Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıb.
İclasın gündəliyi təsdiqləndikdən sonra qurumun baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib. Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəricilərini 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli yığma komandanın üzvü Nigar Nəsirova 2025-ci il dünya çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.
Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib. İsmət Əliyev, Zemfira Meftahətdinova, Tofiq Bəylərov vitse-prezident, Tamerlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yeni seçilən heyətə uğurlar arzulayıb.
Sonda federasiya prezidenti Vilayət Eyvazov göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə danışıb.