22 Sentyabr 2024 08:30
2225
CƏMİYYƏT
A- A+
Suverenlik şəhidləri 

Suverenlik şəhidləri 


Bu günlər Azərbaycan xalqı tarixinin, taleyinin ən əlamətdar, ən yaddaqalan, ən şərəfli günlərini yaşayır. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü ildə Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqındakı sərəncamını xalqımız böyük sevinc və coşqu ilə qarşıladı. Çünki 20 Sentyabr - Dövlət Suverenliyi Gününün təsis edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında qazandığı tarixi zəfərin nəticəsi, qələbələrin, uğurların davamıdır. Ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün bərpası üçün atılan addımların zirvəsi, xalqın milli iradəsinin, birliyinin parlaq təzahürüdür. 

Ermənistan silahlı qüvvələri qüdrətli Azərbaycan Ordusunun geniş və hərtərəfli düşünülmüş taktiki gedişləri, sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək məğlub olub, uzun illər işğalda saxladıqları torpaqlarımızdan geri çəkildilər. Amma tarix boyu sözü ilə əməli üst-üstə düşməyən ermənilər Qarabağdan silahlı qüvvələrinin tör-töküntülərini çıxarmadılar. Buradakı separatçılara dəstək vermək üçün silahlı qüvvələrini Qarabağda saxladılar. Təxribatçı əməllərindən də əl çəkmədilər. Tez-tez müxtəlif istiqamətlərdə mövqelərimizə hücum etdilər. Hərbçilərin və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparan mülki işçilərin ölümü ilə nəticələnən bu təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin tərk-silah edilməsi, torpaqlarımızdan qovulması məqsədilə 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu bölgədə antiterror tədbirləri keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən və sentyabrın 20-də uğurla başa çatan əməliyyat nəticəsində ordumuz erməni separatçılarını diz çökdürdü. Azərbaycan əsgərinin gücü, qüdrəti qarşısında duruş gətirməyi bacarmayan erməni işğalçıları ağ bayraq qaldırıb təslim oldular. Bununla da Qarabağda separatizmin kökü kəsildi. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Erməni işğalçıları üzərində qazanılan şanlı Zəfər Azərbaycan xalqının tarixində, taleyində mühüm rol oynadı. Əldə olunan tarixi qələbələrin sayəsində bu gün üçrəngli bayrağımız suverenliyimizin bərpa olunduğu bütün şəhər və qəsəbələrdə əzəmətlə dalğalanır. Bu qürurverici səhnələri gördükcə sevinirik. 


Şəhidlərə böyük hörmət və ehtiram var


Ölkəmizdə Dövlət Suverenliyi Gününün təsis edilməsi qüdrətli Azərbaycanın hərbi-diplomatik gücünün, xalqın milli birliyinin və həmrəyliyinin təntənəsidir. Bütün bunlar tariximizin ən parlaq, qürur duyulası, fəxr ediləsi səhifələridir. Bu həm də suverenliyimizin, ərazi bütövlüyümüzün qazanılması uğrunda canından keçmiş şəhidlərə böyük hörmət və sonsuz ehtiramdır. Şəhidlərə göstərilən ehtiram Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqındakı sərəncamında da öz əksini tapıb. Sərəncamda deyilir: "Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".

Ötən ilin 19-20 sentyabrında suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda Qarabağda keçirilən antiterror əməliyyatlarında şəhidlərimiz də oldu. Bu cəsur oğullar xalqımızın suverenlik şəhidləridir. 2023-cü il sentyabr ayının 22-də Şəhidlər xiyabanında suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbçilərin dəfn mərasimində iştirak etmişdim. Bütün bunlar sanki bir il əvvəl yox, lap elə bil dünən, srağagün olmuşdu. Ona görə də dəfn mərasimini bütün xırda detallarına qədər indiki kimi xatırlayıram...


2023-cü ilin ilk payız günü


2023-cü ilin 22 sentyabr səhəri idi... 

Payızın ilk günü olsa da, hava isti idi. Ömürlərini Vətən yolunda fəda edən qəhrəman oğullarımızın dəfnində iştirak üçün Şəhidlər xiyabanına gəlmişdik. Çox hüznlü və kədərli bir gün idi. Həmin payız günü 30 ildən çox Qarabağda məskən salmış erməni separatçılarına qarşı keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olmuş cəsur igidlər torpağa tapşırılırdı. Sanki bu gün Şəhidlər xiyabanındakı bayraqlar daha da əzəmətlə dalğalanırdı...

Təəssüflər olsun ki, bəzən ömrümüzdə xoş günlərimizlə bərabər elə hüznlü, elə kədərli hadisələrin şahidi və iştirakçısı oluruq ki, onları isti-isti sözə çevirib ağ vərəqlər üzərinə köçürməkdə çətinlik çəkirik. Buna görə nə qədər səy göstərsək də, həmin anlarda qəlbimizi bürüyən kədərin səddini aşıb mövzuya köklənə bilmirik. Amma müəyyən zaman keçəndən sonra ötüb keçənləri xatırlaya-xatırlaya sözləri, cümlələri bir-birinin ardınca ağ vərəqlər üzərində nizama düzürük.

Əslində, bu yazı ötən il qələmə alınmalıydı. Amma nə edəsən ki, şahidi olduğumuz hadisənin kədərinin, hüznünün ağırlığı yazıya cığır açmağa imkan vermirdi. Nə qədər özümüzü cəmləsək də, ovqatımız düzəlmirdi. Bizim üçün nə qədər çətin olsa da, düşünürdük ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi üçün bunu mütləq yazmalıyıq. Çünki bu da bizim cəsur oğullar qarşısındakı mənəvi borcumuz idi. Bir şey bizə təsəlli verirdi ki, aradan xeyli zaman keçsə də, iştirakçısı olduğumuz bu hüznlü, bu kədərli hadisə yaddaşımızda elə olduğu kimi qalıb. Zaman onun üstündən heç nə götürə bilməyib. Sanki bütün bunlar bir il əvvəl yox, elə dünən, srağagün olmuşdu...      

19 sentyabr 2023-cü ildə erməni separatçılarını və Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini Qarabağdan birdəfəlik təmizləmək üçün şanlı Azərbaycan Ordusu bölgədə uğurla başa çatan lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Əməliyyatın elə ilk dəqiqələrindən ordumuzun hissələri döyüşdə üstünlük qazana-qazana  düşmənə sarsıdıcı zərbələr endirdi. İllərdən bəri Qarabağda məskən salıb ölkəmizə meydan oxuyan separatçılar bu dəqiq və sarsıdıcı zərbələr qarşısında tab gətirməyərək 30 ilə yaxın möhkəmləndikləri mövqelərdən geri çəkilmək məcburiyyətində qaldılar. Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı, ordumuzun gücü, qüdrəti elə döyüşlərin ilk anlarından aydın görünürdü. Aydın görünən bu qürurverici görüntü ordumuzun separatçılar üzərində qazanacağı Zəfərdən xəbər verirdi. Qələbəyə inam və ümidi daha da artırırdı.

Hər şey gözlənildiyi kimi oldu. 23 saat 43 dəqiqə davam edən əməliyyat uğurla başlayıb, zəfərlə yekunlaşdı. Qüdrətli Azərbaycan Ordusu hədəflədiyi məqsəd və məramına tamamilə nail oldu. Erməni separatçıları və Ermənistan ordusunun tör-töküntüləri həm hərbi texnika, həm də canlı qüvvə sarıdan ağır itkilərə məruz qalaraq ağ bayraq qaldırdılar. Özünü "məğlubedilməz" hesab edən erməni separatçılarının gücü qüdrətli ordumuzun qarşısında yalnız bir sutkadan da az müddətdə dayanmağa çatdı. 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsi 19-20 sentyabr 2023-cü ildə şanlı Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı. Uğurla başa çatan bu antiterror əməliyyatı nəticəsində doğma vətənimizin ayrılmaz hissəsi olan Qarabağda 30 ilə yaxın davam edən erməni vandalizminə, separatizmə son qoyuldu. 


Şəhidlər xiyabanındakı bayraqlar daha əzəmətlə dalğalanırdı


Tarix yaranandan həmişə belə olub, müharibələr itkisiz ötüşməyib. Antiterror əməliyyatlarında da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan zabit və əsgərlərimiz Vətən qarşısındakı övladlıq borclarını şərəflə yerinə yetirərkən şəhid oldular. Canlarını ölkəmizin müstəqilliyi yolunda fəda etdilər. Antiterror əməliyyatının ertəsi günü Vətən uğrunda şəhid olmuş cəsur oğulların İkinci şəhidlər xiyabanında dəfn mərasimi keçirildi.

Səhər ertədən şəhidlərin dəfnində iştirak etmək üçün doğmaları, yaxınları, şəhər sakinləri, məktəblilər, dövlət adamları, hərbçilər, ictimai təşkilatların nümayəndələri xiyabana gəlirdilər. Bu müqəddəs məkana gələnlərin ardı-arası kəsilmirdi. Xalq Vətən uğrunda şəhid olanlarla dərin hüzn və böyük ehtiramla vidalaşırdı. 

Xeyli insanın toplaşdığı xiyabana ilk olaraq əsgər Manafov Qiyas Ramil oğlunun üçrəngli bayrağa bükülmüş tabutu gətirildi. Şəhidin tabutu maşından çiyinlərə götürülərək geniş meydanda torpağın üstünə qoyuldu. Yaxınları, doğmaları, hərbçi yoldaşları, məktəblilər əllərində gül dəstələri tabutun ətrafına yığışdılar. Din xadimləri dualar oxuyub, müxtəlif ayinləri başa çatdırdıqdan sonra yaxınları əsgər Qiyas Manafovun tabutunu çiyinlərinə alıb məzarın yanına gətirdilər. Din xadimi dəfn üçün zəruri olan ritualları yerinə yetirməyə başladı. Doğmaları Qarabağ torpağında erməni separatçılarına sarsıdıcı zərbələr vurmuş əsgər Qiyas Manafovla  göz yaşları ilə vidalaşırdılar. 

Xüsusi formada yaxınlıqda sıra ilə dayanmış əsgərlər qundağını sinələrinə sıxdıqları avtomatdan atəş açdılar. Atəş səsləri bir göz qırpımında ətrafa yayıldı. Silahlar susan kimi Dövlət himni səsləndirildi. Himnin səslənməsi başa çatan kimi şəhid əsgərin cənazəsi ehtiramla məzara endirildi. Əsgər Qiyas Manafovun məzarının üzərinə Müdafiə Nazirliyi və başqa ictimai təşkilatların adından əklillər qoyuldu, güllər düzüldü. Qısa müddət ərzində şəhidin qəbrinin üstündə gül çələngi yarandı. Azərbaycan xalqı şəhidini bax belə bir təntənə ilə əbədiyyətə yola saldı. Üzlər kədərli idi, gözlərdən yaş axırdı. Qiyasın məzarı üstündə qara paltarlı bir qız daha kədərli, daha qəmli görünürdü, daha ucadan ağlayırdı. Kim bilir, bəlkə elə bu qız şəhidin istəklisi idi...

Dəfn mərasiminə rəhbərlik edən polkovnik Həbib Məmmədov bildirdi ki, bir azdan baş leytenant Əliyev Vəliyulla Elman oğlunun cənazəsini gətirəcəklər. Təəssüf ki, onun valideynləri Rusiya Federasiyasının Dərbənd şəhərində yaşadıqlarına görə övladlarının dəfnində iştirak edə bilməyəcəklər. Deyirlər ki, yoldadırlar. Nə vaxt gəlib çatacaqları məlum deyil. Bəlkə də gəlib çata biləcəklər. Valideynləri gəlib çatmasa da, Vəliyulla böyük ehtiramla, təntənə ilə dəfn ediləcək. Müdafiə Nazirliyinin zabit və əsgərlərindən başqa Xiyabanda müxtəlif rayonlardan, müxtəlif təşkilatlardan dəfndə iştirak etmək üçün böyük insan axını gəlib. Xalq şəhidlərinə çox böyük ehtiram və hörmət bəsləyir. 


"Oğlum qəhrəmancasına şəhid olması ilə başımızı uca etdi"


Baş leytenant Vəliyulla Əliyevin cənazəsi Şəhidlər xiyabanına gətirilməzdən bir az əvvəl məlum oldu ki, zabitin valideynləri özlərini övladlarının dəfn mərasiminə çatdırıblar. Bu xəbər xiyabanda olan hər kəsin gözünü nəmləndirdi, sanki insanlara  təsəlli verdi. İmkan tapıb şəhid baş leytenantın anası Samaya xanımla, atası Elman kişi ilə görüşdük. İkisinin də gözləri yaşlı idi. Valideynlərindən öyrəndik ki, Vəliyulla Qusar rayonunda doğulub. Sonra ailə Dərbəndə köçüb. Orta təhsilini başa vurandan sonra Vəliyulla Azərbaycan Ordusunun zabiti olmaq arzusu ilə Dərbənddən ölkəmizə gələrək Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub. Arzusuna çatıb, istəyinə qovuşub. Qarabağda gedən antiterror əməliyyatları zamanı üzərinə düşən döyüş tapşırığının öhdəsindən şərəflə gəlib. Samaya ana kədər hissi ilə dedi: "Qürur duyuruq ki, övladımız Vətən qarşısındakı borcunu yerinə yetirərkən şəhid olub. Oğlum qəhrəmancasına şəhid olmağı ilə başımızı bir az da uca etdi". 

Bir azdan şəhid baş leytenant Vəliyulla Əliyevin tabuta qoyulub üçrəngli bayrağa bükülmüş cənazəsini xiyabana gətirdilər. Samaya ananın, Elman atanın göz yaşları qurumaq bilmirdi. Dəfndə iştirak edən zabit yoldaşları onun igidliyindən, qəhrəmanlığından ürəkdolusu danışırdılar. Neçə gündən bəri şəhidlərin dəfn mərasimində iştirak edən Müdafiə Nazirliyinin Şəhid ailələri və qadınlarla iş üzrə sektor müdiri Zümrüd Səmədova şəhid anasını qucaqlayıb bağrına basır, ona təskinlik verir, dərdinə, kədərinə şərik çıxırdı. Belə cəsur bir oğul böyütdüyünə görə anaya  minnətdarlıq edirdi. 

Dəfn üçün vacib olan ayinlər yerinə yetirildikdən sonra baş leytenantın cənazəsi ehtiramla məzara endirildi. Yenə də avtomatların atəş səsləri eşidildi. Hərbi orkestr Dövlət himnini ifa etdi. Hamı Elman ataya, Samaya anaya dərin hüznlə başsağlığı verir, şəhidə dərin ehtiramını bildirirdi.

Artıq tarixə qovuşmuş həmin payızın ilk günündə daha sonra kapitan Qeybullayev Elvin Ağalar oğlu, əsgər Novruzzadə Hüseyn Tofiq oğlu və kapitan Eyvazov Vüqar Eyvaz oğlu da İkinci şəhidlər xiyabanında böyük izdihamla torpağa tapşırıldı. Azərbaycan xalqı erməni separatçılarına qarşı döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş oğullarının adını həmişə əziz tutacaq, xatirəsini hörmətlə yad edəcək, adlarını əbədiləşdirəcək. Gələcək nəsillər igidliyi, qəhrəmanlığı bu cəsur oğullardan öyrənəcəklər. Onların döyüş yollarını uğurla davam etdirəcəklər.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!