08 Yanvar 2022 00:33
1761
SİYASƏT
A- A+

Şuşa dastanı

 

Xarıbülbülün danışdığı 270 yaşlı gerçək nağıl

 

Bir yaz günü 30 ilə yaxındır ki, qış yuxusundan ayılmayan, şaxtadan, qardan geyindiyi libasını çıxarmayan Şuşada, Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi Cıdır düzündə qəfil gur ocaq çatılmış və öz həniri ilə bir andaca hər tərəfə istilik yaymışdı...

Torpaq fərəhlə oyanmış, ağaclar tumurcuq gözlərini sevinclə açmış, göylərdən nur süzülmüş, bu coşquya hay verən ulu dağların köksündən qopan sellər hayqırtıyla azad ana yurdun bağrına qovuşmağa tələsmişdi...

 O gün Qarabağın baş tacı Şuşanı azadlığına qovuşduran Qəhrəman Sərkərdə Cıdır düzündə bayram tonqalını alovlandıraraq bütün dünyaya hayqırmışdı:

“Şuşa, sən azadsan!”...

“Şuşa Azərbaycandır!”...

“Qarabağ Azərbaycandır!”...

Və həmin o möhtəşəm məqamda Şuşanın təməl daşını qoyan Pənahəli xanın, İbrahimxəlil xanın, Şuşaya dünya şöhrəti gətirmiş Xurşidbanu Natəvanın, Əhməd bəy Ağoğlunun, Mehmandarovların, Üzeyir bəyin, Bülbülün, Xan əminin və daha adını saymadığımız minlərlə dəyərli şuşalının, mədəniyyətimizin beşiyinin inkişafında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin, bu uca qəsri qanları, canları ilə azad edən şəhidlərimizin ruhu da dinclik tapmış, şad olmuşdu...

 

Xarıbülbül danışırdı ki...

 

Bir yaz günü idi...

Dan yeri sökülür, günəşin zərrin şəfəqləri, gecədən Topxananın üzərinə çökmüş sisi dağıdır, ağacların yarpaqlarında sırğa kimi asılıb qalan şeh damlalarının üzərində bərq vururdu.

Bu gün sübh tezdən al-əlvan geyinərək Cıdır düzündə nazlanan gül-çiçəklər Kirs dağından əsən sərin mehin ahəngi ilə sağa-sola süzülür, ətrafa bihuşedici ətir səpirdilər. İllər idi ki, təbiətin bu təntənəsinin həsrətini çəkməkdən köksü saralan, bircə dəfə də olsun ağzını açıb nəğmə oxumayan bülbüllər şövqlə cəh-cəh vurur, Daşaltının başına dolanan vüqarlı qartallar qalib ədası ilə süzərək səmanın ənginliklərinə baş vurur, bir qərinə idi intizarını çəkdikləri, həsrəti ilə yanıb-tutuşduqları doğmalarına qovuşmalarının, illərin o üzündə itirdikləri, gözləri önündə birdən-birə yoxa çıxan Xarıbülbülü görməyin xoşbəxtliyini yaşayırdılar...

Nəhayət ki, doğma çəmənində, həmişəki kimi əziz dostları ilə birgə olmağın sevinci içərisində olan Xarıbülbülün zərif, həzin səslə anlatdığı “Şuşa dastanı”na qulaq asırdılar... 

Xarıbülbül danışırdı ki...

 

Qarabağın büllur sarayı

 

Bundan çox-çox illər əvvəl Qarabağ adlı cənnətməkan diyarda Pənahəli adlı qüdrətli bir xan yaşayırdı. Hökmündən göylər də, yerlər də tir-tir titrəyən, qarşısında suların da baş əydiyi bu xan Qarabağ atının belinə sıçrayıb torpağına göz dikən yağının üzərinə yeriyəndə düşmənin bağrı çatlayırdı. Ər meydanında Pənahəli xanla üz-üzə gəlməkdən qorxan düşmənlər isə çox məkrli, hiyləgər idilər. Onlar hər cür namərdliyə əl atırdılar ki, xanın qüdrətini zəiflədib gözəl Qarabağı ələ keçirsinlər.

Xain düşmənlərin bu məkrindən hali olan Pənahəli xan isə onlara qarşı daim ayıq-sayıq davranır, Bayat, Şahbulaq kimi alınmaz qalalar inşa etdirirdi. Lakin xanın ürəyi rahat deyildi, elə hey xəyallarındakı möhtəşəm qalanı ucaltmaq barədə düşünürdü...

Pənahəli xan elə bir qala tikdirmək istəyirdi ki, əzəmətli tağları dağlardan, sütunları zirvəsində qartalların qıy vurduğu sıldırım qayalardan yonulsun, bürclərində şəmslə qəmərin şəfəqi bərq vursun.

O yerdə ki zümzüməli bulaqlar axsın, sevgi çiçəkləri açsın, ətrafı zümrüd donlu meşələrə bürünsün, qıvrım şəlalələr çağlasın. Bu məkan Yer üzünün cənnət bağı, Qarabağın büllur sarayı olsun...

 

Dağların qoynunda sarsılmaz qala

 

Günlərin bir günü Pənahəli xan yaxın adamlarını toplayıb məşvərət keçirir. O, uzaq bir diyarda yüksəlməkdə olan bir xanın və ətrafdakı xanların Qarabağa basqın edəcəyi halda Şahbulaq qalasının davam gətirməyəcəyini düşündüyünü söyləyərək, güclü düşmənə müqavimət göstərə biləcək “dağların qoynunda möhkəm və keçilməz, sarsılmaz qala” tikməyi təklif edir. Pənahəli xan onu da bildirir ki, qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahallarla əlaqə bir an belə kəsilməməlidir.

Xanın istəyinə uyğun məkan tapmaq üçün dərhal axtarışa başlanılır, Qarabağ qarış-qarış gəzilir...

Çox keçmədən Pənahəli xana sanki Tanrı tərəfindən qüdrətdən qalalı səngər kimi salınmış belə bir yer nişan verilir. Şuşa kəndinin altı verstliyində yerləşən bu yer kənd əhalisinin əkin yeri və otlağı idi. Əvvəlcə Pənahəli xanın bir neçə bilici və məlumatlı əyanı gedib tikiləcək qalanın yerini və ətrafını yoxlayır, qalanın salınacağı məkanda iki-üç bulaqdan savayı içməli su mənbəyi olmadığından güman gələn yerlərdə su quyuları qazmağın mümkünlüyünü müəyyənləşdirirlər.

Bundan dərhal sonra Qarabağın ehtişamlı xanı Pənahəli Cavanşir həmin yerlə tanış olub qalanın bünövrəsinə daş qoyur, sonradan Şuşa adlanacaq büllur kimi təmiz havalı qalanın təməlini atır.

 

Xanlığın paytaxtı

 

Beləliklə, əlçatmaz dağ yaylasında, baxanda başdan papaq salan sıldırım qayaların üzərində yeni şəhər-qalanın tikinti işlərinə başlanılır. Əhalinin təhlükəsizliyi üçün zəruri işlər görüldükdən sonra Pənahəli xan Qarabağ xanlığının paytaxtını yeni salınmış şəhər-qalaya köçürür. Bu şəhər ilk dövrlərdə öz banisinin adı ilə Pənahabad, onun ölümündən sonra isə yerləşdiyi relyefə uyğun olaraq Şuşa adlandırılır.

Pənahəli xanın dövründə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr - Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələri yerləşir.

Qarabağın daha bir görkəmli xanı İbrahimxəlil xanın hakimiyyəti dövründə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi - Yuxarı məhəllə formalaşır. Və daha sonrakı illərdə də Şuşa şəhərinin formalaşması davam edir. Şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, orada yaşayan və buranın əsl sahibləri olan Azərbaycan türklərinə məxsus idi.

Şuşa eynilə Qarabağ xanı Pənahəli xanın təsəvvüründə olduğu kimi üç tərəfdən sıldırım qayalarla, dördüncü tərəfdən isə möhkəm qala divarları ilə əhatə olunmuş, alınmaz qala kimi şöhrət qazanmışdı. Şəhərin xarici aləmlə əlaqəsi Gəncə, Ağoğlan və İrəvan qapıları vasitəsilə həyata keçirilirdi.

Həmin dövrlərdə məğlubedilməz qala kimi düşmənlərin bağrına ox sancan Şuşa dəfələrlə hücumlara məruz qalsa da, yağı qarşısında baş əyməmiş, onları qarşısında diz çökməyə məcbur etmişdi. Məhəmmədhəsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd xan Qacar kimi məşhur sərkərdələr də qəhrəman Şuşa şəhərini ala bilməmişdilər.

Pənahəli xanın və İbrahimxəlil xanın mahir azərbaycanlı ustaların əli ilə yaratdıqları müdafiə qurğuları düşmən hücumlarını müvəffəqiyyətlə dəf etməyə imkan yaradırdı...

 

Şuşa bu sınaqdan da üzüağ çıxır

 

 Bu yerdə dastanı danışmağına ara verib bir anlıq xəyala dalan Xarıbülbülü ətrafdan səbirsizliklə “bəs sonra Şuşanın başına nə gəldi?”, - deyə sual verən dostlarının səsi fikirdən ayırır... 

Xarıbülbül aramla dillənir:

- Sonra... Pənahəli xanın saldığı bu məğlubedilməz qəsrin başı üzərində çox tufanlar əsir, çox burulğanlar keçir. Qarabağın baş tacı Şuşaya göz dikən hiyləgər və namərd düşmən illərlə bu şəhəri ələ keçirməyə çalışır. Müvəqqəti də olsa bu istəyinə nail olur, Şuşanı ələ keçirərək onu viranə qoymağa çalışır, Xarıbülbülünü didərgin salır. Amma qürurlu Şuşa bu sınaqdan da üzüağ çıxır, düşmənə baş əymir. Vətənin hünərli oğulları sayəsində azadlığına qovuşdurulur və bir daha bütün dünyaya bəyan edir ki, Azərbaycana məxsus bu müqəddəs torpaqda hiyləgər, məkrli, işğalçı düşmən at oynada, duruş gətirə, onun ruhuna sahib çıxa bilməz!

 

Şuşaya azadlıq bəxş edən qüdrətli sərkərdə

 

Xarıbülbül danışır...

- İndi Şuşa yeni və təntənəli günlərə qanad açıb...

Bu qədim Azərbaycan şəhərini azadlığına qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni Şuşanın təməlini qoyur, onu dirçəldir, ona yeni nəfəs verir...

Qalib sərkərdə İlham Əliyev ruhumuzun məbədi olan bu müqəddəs torpaqda bayram tonqalı çatır, dosta qardaşlıq, düşmənə xəbərdarlıq mesajları verir...

 Elə bu il də Şuşada bayram bayrama qarışır, azadlığının üzərindən heç bir il keçməmiş qoynunda musiqi festivalları, poeziya günləri düzənlənən əzəmətli qalanın təntənəli yubileyi keçiriləcək, Azərbaycan xalqı 2022-ci ilin hər gününü Şuşa ilə anıb, Şuşa ilə qürurlanacaq...

 

Bu dastanın sonu vüsalla bitir

 

Yavaş-yavaş gecə düşür, Cıdır düzündən əsən meh əfsanəvi Xarıbülbülün Şuşanın səmalarında bərq vuran ulduzlara, ayın nurlu üzünə tamaşa edə-edə danışdığı, sonu xoşbəxtliklə, vüsalla bitən “Şuşa dasta”nını  bütün Odlar yurduna yayırdı...

Şuşanın sevgi çiçəyi fəxarətlə deyirdi:

Qədim bir Azərbaycan yurdu var, könül taxtımızın şahı, qürur ünvanımızın büllur qəsri, sevgi dünyamızın xoşbəxtlik məqamıdır...

Bir ulu yer var, tariximizin, mənəviyyatımızın, mədəniyyətimizin incisi, musiqimizin mənbəyi, poeziyamızın durna qatarı, qəhrəmanlıq salnaməmizin hünər meydanıdır...

Bir sönməz ocaq var, köksündən boy atan, suyu, havası ilə qidalanan hər bir övladı igid, cəsur, qorxmaz, vətənpərvərdir...

Bir müqəddəs torpaq var, uğrunda minlərlə can özünü qurban verməkdən çəkinmir... Son nəfəsində belə “Şuşa!” hayqırır...

Şuşa!

Sən ey, vətən eşqimizin qibləsi, dünya var olduqca bizimsən, hər an, hər gün, hər ay, hər il qəlbimizdə, varlığımızda, ruhumuzdasan!

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video