08 Noyabr 2024 08:35
1307
SİYASƏT
A- A+
Tarixə yazılan Zəfər paradı

Tarixə yazılan Zəfər paradı


Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ötən il - 2023-cü il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev  Zəfər paradını əzəli-əbədi yurdumuz olan Xankəndidə qəbul etdi. Müzəffər ordumuzun ayrı-ayrı qoşun birləşmələri Dövlət bayrağımızın dalğalandığı Xankəndinin mərkəzi meydanında əzmlə, qətiyyətlə irəlilədilər. Bu möhtəşəm gün milli dövlətçilik tariximizə əbədi yazıldı və əsrlər sonra da gələcək nəsillər həmin əlamətdar hadisəni böyük qürur hissi ilə xatırlayacaqlar. 


Suveren hüquqlarımızın nümayişi


Bu parad ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpasını, uzun illər Xankəndidə yuva qurmuş erməni separatizminin kökünün kəsildiyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda dövlətin suveren hüquqlarını tam şəkildə həyata keçirdiyini və bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha göstərdi. 

Zəfər paradı Azərbaycan xalqı üçün böyük mənəvi dəyər daşıyır. Bu tarixi gün cəmiyyətimizdəki milli birliyi möhkəmləndirdi, həmrəyliyimizin, milli vəhdətimizin gücü ilə qazandığımız tarixi zəfərin fərəhini bizə yaşatdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu şad oldu. 30 il ərzində yurd həsrətinin acısından, xalqımızın başına gətirilən müsibətlərin ağırlığından ürəyimizə daman göz yaşlarımız sevinc göz yaşlarına çevrildi. 

Azərbaycan belə bir paradla dünya ictimaiyyətinə, xüsusilə  Cənubi Qafqaz bölgəsində sülh və sabitlik arzulayan xarici qüvvələrə də, müxtəlif təxribatlarla regionumuzu qarışdırmaq istəyənlərə də mühüm bir mesaj verdi. Dövlətimiz bu paradla Azərbaycanın təkcə hərbi üstünlüyünü deyil, həm də siyasi iradəsini və diplomatik strategiyasını nümayiş etdirdi. Bu tədbir bölgədə digər tərəfləri sülhə və sabitliyə dəvət edən, eyni zamanda ölkəmizin öz ərazi bütövlüyünü qorumaq istiqamətində qətiyyətini göstərən mühüm addım idi. Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən paradda çıxış edərkən dedi: "Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik. Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin".


Güclü siyasi iradə


Xankəndidə keçirilmiş Zəfər paradı bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsinin simvolu kimi də dəyərləndirilə bilər. Regionda sülh və sabitliksə təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz regionunun təhlükəsizliyi üçün vacibdir. Xankəndi paradı göstərdi ki, yaşadığımız coğrafiyada əmin-amanlığın, davamlı inkişaf mühitinin təmin olunması Azərbaycandan asılıdır, bu, dövlətimizin yeni strateji dövrdə üzərinə götürdüyü tarixi missiyadır.

Zəfər paradı illərdən bəri apardığımız haqq savaşındakı mütləq qalibiyyətimiz, tarixi qələbəmizin böyük nümayişi idi. Dövlətimiz bu parad vasitəsilə tarixin ən qüdrətli Azərbaycanını bir daha təqdim etdi. Ölkəmizin mədəni və tarixi irsinə sadiqliyinin, Qarabağın tarixi sahiblərinin yenidən bu torpaqlara qayıtmasının simvolik təcəssümü kimi yadda qaldı. 

Parad zamanı Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi güc ordumuza olan etimadımızın, güvənimizin təntənəsinə çevrildi. Ötən ilin sentyabrında həyata keçirilmiş 23 saatlıq antiterror əməliyyatı, separtaçıların təxribatçı yuvalarının dağıdılması, onların "rəhbərlər"inin qandallanaraq Bakıya gətirilməsi ordumuzun ölkənin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün nə qədər böyük gücə malik olduğunu bir daha göstərdi.

Azərbaycan tarix boyu çox ağrılı-acılı yollardan keçib. Yerləşdiyimiz geostrateji ərazi, zəngin təbii sərvətlərimiz zaman-zaman kimlərinsə iştahasını çəkib. Əsrlərboyu öz taleyimizin sahibi olmamışıq, müqəddəratımıza başqaları qərar verib, başımız üzərindən sonradan taleyimizin bəlasına çevriləcək mürəkkəb oyunlar aparılıb. Torpaqlarımız bölünüb, yağmalanıb, sərvətlərimiz qarət olunub. Bu Vətənin zənginliyinə göz dikən hər kəs Azərbaycandan nə isə qoparmağı fürsət bilib. Tarixi torpaqlarımızda Ermənistan dövləti qurulub, əzəli-əbədi yurdlarımız sərhədlərin o üzündə əsir qalıb. Torpağın köksündəki tarixi izlərimiz, milli nişanələrimiz - toponimlərimiz dəyişdirilərək özgələşdirilib, maddi-mədəniyyət abidələrimiz vandalizmə məruz qalıb, milli yaddaş saxtalaşdırılıb. Əsrlər ərzində hər kəs də bunu sanki normal bir reallıq kimi qəbul edib. Çünki belə bir acı reallıqla barışmaqdan başqa əlacımız olmayıb. Başqalarının bu qərarlarına, qəsbkarlıqlarına qarşı çıxmaq haqqımız tanınmayıb. 

Ötən əsrin 80-ci illərinin sonlarına doğru erməni separatçılarının Qarabağda baş qaldırması, dünyanın hər yerindən axın-axın erməni terrorçularının, kriminal ünsürlərin gəlib bu bölgədə yuva salması, soydaşlarımızın Ermənistan ərazisindəki dədə-baba yurdlarından qovulması da bu reallığın davamı idi. Ümummilli Lider Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyindəki yüksək vəzifəsindən uzaqlaşdırılmasını, proseslərə təsir imkanlarının məhdudlaşdırılmasını imkan bilib ölkəmizə qarşı yeni işğal planlarını işə salan ermənilər də, onların havadarları da düşünürdülər ki, bu, Azərbaycandan növbəti dəfə yeni ərazilər qoparmaq üçün fürsətdir. İlk mərhələdə buna nail oldular da.

 Amma 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışı onların planlarını pozdu. Ulu Öndər Azərbaycanı çətin sınaqlardan çıxarıb indi yaşadığımız dövrə hazırlamağa başladı. Qarabağ probleminin bir an da olsun diqqətdən kənarda qalmasına yol vermədi. Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu, sosial-iqtisadi inkişaf tədbirləri ilə paralel bu taleyüklü məsələni də daim gündəmdə saxladı.


Yeni bir reallığın başlanğıcı


Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderin formalaşdırdığı möhkəm təməllər üzərində güclü bir dövlət yaratdı. Sosial-iqtisadi nailiyyətlərinə, qlobal nüfuzuna görə Azərbaycanı regionun lider ölkəsinə çevirdi. Təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji-kommunikasiya layihələrinin uğurları sayəsində Azərbaycanın beynəlxalq önəmi artdı. Dünyada səsimiz-sözümüz eşidildi. 

Azərbaycan Prezidenti bütün dünyada Qarabağ münaqişəsi ilə bağlı aydın təsəvvür formalaşdırmağa nail oldu. Xalqımızın torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizəsinin haqq işi olduğunu, tarixi ədalətə, beynəlxalq hüquqa əsaslandığını sübuta yetirdi. Azərbaycanın bu prinsipial mövqeyini ali tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ölkəmizə qarşı gələcəkdə hər hansı ittihama əsas verməmək üçün sülh danışıqlarına sona qədər sadiq qaldı.

Lakin illər keçdikcə sülhə ümidlər tükənirdi. Yalnız münaqişənin hərbdən başqa heç bir yolunun qalmadığına əmin olandan sonra 30 ilin münaqişəsi cəmi 44 günün içində həll edildi. Zamanı çatanda separatçıların Xankəndidəki yuvalarının dağıdılmasına isə cəmi 23 saat gərək oldu. "Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik" , - Azərbaycan Prezidenti Zəfər paradında söylədiyi tarixi çıxışında bunu xüsusi vurğuladı.


Diplomatik səylərin uğurları


Ölkəmizə rəhbərliyi dövründə hərtərəfli uğurlarımızla Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyev bu gün də dövlətimizin regional və beynəlxalq mövqeyini möhkəmləndirir, strateji maraqlarımızı təmin etmək üçün məqsədyönlü addımları davam etdirir. 

Vətən müharibəsi gedişində və müharibə bitdikdən sonra dövlət başçısının diplomatik səyləri respublikamızın tarixi qələbəsinin beynəlxalq arenada tanınmasını təmin etdi. Azərbaycan qalib ölkə olmasına rəğmən Ermənistanla normallaşma proseslərinin başlanması üçün ilk vacib addımları atdı, sülh təşəbbüsləri ilə çıxış edərək regionda  dayanıqlı inkişaf, bütün qonşularla mehriban münasibətlər, qarşılıqlı əməkdaşlıq marağında olduğunu dünyaya nümayiş etdirdi. Müharibədən sonra keçmiş münaqişə bölgələrində Azərbaycanın suveren hüquqlarının tanınması və sərhədlərin delimitasiya prosesinin başlaması üçün müəyyən razılaşmalar əldə olundu. Bütün bunlar ölkəmizin ərazi bütövlüyü prinsipinin beynəlxalq miqyasda dəstəkləndiyini göstərdi.

Ermənistanla sülh danışıqlarının aparılması, xüsusilə son dövrlər bu istiqamətdə ciddi irəliləyişlərin əldə olunması Prezident İlham Əliyevin Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində diplomatik səylərinin vacib istiqamətlərindən biridir. Ermənistanla sərhədin delimitasiya məsələləri və sülh müqaviləsinin son bəndlərinin müzakirələri Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsində göstərdiyi iradəni nümayiş etdirir. Prezident İlham Əliyevin diplomatik bacarığı nəticəsində regionda sülh prosesi yeni bir mərhələyə keçmiş və Ermənistanla münaqişədən sonra əlaqələrin normallaşdırılması istiqamətində müəyyən irəliləyişlər əldə olunmuşdur.

Bu gün Azərbaycan həm də türk dövlətləri arasında inteqrasiya proseslərinə verdiyi əhəmiyyətli töhfələrlə türk dünyasının əsas mərkəzlərindəndir. Azərbaycanın Türk Dövlətləri Təşkilatında rolu getdikcə güclənir. 2021-ci ildə təşkilatın adının dəyişdirilməsi və inteqrasiya proseslərinin sürətlənməsi türk ölkələri arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaratdı. Təşkilatın dövlətlərinin Azərbaycanın qələbəsinə dəstəyi beynəlxalq mövqelərimizin daha da gücləndirilməsinə xidmət etdi. 

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də Prezident İlham Əliyevin diplomatik sahədə əldə etdiyi mühüm uğurlardandır. Bu dövrdə ölkəmiz qurumun inkişafına mühüm töhfələr vermiş, qlobal nüfuzunun yüksəlməsinə nail olmuş, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi məsələlərində fəal rol oynamışdır. Qoşulmama Hərəkatının üzv ölkələri arasında Azərbaycanın nüfuzunun artması Prezident İlham Əliyevin ədalətli dünya quruluşuna çağırışları ilə müşayiət edilmişdir.


Zəfərin suverenlik zirvəsi


Hər bir xalq suverenliyə, müstəqil dövlətini quraraq inkişaf etdirməyə can atır. Tarix boyu bu nailiyyət çox az xalqlara nəsib olub. Qürur duyuruq ki, dünyanın müstəqil dövlətə malik xalqları sırasında Azərbaycan xalqı da var. 

Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis olundu. Bununla da hər birimizin qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir günün əlamətdarlığı təqvimdə rəsmiləşdi. Sərəncamda oxuyuruq: "Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır". 

Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsidir. Dövlətin siyasi və hüquqi xüsusiyyəti kimi onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə konstitusiyasına və qanunlarına, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə və normalarına uyğun həyata keçirə bilməsidir. Eyni zamanda xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququnun təmin olunmasıdır. Ən nəhayət, xalqın öz taleyinə sahibliyidir. Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Bu güc, qüdrət artıq ən böyük nailiyyətimiz olan suverenlik, ərazi bütövlüyü reallığını da əhatə edir. 

31 il əvvəl Azərbaycan dövləti gələcəyə doğru ilk addımlarını ataraq Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi nailiyyətlərlə dolu böyük bir tarix yazdı. Bu tarix bizi ən  böyük qələbəyə, ən böyük hədəfə yetirdi.  "Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin. Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni biz bütün vəzifələri icra etmişik...", - Azərbaycan Prezidenti hələ bir il bundan əvvəl Xankəndidəki paradda çıxışı zamanı bu fikirləri demişdi. 

Zəfər paradı Azərbaycanın Qarabağ bölgəsindəki nailiyyətlərinin, milli qürurunun və dövlətçiliyinin rəmzi olaraq yaddaşlarda qalır. Bu parad həm Azərbaycan xalqının, həm də bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edən siyasi iradənin ifadəsidir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib  

22:25
10 Dekabr

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib  

22:23
10 Dekabr

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır  

22:22
10 Dekabr

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib  

22:21
10 Dekabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB  

22:20
10 Dekabr

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib  

22:18
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB 

21:51
10 Dekabr

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:47
10 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!