12 Oktyabr 2026 12:20
172
CƏMİYYƏT
A- A+
Azərbaycanla hesablaşırlar: qalib dövlətin böyük geosiyasi çəkisi  

Azərbaycanla hesablaşırlar: qalib dövlətin böyük geosiyasi çəkisi  


Beynəlxalq siyasətdə dövlətin çəkisini yalnız ərazisinin böyüklüyü, əhalisinin sayı və iqtisadiyyatının ümumi həcmi müəyyən etmir. Coğrafi mövqe, enerji resursları, nəqliyyat marşrutları, hərbi imkanlar, diplomatik manevr qabiliyyəti və müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq etmək bacarığı da dövlətin beynəlxalq çəkisini formalaşdıran əsas amillərdəndir.

Azərbaycanın son illərdəki xarici siyasət dinamikasına dair beynəlxalq analitik və akademik materiallara nəzər saldıqda diqqətçəkən məqam məhz budur: Azərbaycan böyük dövlət deyil, lakin öz fiziki ölçüsündən daha geniş geosiyasi təsir imkanları formalaşdıran ölkə kimi getdikcə daha çox nəzərdən keçirilir. 

Bu yanaşma yalnız Azərbaycanda səsləndirilən siyasi qiymətləndirmələrdən ibarət deyil. Müxtəlif ölkələrdə fəaliyyət göstərən analitik mərkəzlərin, akademik nəşrlərin və təhlükəsizlik institutlarının materiallarında Azərbaycanın regional çəkisinin artması ayrıca araşdırma mövzusuna çevrilib. Fərqli yanaşmalara malik mənbələrdə də müəyyən ortaq məqam görünür: Bakı artıq yalnız Cənubi Qafqazın siyasi proseslərini izləyən deyil, həmin proseslərə təsir göstərən aktorlardan biri kimi qiymətləndirilir. 

Bu baxımdan 2026-cı il avqustun 16-da Financial Timesda dərc olunan “Don’t dismiss the mini-middle powers” adlı təhlil diqqət çəkir. Məqalədə Azərbaycan, Qazaxıstan və Özbəkistan “mini-middle powers” – şərti olaraq “kiçik orta güclər” kimi təqdim olunur. Müəllif bu ölkələrin qlobal gündəliyi təkbaşına müəyyənləşdirmədiyini, lakin enerji, nəqliyyat, regional təhlükəsizlik, coğrafiya və digər konkret sahələrdə mühüm təsir imkanlarına malik olduqlarını vurğulayır. Azərbaycanla bağlı isə xüsusilə enerji ixracı, Şərq-Qərb nəqliyyat marşrutları və Cənubi Qafqaz siyasətindəki rolu önə çəkilir.

Bu yanaşma Azərbaycanın beynəlxalq mövqeyini anlamaq üçün mühüm açardır. Çünki burada söhbət “Azərbaycan böyük dövlətdir” iddiasından getmir. Daha real proses ondan ibarətdir ki, Azərbaycan öz ölçüsündən daha böyük siyasi və geosiyasi təsir yaratmaq imkanları formalaşdırıb.

Məsələyə akademik müstəvidən yanaşdıqda da oxşar mənzərə görünür. Mehmet Fatih Oztarsu və Rövşən İbrahimovun Third World Quarterly jurnalında dərc olunan “No longer small? Azerbaijan’s pursuit of middle power status” adlı araşdırması Azərbaycanın xarici siyasət transformasiyasını “orta güc” nəzəriyyəsi çərçivəsində təhlil edir. Məqalə 18 noyabr 2025-ci ildə onlayn yayımlanıb və jurnalın 2026-cı il 47-ci cildinin 5-ci sayında, 977–997-ci səhifələrdə dərc olunub.

Araşdırmanın əsas nəticəsi xüsusilə diqqətçəkəndir: müəlliflər Azərbaycanın orta güc statusunu artıq tam əldə etdiyini deyil, ölkənin orta güclərlə əlaqələndirilən davranışları seçmə şəkildə həyata keçirdiyini və belə bir statusa can atdığını bildirirlər. Tədqiqatda Azərbaycanın “active independent” və “bridge” rollarını həyata keçirməyə çalışdığı vurğulanır. Bu, mühüm məqamdır. Çünki Azərbaycanın regional çəkisinin artması artıq yalnız siyasi ritorikanın deyil, beynəlxalq münasibətlər üzrə akademik araşdırmaların da predmetinə çevrilib. Eyni zamanda, “Azərbaycan artıq orta gücdür” kimi qəti hökm verməkdənsə, “Azərbaycanın orta güc statusuna doğru irəliləməsi beynəlxalq akademik ədəbiyyatda araşdırılır” demək daha dəqiqdir.

Azərbaycanın geosiyasi çəkisini artıran əsas amillərdən biri onun coğrafi mövqeyidir. Ölkə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, oradan isə Avropa istiqamətinə uzanan nəqliyyat və iqtisadi əlaqələrin mühüm həlqəsidir. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanın strateji mövqeyini daha da önə çıxarır. Financial Timesın 2026-cı il təhlilində də Orta Dəhliz bu baxımdan nümunə kimi göstərilir. Məqalədə Azərbaycan və Qazaxıstanın Asiya-Avropa marşrutunun əsas ölkələri olduğu, marşrutun Rusiya üzərindən keçən şimal istiqamətinə alternativ yaratdığı vurğulanır.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi də bu prosesin mühüm istiqamətidir. RUSI-də 8 aprel 2024-cü ildə Rusif Huseynov və Gülxanım Məmmədovanın dərc etdirdiyi “Azerbaijan’s Pivot to Central Asia” adlı təhlildə Azərbaycanın Mərkəzi Asiyanın geosiyasi dinamikasına daha fəal şəkildə daxil olduğu bildirilir. Müəlliflər Azərbaycanın yalnız Qafqaz və ya Xəzər dövləti kimi deyil, Mərkəzi Asiyaya “körpü” kimi mövqelənməyə çalışdığını yazırlar. Həmin təhlildə Azərbaycanın Türkiyə ilə birlikdə Orta Dəhlizdə mühüm rol oynadığı, Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə keçirilən Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşünə “fəxri qonaq” kimi dəvət olunmasının isə region dövlətlərinin Azərbaycanı regional proseslərin iştirakçısı kimi qəbul etdiyini göstərən amillərdən biri olduğu qeyd edilir.

 Azərbaycanın təhlükəsizlik sahəsində artan roluna dair daha konkret qiymətləndirmə IISS-in “The Military Balance 2025” materialında yer alır. Hesabatda birbaşa olaraq “Azerbaijan became a new security actor in Central Asia” – “Azərbaycan Mərkəzi Asiyada yeni təhlükəsizlik aktoruna çevrildi” ifadəsi işlədilir. Həmçinin Qazaxıstanda 2024-cü ilin iyulunda keçirilən “Birlestik-2024” hərbi təlimində Azərbaycanın və Mərkəzi Asiyanın dörd dövlətinin iştirak etdiyi, Rusiya və Çinin isə iştirak etmədiyi qeyd olunur.

 Azərbaycanın regional hərbi-siyasi çəkisindəki dəyişikliklər RUSI-nin 11 avqust 2025-ci ildə Callum Fraser və Natia Seskuria tərəfindən yayımlanan təhlilində də nəzərdən keçirilir. Müəlliflər Azərbaycanın regional mövqeyinin möhkəmləndiyini, ölkənin Şərq-Qərb ticarət dəhlizlərində, xüsusilə Orta Dəhlizdə artan əhəmiyyətini və Rusiya ilə münasibətlərində yaranmış yeni geosiyasi şəraiti təhlil edirlər. RUSI-nin bu tip materiallarının müəllif rəyləri olduğunu və institutun rəsmi mövqeyi kimi qəbul edilməməli olduğunu da nəzərə almaq vacibdir.

Azərbaycanın Cənubi Qafqazdakı dəyişən mövqeyi xüsusilə Ermənistanla münasibətlər fonunda aydın görünür. Carnegie Endowment for International Peacein Avropa proqramının tanınmış Qafqaz eksperti Thomas de Waal 19 sentyabr 2024-cü ildə yayımladığı təhlildə Azərbaycanın danışıqlarda “dominant position” da olduğunu yazıb. O, Prezident İlham Əliyevi “key arbiter and decisionmaker” – “əsas arbitr və qərarverici” kimi xarakterizə edib. 

Carnegie-nin 13 fevral 2024-cü il tarixli digər təhlilində isə “Azerbaijan still holds most of the cards” – “Azərbaycan hələ də əsas üstünlüklərin böyük hissəsini əlində saxlayır” ifadəsi işlədilib. Bu ifadə müəllifin Cənubi Qafqazdakı danışıqlar və güc balansı barədə analitik qiymətləndirməsidir və onu Azərbaycanın beynəlxalq aləmdəki ümumi statusuna dair rəsmi mövqe kimi təqdim etmək düzgün olmaz.

Azərbaycanın regional mövqeyindəki dəyişiklik Rusiya ilə münasibətlər kontekstində də müzakirə olunur. RUSI-nin 2024–2025-ci illərdəki müxtəlif təhlillərində Rusiyanın Cənubi Qafqazdakı əvvəlki mövqeyinin dəyişdiyi və Azərbaycanın daha geniş diplomatik manevr imkanları əldə etdiyi vurğulanır. 2023-cü ildə Qarabağda keçirilən hərbi əməliyyatdan sonra Rusiya sülhməramlı kontingentinin bölgədən çıxarılması da regiondakı əvvəlki təhlükəsizlik düzəninin dəyişməsinin mühüm göstəricilərindən biri olub.

Bu proses Azərbaycanın xarici siyasətinin çoxistiqamətli xarakterini də ön plana çıxarır. RUSI və digər analitik mənbələr Azərbaycanın Rusiya və Qərblə münasibətlər arasında manevr etdiyini, eyni zamanda Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini inkişaf etdirdiyini qeyd edirlər. CEPA-nın 6 noyabr 2025-ci il tarixli Emil Avdalianinin məqaləsində də Azərbaycanın özünü “significant regional power” – “əhəmiyyətli regional güc” hesab etdiyi və Moskvanın siyasi məhdudiyyətlərindən mümkün qədər uzaq fəaliyyət göstərməyə çalışdığı yazılır. Müəllif Azərbaycanın xarici siyasətini “balancing act” kimi də xarakterizə edir.

 Azərbaycanın geosiyasi çəkisinin artmasını yalnız hərbi və siyasi amillərlə izah etmək olmaz. Enerji amili də bu prosesdə mühüm yer tutur. Azərbaycanın enerji resursları və onların Avropa bazarlarına çıxarılması ölkənin xarici iqtisadi və siyasi əlaqələrində uzun müddətdir mühüm rol oynayır. Bununla yanaşı, nəqliyyat dəhlizləri, Xəzər regionundakı mövqe və Mərkəzi Asiya ilə genişlənən əlaqələr Azərbaycanın strateji əhəmiyyətini artıran digər amillərdir.  Bütün bunlar “kiçik dövlət” anlayışına ənənəvi yanaşmanın müəyyən qədər yenidən düşünülməsinə imkan verir. Ərazinin və əhalinin ölçüsü dəyişməsə də, dövlətin beynəlxalq sistemdə malik olduğu təsir imkanları dəyişə bilər. Azərbaycan nümunəsində də məhz belə bir proses müşahidə olunur.

Burada “orta güc” məsələsinə də bu kontekstdə yanaşmaq lazımdır. Bu anlayış Azərbaycanın ABŞ, Çin, Rusiya və digər qlobal güclərlə eyni kateqoriyada olduğunu ifadə etmir. Əksinə, söhbət müəyyən regional və funksional sahələrdə təsir imkanlarının genişlənməsindən gedir. Akademik araşdırmanın müəllifləri də Azərbaycanın bu statusu tam əldə etdiyini deyil, orta gücə xas davranış və rolları seçmə şəkildə həyata keçirdiyini vurğulayırlar.

Azərbaycanın 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında keçirilən görüşdə əsas tərəflərdən biri kimi çıxış etməsi də ölkənin regional əhəmiyyətinin göstəricilərindən biri oldu. Həmin görüşün nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzaladılar. Bəyannamədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətnini ilkinləşdirdiyi qeyd olunur. Eyni zamanda, sənəddə Azərbaycan ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən kommunikasiyaların açılması məsələsi də yer alır. 

2026-cı ilin iyulunda Şuşada keçirilən IV Qlobal Media Forumunda “orta güc” anlayışı ilə bağlı suala cavab verən Prezident İlham Əliyev “many experts call us a middle power, and I don't mind” – “bir çox ekspert bizi orta güc adlandırır və mən bununla razıyam” məzmununda fikir bildirib. Prezidentin çıxışında Azərbaycanın coğrafi mövqeyinin, Mərkəzi Asiya və Avropa ilə əlaqələrinin, nəqliyyat imkanlarının və regional əməkdaşlıq siyasətinin əhəmiyyəti də vurğulanıb.

Beləliklə, “orta güc” anlayışının Azərbaycanla bağlı istifadəsi artıq yalnız siyasi diskursda deyil, beynəlxalq akademik və analitik müzakirələrdə də görünür. Bununla belə, bu anlayışın Azərbaycan üçün hüquqi və ya rəsmi beynəlxalq status kimi deyil, beynəlxalq münasibətlər nəzəriyyəsində istifadə olunan analitik kateqoriya kimi təqdim edilməsi daha düzgündür.

Azərbaycanla bağlı müxtəlif beynəlxalq mənbələrdə işlədilən ifadələr bir-birindən fərqli olsa da, onların kəsişdiyi mühüm məqam var. Financial Times Azərbaycanın “mini-middle power” kimi konkret sahələrdə təsir imkanlarını önə çəkir. Third World Quarterly Azərbaycanın orta güc statusuna can atmasını akademik müstəvidə araşdırır. RUSI Azərbaycanın regional və nəqliyyat-strateji çəkisinin yüksəldiyini və Mərkəzi Asiya ilə əlaqələrinin genişləndiyini təhlil edir. IISS Azərbaycanın Mərkəzi Asiyada yeni təhlükəsizlik aktoruna çevrildiyini qeyd edir. Carnegie Azərbaycanın Ermənistanla danışıqlarda dominant mövqedə olduğunu və Prezident İlham Əliyevin prosesdə əsas qərarverici olduğunu bildirir. CEPA isə Azərbaycanın özünü əhəmiyyətli regional güc kimi gördüyünü yazır.

Bu yanaşmaların fonunda Azərbaycanın son illərdə keçdiyi geosiyasi transformasiyanın əsas xüsusiyyəti aydın görünür: ölkənin beynəlxalq çəkisi yalnız resurslarına deyil, müxtəlif strateji üstünlükləri bir-biri ilə əlaqələndirmək imkanına əsaslanır. Enerji, nəqliyyat, təhlükəsizlik, coğrafi mövqe, Türkiyə ilə strateji tərəfdaşlıq, Mərkəzi Asiya ilə genişlənən əlaqələr və müxtəlif güc mərkəzləri arasında diplomatik manevr imkanları Azərbaycanın beynəlxalq mövqeyini müəyyən edən əsas elementlərə çevrilib.

Bu baxımdan Azərbaycanın bugünkü mövqeyini “böyük dövlət” anlayışı ilə ifadə etmək doğru olmaz. Azərbaycan ABŞ, Çin, Rusiya və digər qlobal güclərlə eyni kateqoriyada deyil. Lakin başqa bir reallıq getdikcə daha aydın görünür: Azərbaycan öz ölçüsündən daha böyük siyasi və geosiyasi təsir imkanları formalaşdıran dövlət kimi qiymətləndirilir.

Dövlətin beynəlxalq çəkisini ölçməyin göstəricilərindən biri də onun mövqeyinin regional qərarlarda nə dərəcədə nəzərə alınmasıdır. Azərbaycanın enerji, nəqliyyat, təhlükəsizlik və Cənubi Qafqazın gələcəyi ilə bağlı proseslərdə artan rolu göstərir ki, Bakının mövqeyi regionla bağlı beynəlxalq hesablamalarda getdikcə daha çox nəzərə alınır. 

Azərbaycanın bugünkü beynəlxalq mövqeyini ən lakonik şəkildə belə ifadə etmək olar: əsas məsələ yalnız böyük olmaq deyil, strateji əhəmiyyət daşımaq və hesablaşılmaqdır. 


Emin Əliyev

YAP Zəngilan təşkilatının fəal üzvü


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər 

13:02
12 Oktyabr

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk  

12:59
12 Oktyabr

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır  

12:47
12 Oktyabr

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB

12:45
12 Oktyabr

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb  

12:43
12 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq  

12:37
12 Oktyabr

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir  

12:36
12 Oktyabr

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur  

12:32
12 Oktyabr

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır  

12:24
12 Oktyabr

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb  

12:23
12 Oktyabr

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub  

12:22
12 Oktyabr

Azərbaycanla hesablaşırlar: qalib dövlətin böyük geosiyasi çəkisi  

12:20
12 Oktyabr

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

12:19
12 Oktyabr

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb  

12:18
12 Oktyabr

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb  

12:16
12 Oktyabr

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik  

12:15
12 Oktyabr

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12:06
12 Oktyabr

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNƏCƏK

12:05
12 Oktyabr

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

12:04
12 Oktyabr

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır  

12:00
12 Oktyabr

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir  

11:59
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!