TDT qarşısında ən mühüm məsələ – gələcəkdə mövqeyinin möhkəmlənməsidir. Bu səbəbdən mövcud potensialın daha sistemli və iqtisadi gücə çevrilməsidir: bir-birini tamamlayan mühüm resurslarını, o cümlədən enerji ehtiyatlarını, nəqliyyat imkanlarını, əlverişli coğrafi mövqeyini, insan kapitalını, investisiya potensialını və ortaq mədəni dəyərlərini vahid strateji düşüncə daxilində əlaqələndirmək və bununla, Türk dünyasının beynəlxalq münasibətlər sistemində nüfuzunu və çəkisini daha da artırmaq. Bunun əsas imkanı məhz bu potensialın bir sistem daxilində birləşdirilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə söyləyib.
Kamran İmanov deyib: “Ortaq tarix mənəvi zəmin yaradır, iqtisadi əməkdaşlıq bu yaxınlığa maddi məzmun verir, təhlükəsizliklə bağlı koordinasiya qarşılıqlı etimadı möhkəmləndirir, siyasi iradə isə bu istiqamətləri strateji məqsədə çevirir.
Bu, strateji baxış mövqeyindən, birlik – türk dövlətləri üçün sülh və təhlükəsizlikdir.
Biz, türk dövlətləri – əqli mülkiyyət təşkilatlarının təmsilçiləri öz işimizi həmin mövqe çərçivəsində qurmalıyıq. Onu da xüsusi qeyd edirəm ki, rəqəmsallaşma və süni intellekt texnologiyaların sürətli inkişaf etdiyi bir dövrdə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, yeni çağırışlar da meydana çıxır. Azərbaycan bu qlobal proseslərə uyğun olaraq, rəqəmsal transformasiya və süni intellekt sahəsində ardıcıl və məqsədyönümlü siyasət həyata keçirir.
Hesab edirik ki, süni intellekt insan sivilizasiyanın ən uca olan icadlarının biri kimi böyük dataların analitikası ilə birgə inqilabi təsiri qarşımızda duran aktual problemlərin biridir. Çünki bu gün onların istifadəsi peşəkar dairələrdə və cəmiyyətdə etik və hüquqi nöqteyi-nəzərindən bir neçə mübahisəli məsələlərə cavabını gözləyir: o cümlədən: süni intellektin hüquq subyektliyi, süni intellekt tərəfindən vurulan zərərə görə məsuliyyətə dair mənəvi-etik problemlər, Sİ tərəfindən yaradılan obyektlərə dair hüquqların bölüşdürülməsi və s.
Bu istiqamətdə birgə işlərimiz və fikir mübadiləmiz faydalı olardı”.