Qədim Gəncə gündən-günə gözəlləşir. Ozü də bu gözəllik qədimliklə müasirliyin vəhdətindən yaranmaqla Gəncənin 4000 illik şəhər mədəniyyətinə malik olduğunu önə çıxarır, Azərbaycanda dövlətçilik və mədəniyyət tarixinin qədimliyini və zənginliyini nümayiş etdirir.
İndi Gəncə həm də regionun müasir sənaye və turizm mərkəzidir. Bir-birinin ardınca həyata keçirilən sosial-iqtisadi layihələr Gəncənin simasını tanınmaz dərəcədə dəyişdirmişdir. Mədəniyyət mərkəzləri, möhtəşəm binalar ərsəyə gəlmiş, tarixi abidələr bərpa olunmuş, yeni parklar salınmış, sənaye obyektləri istifadəyə verilmişdir. Özü də bütün bu işlər şəhərin təsdiq olunmuş Baş planı əsasında həyata keçirilmişdir. Plana əsasən, 2030-cu ilədək şəhərin ərazisi iki dəfə artaraq 17 min hektara çatır. Gəncədə yeni məhəllələr salınacaq, çoxmərtəbəli binalar inşa olunacaq, küçə və prospektlər, müəssisələr, habelə təhsil, səhiyyə, turizm, incəsənət və mədəniyyət ocaqları, eləcə də istirahət zonaları yaradılacaq. Şəhərdə mövcud olan yaşıllıq sahəsi də genişləndirilərək 2251 hektara çatdırılacaq. Ən əsası budur ki, Baş planda milli memarlığın qədim üslubu ilə yanaşı, müasir şəhərsalmanın son nailiyyətləri də özünə yer almışdır.
Bu gün isə həyata keçirilən yenidənqurma və abadlıq işləri əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərlə paralel aparılır. İnsanların maddi-rifah halının yüksəldilməsi, onların məşğulluğunun təmin edilməsi regional inkişaf məqsədilə dövlət proqramında nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. O cümlədən müxtəlif səbəblərdən fəaliyyəti dayanmış müəssisələrin işini bərpa etmək üçün güzəştli kreditlər verilir, paralel olaraq yeni sənaye obyektləri işə salınır. Nəticədə şəhərin iqtisadiyyatı yüksəlir, əhalinin gəliri artır.
Məlum məsələdir ki, şəhərə gələn xarici turistləri ən çox maraqlandıran tarixi abidələrdir. Bu səbəbdən belə abidələrə diqqət də artır. İllərlə baxımsız qalmış tariximizin yadigarları sürıtlə bərpa olunur. Yeri gəlmişkən qeyd edək ki, Gəncədə tarixin müxtəlif dövrlərini özündə yaşadan 504 tarixi abidə siyahıya alınıb. Onların 288-i dövlət tərəfindən qorunur. Təkcə son 4 ildə 150 maddi mədəniyyət abidəsi bərpa edilib.
Gəncə məscid, mədrəsə, karvansara, hamam və digər abidələrlə olduqca zəngindir. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşən Comərdi-Qəssab, həmçinin Cümə məscidinin həyətindəki Cavad xan türbələri Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən həyata vəsiqə almışdır. Bu yerdə Ulu Öndər Heydər Əliyevin söylədiyi: "Azərbaycana təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər" - fikrini xatırlamamaq mümkün deyil.
Bu gün Gəncədə olan hər bir turist onun tarixi və müasirliyi qarşısında heyranlığını gizlədə bilmir. Türkiyənin Atatürk Araşdırmalar Mərkəzinin başqanı Mehmet Ali Beyhan Gəncədə olarkən ürək sözlərini belə ifadə etmişdir: "Gəncə çox gözəl şəhərdir. Burada gördüklərim çox xoşuma gəldi. Gəncədə həm tarix, həm müasirlik bir vəhdət şəklindədir. Biz gözlədiyimizdən də artıq səmimiyyət və mehribanlıqla qarşılandıq. Atatürk prospektində olduq, Xan bağını gəzdik. Həm ən müasir, həm də qırmızı kərpiclə inşa olunmuş tarixi binaları seyr etdik. Azərbaycanda dəfələrlə olsam da, bu günə kimi Gəncəyə gəlmədiyimə görə təəssüfləndim. Lakin ümid edirəm ki, bundan sonra əlaqələrimiz möhkəmlənəcək, biz bu gözəl, möhtəşəm şəhərə tez-tez gələcəyik. Onu da qeyd etməyi özümə borc bilirəm ki, şəhər rəhbərliyinin olduqca yüksək təşkilatçılığı və gəncəlilərin qonaqpərvərliyi, səmimiyyəti bizi heyran etdi". Qardaş ölkənin Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal isə Gəncə haqqında demişdir: "Bu səfər mənim üçün həm də onunla əlamətdardır ki, zəngin türk mədəniyyətinə malik olan Gəncə kimi bir şəhərlə tanış oldum".
Yaxşı demişlər: yaşıllıq ürəyin, beynin məlhəmidir. Əgər buraya gözlərimizin doymadığı əsrarəngizliyi də əlavə etsək, onda demək olar ki, bu qədim şəhər yaşıl cənnətdir. Son 5 ildə salınan Fikrət Əmirov, İstiqlal, Nəriman Nərimanov parkları, abad xiyaban və bağçalar, Gəncəçayın sahilini bəzəyən Gəncə bulvar kompleksi, Əziz Əliyev, Vazeh parklarında görülən yenidənqurma işləri istər yerli sakinlərə, istərsə də şəhərə gələn turistlərə rahatlıq bəxş etmişdir. Onu da nəzərə çatdıraq ki, "Quru Qobu" deyilən ərazidə salınmış Heydər Əliyev park-kompleksinin isə analoqu yoxdur. 450 hektar ərazini əhatə edən, uzunluğu 2 kilometr olan bu parkda dünyanın ən nadir bitkilərinə, bəzək kollarına, gül-çiçəyə rast gəlmək mümkündür. Cadar-cadar olan torpaqda süni göl yaratmağın mümkünlüyünə inanmayanlar çox oldu. Lakin qısa bir zamanda burada elə bir süni göl yaradıldı ki, indi insanlar bu gözəllikdən doya bilmirlər. Prezident İlham Əliyevin möcüzə adlandırdığı park-kompleks həmişəyaşıl ağaclarla zəngin olsa da, onun məşhur çinar xiyabanı daha baxımlıdır. Ulu Öndərin öz əlləri ilə əkdiyi çinar ağacı isə əsl ziyarətgahdır.
Muzeylərin maddi və mənəvi dəyərlərinin qorunmasında, öyrənilməsində müstəsna əhəmiyyəti vardır. Son illər Gəncədə aparılan genişmiqyaslı quruculuq işləri elm, maarif müəssisəsi sayılan yeni muzeylərin yaranması ilə müşayiət olunur. Son illər Prezident İlham Əliyevin Gəncəyə səfərlərinin hər biri möhtəşəm tikililərlə yanaşı, inşası başa çatan muzeylərin açılışı ilə yaddaşlarda qalır. Təkcə 2014-cü il yanvarın 21-də Gəncəyə növbəti səfəri zamanı dövlət başçısı 5 muzeyin qırmızı lentini kəsmişdir.
Azərbaycanın, o cümlədən Gəncənin 4 min illik tarixi ilə tanış olmaq üçün Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksinə getmək kifayətdir. Burada Gəncənin bütün tarixi, görkəmli şəxsiyyətləri, döyüş silahlarından tutmuş döyüş paltarlarından, eləcə də Gəncənin süfrə mədəniyyəti, məişəti, etnoqrafiyası ilə tanış olmaq mümkündür.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı kimi xalqımıza çox doğma və əzizdir. Onun adı ilə bağlı olan nə varsa, gəncəlilər üçün müqəddəs sayılır. Gəncədəki Heydər Əliyev Mərkəzi vətənə məhəbbətin, xalqına sədaqətin, hətta doğma Vətən üçün canından belə keçməyə hazır olan əbədiyaşar bir insan ömrünün bütün anlarını özündə əks etdirir.
Məhsəti Gəncəvi və Nizami Gəncəvi muzeyləri də eksponatlarla zəngindir. Mir Cəlal Paşayevin xatirə muzeyi isə böyük alim və yazıçının xatirəsini yaşadır. Tarix-diyarşünaslıq muzeyi Gəncənin tarixinə bələdçilik edir. İsrafil Məmmədov muzeyi qəhrəmanlığın yolunu nişan verir.
Gəncədə bənzəri olmayan Gəncə Dövlət Filarmoniyasının binası indi şəhərə bir ayrı gözəllik verir. 1200 yerlik konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi olan binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidmət otaqları fəaliyyət göstərir. Filarmoniyanın fasadında Azərbaycan musiqi karifeylərinin heykəlləri qoyulmuşdur.
Digər bir sənət məbədinin - Gəncə Dövlət Dram Teatrının yeni binasının da təməlini Prezident İlham Əliyev qoyub. Yeni binanın inşası üçün 1 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetrdir. Binanın 520 nəfər tutumu olan tamaşaçı zalı var. 150 yerlik yeraltı avtomobil dayanacağı, restoran, çayxana, kafe və digər iaşə obyektləri də teatra gələnlərin ixtiyarındadır.
Bakı istiqamətindən Gəncəyə yaxınlaşarkən gözlərimiz önündə qeyri-adi mənzərə canlanır. Elə bir mənzərə ki, bu əsrarəngizliyi yaradanlara min əhsən deyirsən. Yüksəklikdə dalğalanan üçrəngli bayrağımız, Qala Qapılarının möhtəşəm görkəmi, qeyri-adi yaşıllıq və fontanlar, uzun yolun yorğunluğunu çıxara bilən müasir görkəmli, səliqə-sahmanlı kafe. İçdiyin pürrəngi çaydan, gördüyün mənzərədən elə zövq alıb canlanırsan ki, ətrafı seyr etmək həvəsi birəon qat artır. Çünki gözlərin önündə qeyri-adi gözəllik dünyası açılır. İstinad divarları sırf milli memarlığın bir nümunəsi kimi bənzərsizdir. Dünyanı fəth edib, ölümsüzlük qazanan, 8 əsrlik bir tarixin o üzündə qalan bir dünyanı canlandıran abidə-kitablar yaddaşları təzələyir. Dahi Nizaminin "Xəmsə"sinə daxil olan 5 şah əsərə qoyulmuş abidə gəncəlilərin kitaba, onun müəllifi mütəfəkkir şair Nizami Gəncəviyə sonsuz məhəbbətinin bir təntənəsidir desək, yanılmarıq. Bəlkə də dünyanın heç bir yerində kitaba belə möhtəşəm abidə qoyulmayıb.
Hündürlüyü 25, eni 12 metr olan bu kitab-abidələrin önündə şəkil çəkdirən turistlərin heyranlığını görməmək mümkün deyil. Onlardan birinin - macarıstanlı Viraq Porzsenin fikirləri maraqlıdır: "Gəncəni bu qədər gözəl təsəvvür edə bilməzdim. Burada böyük quruculuq işlərinin şahidi oldum. Maraqlandım, dedilər ki, gördükləriniz qısa bir müddətdə başa gəlib. Doğrusu söz tapa bilmirəm. Burada, deyəsən, inkişaf aylarla deyil, günlərlə hesablanır. İnsanlar çalışqan olduqları qədər həm də mehribandırlar. Ünsiyyət qurmaq asandır. Yetər ki, şəhərləri, tarixləri barədə sual ver. İstədiyin qədər məlumatlanacaqsan. Bunu yalnız torpağına, tarixinə, mədəniyyətinə bağlı olan, onunla fəxr edən insanlar bacara bilərlər". Almaniyalı Truc Tran Nqoc isə deyir ki, buraya gələnə qədər Gəncə haqqında az məlumatım olduğu üçün təəssüf edirəm: "Bir şeyin şahidi oldum: burada Nizamiyə məhəbbət tükənməzdir. Bunu hər addımda şəhərdə də, insanlarla ünsiyyətdə də, məqbərə kompleksində də aydın hiss etdim. Burada Nizami Gəncəvi böyük məhəbbət selinə bürünmüşdür. Alqış olsun!" ABŞ-dan gələn turist Amanda Rivkin isə "Gəncə bir məkan kimi gözəldir. İnsanları istiqanlı, ürəkləri açıqdır. Burada insanlar həm torpaqlarını, həm də mədəniyyətlərini çox sevirlər. Mənim Azərbaycan dilində söylədiyim bir neçə kəlməni, məhəbbət və alqışlarla qarşılayırlar. Sözün həqiqi mənasında, sizlərə qibtə edirəm", - dedi.
Sabir ƏLİYEV,
"Azərbaycan"