SİYASƏT
A- A+
Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində

Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində


Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi strategiyanın müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir. Azərbaycan və böyük türk dünyasının görkəmli ictimai-siyasi xadimi Heydər Əliyev xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. 

Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqilliyini bərpa edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu qorumuşdur. Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla qısa müddət ərzində respublikada həm yüngül, həm də ağır sənaye sahəsini inkişaf etdirmişdi. Yaradılmış yeni işləri əsasında insanların rifah halı daha da yaxşılaşmışdı.

 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli Lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. 

Ulu Öndərin ailə institutunun möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətləri olub. Ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir". Ulu Öndər Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə ənənələrimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün  bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. 1990-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq konvensiyalara qoşulmuş və müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli, BMT-nin "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında", "Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" və digər konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. 

Müstəqil dövlətimizin ali sənədinin - Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir. Bu bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Bu baxımdan Ulu Öndərin imzaladığı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunu xüsusilə qeyd etməliyik. Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də narahatlıq doğuran məsələlərdən biri olan qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. Ulu Öndər 1995-ci ildə Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə deyirdi: "...bizim xalqımızın, millətimizin sağlamlığı üçün, həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir. Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf etdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə, biz onlardan xilas olmalıyıq, imtina etməliyik. Bax, bu adət-ənənələrdən biri də keçmişdən bizə miras qalmış, millətimizə xas olan adət - qohumların evlənməsi, ailə qurmasıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün, həm də ümumiyyətlə, millətimizin gələcəyi üçün nə qədər zərərli olduğunu bilirsiniz. Amma nədənsə, bu sahədə ciddi tədbirlər görülmür. Belə bir adət-ənənələrin zərərli olduğu insanlara çatdırılmır, izah edilmir, bu sahədə lazımi profilaktik işlər, yəni izahat işləri aparılmır. Məhz bunların nəticəsində, - yəqin ki, siz bu sahədə tədqiqatlar aparmısınız, bilirsiniz, - çox adamlar anadangəlmə şikəst olur, yaxud əqli cəhətdən inkişaf etmir. Belələri yaşasalar da, fiziki cəhətdən çatışmazlıq onları həmişə incidir".   Nəhayət, onun qaldırdığı bu məsələ milli qanunvericilikdə öz həllini tapdı. İlk növbədə 2005-ci ildə "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edildi. Eyni zamanda bir sıra irsi xəstəliklərlə bağlı dövlət proqramları qəbul olundu. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununa əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qanunda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsi (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) yeni redaksiyada verilmişdir. Bu dəyişiklikdən əvvəl nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi könüllülük əsasında həyata keçirilirdi. Artıq qanun qüvvəyə mindikdən sonra bu məsələ icbari xarakter aldı. 2024-cü ildə Ailə Məcəlləsində dəyişiklik edilərək nikahın bağlanmasına mane olan hallar subyektlər dairəsinin genişləndirilməsi, yəni sadə dillə desək, qohum evliliklərinin  qadağan olunması oldu.  Qanun layihəsi 2025-ci ildən qüvvəyə minmişdir. 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə islahatlar aparılmışdır. Xüsusilə ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında, Prezidentin sərəncamı ilə, 2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Erkən nikah problemi, təəssüf ki, bu gün də cəmiyyətdə aktual problemlərdən biri olaraq qalmaqda davam edir. Bu neqativ halların aradan qaldırılması üçün 2011-ci ildə Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir.  Çox üzrlü, obyektiv səbəblər olduğu təqdirdə nikah yaşı müvafiq icra hakimiyyəti tərəfindən 1 il azaldıla bilərdi. Lakin təcrübədə görürdük ki, bu dəyişiklik erkən nikah hallarının sayını azaltsa da, hələ də var. Bu səbəbdən də 2024-cü ildə Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Dəyişikliyə əsasən, nikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilmiş, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyət müəyyən olunmuşdur. Bu həm valideynləri, həm də erkən yaşda qız uşaqları ilə evlənməyə cəhd edən insanları və buna rəvac verən digər strukturları məsuliyyətli davranmaları, erkən nikahları, uşaq evliliyinin ağır fəsadlarını və bunun bir cinayət olmasını dərk etmək üçün vacib dəyişiklikdir. Ailənin bütövlüyünün qorunmasında Azərbaycan qadınının özünəməxsus yeri vardır. 

Heydər Əliyev qadın hüquqlarının ən böyük müdafiəçisi idi. Qadın hüquqlarının müdafiəsinin dövlət qadın siyasəti səviyyəsinə qalxması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun bu sahəyə böyük diqqəti, imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının müdafiəsi və təminatı istiqamətində mühüm tarixi addım idi. Ulu Öndər hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Biz bunu istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində görmüşük. O deyirdi: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır". 

Ulu Öndər qızların təhsillinə böyük diqqət yetirirdi. Qadınların savadlı olması, onların bu sahədə uğurlar qazanması üçün Heydər Əliyevin tapşırıqları ilə bir çox dövlət tədbiri həyata keçirilirdi. 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayında çıxışı zamanı qeyd etmişdi: "Azərbaycan Qadınının XX əsrdə ən böyük uğuru onun savadsızlığa son qoyması olub. Azərbaycan qadını həm özü savad alıb, həm də savadsızlığa qarşı mübarizə aparıb".  O, hər zaman xarici ölkələrə təhsil almağa gedən tələbələrin siyahısına diqqət yetirər, qızların da o siyahıda olması məsələsini qaldırardı. 

Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar və digər) təsbit olunmuşdur. Ulu Öndərin geniş və uğurlu dövlət qadın siyasəti həm ölkə daxilində, həm də xaricdə özünü büruzə verirdi və xarici təcrübə öyrənilərək tətbiq edilirdi. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq onların qadın məsələlərini əhatə edən konvensiyalarını, protokollarını qəbul etmiş və qanunvericiliyimizdə qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir. 1995-ci ildə keçirilən IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. 

Azərbaycan 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanı ratifikasiya etdi və 2001-ci ildə bu Konvensiyaya Əlavə Protokolu qanunla təsdiq etdi.  Böyük şəxsiyyət Heydər Əliyev 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" fərman da imzalamışdır. Heydər Əliyevin 2000-ci ildə imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxartmışdı. Qeyd etdiyimiz kimi, 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu olub. Ümummilli Liderimiz qadın hərəkatını dəstəkləyən, onların səlahiyyətlərinin artırılması üçün bütün imkanlar yaradan dövlət başçılarından biri idi. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev həyatın müxtəlif sahələrində çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini diqqətlə izləmiş, onların hüququnun qorunması üçün lazımi tədbirlər görmüşdü. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşır. Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olmuşdur. Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. 22 illik fəaliyyəti dövründə fond Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılması ideyası da məhz onun təklifi olmuşdur. Parlamentin spikeri Sahibə xanım bu sahəyə xüsusi diqqət göstərir. Onun dəstəyi ilə davamlı olaraq ictimai dinləmələr keçirir, təkliflər hazırlayırıq. Bu gün də gender bərabərliyinin təmin olunması istiqamətində qanunvericiliyin daha da gücləndirilməsi sahəsində işlər davam etdirilir.

Hazırda da Azərbaycanda gender siyasətinin reallaşdırılması məsələsində yeniliklərə imza atılır. Ötən dövr ərzində milli qanunvericilikdə qadınlarla kişilərin hüquq bərabərliyinin təmin edilməsi istiqamətində qanunlara çoxlu sayda əlavə və dəyişikliklər olunub. Qadınların gender əsaslı zorakılığa və məişət zorakılığına məruz qalmaması üçün müvafiq normativ-hüquqi aktlar qəbul edilib, fəaliyyət planı və  qaydalar təsdiqlənib.  

Ulu Öndər Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır".

Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. 

Uzaqgörən lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə "Uşaq hüquqları haqqında", 1999-cu ildə isə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edildi. 2002-ci ildə isə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyanın "Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokoluna qoşulmaq barəsində", "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair fakultativ protokolları təsdiq olundu. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilmişdir. Ölkəmiz uşaq hüquqları sahəsində bir sıra beynəlxalq sənədlərə qoşulmuş, uşaq hüquqlarının müxtəlif aspektlərini özündə əks etdirən qanunlar qəbul etmiş, həmçinin milli qanunvericiliyin təkmiləşdirilməsi istiqamətində mühüm işlər görmüşdür. 

"Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır" deyən cənab Prezidentin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. Ölkəmiz uşaqları bu cür təhlükələrdən qorumaq məqsədilə həm də 2001-ci ildə "Kibercinayətkarlıq haqqında" Budapeşt konvensiyasına da qoşulmuşdur. 2018-ci ildə qəbul edilmiş və 2020-ci ildə qüvvəyə minmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun bu sahədə çox mühüm rol oynayır. 2019-cu ildə Azərbaycan "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasına qoşulmuşdur. 

Son illər uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər edilimişdir. 2026-cı ildə "Uşaq haqqında" Azərbaycan Respublikasının yeni qanunu qəbul olunmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılması prosesində Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir.      

Hər keçən il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü daha böyükdür. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyevin xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Onun gördüyü böyük işləri yaddan çıxarmaq mümkün deyil. O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmişdir.


Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri, 

siyasi elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milyonların qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:25
06 May

Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri

08:20
06 May

Azərbaycan inkişafı və uğurları ilə yüksəlir

08:15
06 May

Qüdrətli dövlətçiliyin memarı

08:10
06 May

Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində

08:05
06 May

Azərbaycan-İtaliya: dərinməzmunlu əlaqələr siyasi fürsətlərə çevrilir

08:00
06 May

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

Rəqəmsal İdeya Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

22:56
05 May

Rusiya hərbçiləri Zaporojyeyə zərbə endiriblər, ölənlərin sayı 12-yə çatıb

21:53
05 May

Azərbaycan və Belarus arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb  

21:28
05 May

Rusiya ordusu Kramatorsk şəhərinin mərkəzinə bombalar atıb, ölənlər var

21:19
05 May

“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi diqqətdə olub

20:51
05 May

WUF13 Festivalı: Şəki sakinləri açıq havada keçirilən ictimai proqramda həvəslə iştirak ediblər  

20:41
05 May

Azərbaycan istifadəçiləri arasında Facebook yenidən liderdir

20:28
05 May

4000 illik taxta qapı qalıqları tapılıb

20:21
05 May

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

20:18
05 May

Avstriya Kənd Təsərrüfatı Klasteri Azərbaycanla əməkdaşlığa başlayır

20:13
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!