Şuşada ötən əsrin 30-cu illərində, yəni sovetləşmə dövründə varlılara, sahibkarlara, din adamlarına qarşı mübarizə adı altında onların əmlakı, dəyirmanlar, hamamlar, dükanlar, fabriklər, mülklər, məscidlər ermənilər tərəfindən dağıdılmış, qarət olunmuş, salamat qalanlardan isə anbar, emalatxana, kinoteatr kimi istifadə edilmişdir. Müharibə dövründə nəzarətsizlikdən istifadə edən ermənilər qədim evlərin memarlıq abidələrinin pəncərələrini, qapılarını, döşəməni dağıdıb yanacaq kimi istifadə ediblər. Həmin vaxt İbrahim xanın "xəzinə qayası"nda inşa etdirdiyi saray, tövlə, hamam, qoşun sığınacağı üçün kompleks və digər binalar tamamilə dağılıb.
Ötən əsrin 50-60-cı illərdə baş plana əsasən, Şuşa şəhərində bərpa işləri aparılanda erməni vandalları bu "plan"dan da məharətlə istifadə etdilər. 1960-cı ildə Şuşa şəhərində kiçik bir yeməkxana tikmək üçün bir neçə qədim yaşayış evi - müasir üslubda inşa edilmiş yaraşıqlı dükanlar və emalatxanalar dağıdıldı. 1965-ci ildə isə Şuşanın Lenin küçəsində dördbloklu, dördmərtəbəli bina inşa etmək üçün 2 və 3 mərtəbəli qədimdən tikilmiş 7 böyük sarayı, 2 kommunal təsərrüfat binasını, 3 şəxsi yaşayış evini, bir qədim hamamı, 1 karvansara binasını, onlarca mağazanı, emalatxananı, böyük su ehtiyatına malik 11 qədim su quyusunu, yüzlərlə bar verən meyvə ağacını, sütunlu-tağlı və yeri daşla örtülü küçələri dağıtmaq lazım gəlmişdi. Araşdırmalardan məlum olur ki, Şuşada məqsədli şəkildə dağıdılmış qədim mədəniyyət abidələrinin yerində nəinki bir bina, hətta 10 belə bina tikmək olardı. 1960-cı illərdə Şuşanı öz möhtəşəmliyi və yerli memarlıq nümunələri ilə bəzəyən 16 Şərq hamamının heç birindən əsər-əlamət qalmadı. Şəhərə xüsusi gözəllik verən "Alaqapı" və "Çanaqqala"nın da dağıdılması bu dövrə təsadüf etmişdir.
Beləliklə, erməni layihə müəlliflərinin xəyanəti nəticəsində tikinti-abadlıq işləri adı altında Şuşanın qədim və yaraşıqlı binalarının xeyli hissəsi məqsədli şəkildə dağıdılmışdır.
Lakin bu gün Şuşa Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, habelə Milli Ordumuzun əsgər və zabitlərinin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən sonra - 8 noyabr 2020-ci ildə Şuşa yüzilliklərin erməni işğalından, erməni barbarlığından azad edilmişdir. Bu qədim şəhərdə dövlət başçısının fərman və sərəncamları çərçivəsində ilyarımdan artıqdır ki, tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən layihələrdə tarixi və dini abidələrin, yerli memarlıq üslubunu özündə ehtiva edən binaların, digər tikililərin əvvəlki görkəmi özünə qaytarılmaqla bərpa edilir.
R.SALMANLI,
"Azərbaycan"