Hədəfdə yenə dinc sakinlərdir... Ermənistan
silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycanın nəinki cəbhə bölgələrini,
döyüş ərazilərindən uzaqda olan yaşayış yerlərini belə gülləbaran edirlər. Oktyabrın
11-də gecə saat 2 radələrində Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Azərbaycanın
ikinci böyük şəhəri - qədim və gözəl Gəncə hədəf seçildi. 500 mindən çox əhalisi olan bu şəhər də cəbhə
bölgəsindən xeyli uzaqdır.
Həmin gecə dinc sakinlər düşəmin fitnəsindən
xəbərsiz öz evlərində ikən raket atəşinə məruz qaldılar. 4-ü qadın olmaqla 10 nəfər
həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı. 10-dan artıq çoxmənzilli
binaya, eləcə də 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı
qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən
atəşə tutması nəticəsində, ümumilikdə mülki şəxslərdən 3-ü uşaq olmaqla 42 mülki
şəxs həyatını itirib, 206 nəfər yaralanıb. Həmçinin Ermənistan ordusunun intensiv
ağır artilleriya və raket atəşi nəticəsində 1479 ev, 241 mülki obyekt və 66 çoxmərtəbəli
yaşayış binası yararsız vəziyyətə düşüb.
Erməni faşistləri həm də amansız uşaq qatilləridirlər.
Onlar məktəblərə, uşaq bağçalarına ağır artilleriya zərbəsi endirirlər. Təhsil Nazirliyi
düşmən tərəfindən hədəfə alınan azərbaycanlı məktəblilərin adlarını və erməni təcavüzü
nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Nazirlikdən bildirilib ki, düşmən təcavüzü
nəticəsində 3 məktəbli - Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd
tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov
adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov
və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi
Fərid İsgəndərov həlak olub.
Eyni zamanda Gəncə şəhərinin bombalanması
nəticəsində məktəblilər - Banu İbrahimova, Fərid İbrahimov, Turqay Əliyev, İlyas
Həsənbəyli, Məleykə Abdullayeva, Ömər Mehdiyev, Səlim Mustafazadə, Murad Cavadov,
Dinarə Muradova, Rauf Muradov, Hüseyn Əliyev, Sevinc Rəhimova, Aysu Əliyeva, Şəmiddin
Şirinov, Şəfa Şirinova yaralanıblar.
Nazirlikdən verilən məlumata görə, düşmənin
təcavüzü nəticəsində ümumilikdə, 37 məktəb dağıntılara məruz qalıb. Bunlar Tərtərdə
12 məktəb, Ağdamda 11 məktəb, Gəncədə 5 məktəb, Füzulidə 4 məktəb, Goranboyda 3
məktəb, Bərdə və Ağcabədidə 1 məktəbdir.
Bu günlərdə baş verən faciəli hadisələr bir
daha təsdiq edir ki, tarix dəyişsə də, erməni xisləti dəyişmir. XX əsrin əvvəllərində
də, ortalarında da, sonlarında da həmin bu xislətlə, bu vəhşiliklə ermənilər xalqımıza
divan tutdular. Bu mənfurlar üçün fərqi yoxdur ki, qarşılarındakı uşaq, qadın, qoca,
cavandır. Onlar azərbaycanlı olan hər kəsə amansızdırlar. Ən dəhşətlisi isə budur
ki, heç zaman öz əməllərindən peşman olmurlar, xəcalət çəkmirlər.
XX əsrin axırlarında əvvəlcə Ermənistan SSR-in
ərazisinə çevirdikləri əzəli Azərbaycan torpaqlarından yerli sakinləri son nəfərinədək
qovdular. 1988-ci ildə doğma yurdlarından zorla çıxarılan soydaşlarımızdan 23-ü
uşaq olmaqla 216 nəfəri qətlə yetirdilər. Hadisələrin ardınca Dağlıq Qarabağı odlara
qaladılar. Mərmi salmadıqları ocaq, dağ çəkmədikləri ailə buraxmadılar.
XX əsrin sonuncu onilliyində başlayan Birinci
Qarabağ müharibəsi zamanı erməni faşistləri onlara tarixi ərazilərində yaşamaq üçün
yer, süfrələrində yemək verən Azərbaycan xalqının yaxşılıqlarının əvəzini hər cür
yamanlıq etməklə verdilər. Sovet imperiyasının dağıldığı, siyasi, iqtisadi, sosial
vəziyyətin gərginləşdiyi dövrü əllərinə düşən girəvə bildilər. Göstərdilər ki, göz
dikdikləri yalnız torpaqlarımız deyil. Xaricdən güc alaraq ərazilərimizi işğal etmək
planlarının bir hissəsi oldu. Müharibə sözünü tələffüz belə edə bilməyən körpələrimizə,
hamilə qadınlarımıza, qocalarımıza aman vermədilər.
Birinci Qarabağ müharibəsində erməni vəhşilikləri
nəticəsində Azərbaycan tarixinə misli-bərabəri görünməmiş faciələr yazıldı. Ermənilərin
Xocalıda törətdikləri vəhşiliklər isə yalnız bizim deyil, bütün bəşəriyyətin tarixinə
qanlı səhifə kimi yazıldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri Xocalıda qətliam törətdilər. Xocalı soyqırımı nəticəsində 63-ü
uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə
tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini
itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir
götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın
taleyi bu günədək məlum deyil.
1994-cü ildə
atəşkəs elan olundu. Ancaq Ermənistan dövləti öz mənfur əməllərindən əl çəkmədi.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusu, eləcə də dinc sakinlərimiz
mütəmadi atəşə tutuldular. Azərbaycan balalarından kimisi 9 yaşlı Fariz Bədəlov
kimi həyətdə oynayarkən, kimisi 2 yaşı tamam olmamış körpə Zəhra kimi nənəsi ilə
birlikdə qətlə yetirildi. Elə ailələr oldu ki, bütövlükdə erməni vandalları tərəfindən
məhv edildi.
Oktyabrın
11-də gecə saat 2-də Gəncədə xalqımıza qarşı törədilən növbəti qanlı terror aktından
xəbər tutan dünya ölkələri erməni vəhşiliyinə heyrətlənir. Amma heyrətlənmək, dəhşətə
gəlmək, hətta qınamaq da yetməz. Unutmaq olmaz ki, o insanlar döyüşçü, əsgər deyildilər.
Öz evlərində, doğmaları ilə birlikdə yaşayan dinc sakinlər gecənin birində Ermənistanın
hərbi-siyasi rəhbərliyinin əmrini yerinə yetirən erməni ordusunun raket atəşinə
məruz qalaraq kimi həyatı ilə vidalaşdı, kimisi isə doğmalarını və sağlamlığını
itirdi. Gəncədə erməni vandallarının törətdikləri terror aktına dünyanın əmin-amanlığını
arzulayan, ədalətini və haqsevərliyini qoruyan heç bir dövlət laqeyd qalmamalıdır.
Xocalı soyqırımına susmuş bəşəriyyət bu dəfə dilə gəlməlidir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”