12 Oktyabr 2026 13:45
284
SİYASƏT
A- A+
Regional təhlükəsizlik və iqtisadi inteqrasiya: Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşünün mühüm mesajları

Regional təhlükəsizlik və iqtisadi inteqrasiya: Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşünün mühüm mesajları


          Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşü regionlararası əməkdaşlığın inkişafında mühüm hadisəyə çevrilib. Görüş Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin genişləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşdirilməsi, eləcə də yeni regional təşəbbüslərin irəli sürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın 2027-ci ildə bu formatda sədrliyi qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə imkanlar açır.

2025-ci ilin noyabrında Azərbaycanın Məşvərət görüşündə tamhüquqlu iştirakçı qismində təmsil olunması haqqında qərar qəbul edildi. Və bu addım Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrin daha geniş regional formatda inkişafı üçün şərait yaratdı. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələrin maraqları bir çox istiqamətlərdə üst-üstə düşür. Ticarət, energetika, nəqliyyat, investisiya və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi bu formatın praktiki əhəmiyyətini artırır. Prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin xeyli genişləndiyini vurğulayıb:  “Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir”.

Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalının həcmi yüz milyonlarla dollar təşkil edir. Bu göstəricilər əməkdaşlığın artıq təkcə siyasi dialoq və qarşılıqlı səfərlərlə məhdudlaşmadığını sübut edir. Qarşılıqlı investisiyaların artması, birgə müəssisələrin yaradılması və istehsal potensialının birləşdirilməsi ölkələr arasında daha dayanıqlı iqtisadi əlaqələrin formalaşmasına töhfə verə bilər. Prezident İlham Əliyevin səsləndirdiyi “Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq” fikri məhz belə bir yanaşmanın mahiyyətini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin sadə mal mübadiləsindən birgə sərmayələrə, yüksək texnoloji istehsalatların yaradılmasına və dünya bazarlarına çıxışa keçmək çağırışı Mərkəzi Asiya ölkələrinin  strateji prioritetlərinə uyğundur. Ticarət münasibətlərindən "birgə istehsal - birgə ixrac" modelinə keçid təkcə əmtəə dövriyyəsini artırmağa deyil, həm də regionun texnoloji müstəqilliyini təmin etməyə, eləcə də yüksək texnologiyalı məhsulların dünya bazarlarında dayanıqlı mövqelər tutmağa imkan verəcəkdir.

Əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və logistikadır. Xəzər dənizi Mərkəzi Asiya ölkələrini Azərbaycan vasitəsilə beynəlxalq bazarlarla birləşdirən nəqliyyat marşrutlarının əsas elementlərindən biridir. Limanların, dəmir və avtomobil yollarının, həmçinin digər nəqliyyat infrastrukturunun inkişafı bu əlaqələrin gücləndirilməsi üçün imkanları genişləndirir. Orta dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların şaxələndirilməsi baxımından getdikcə daha böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının səsləndirdiyi məlumata əsasən, keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bu dinamika təkcə marşrutun inkişaf potensialını nümayiş etdirmir, həm də infrastrukturun və logistika xidmətlərinin daha da təkmilləşdirilməsinin vacibliyini göstərir. Azərbaycanın coğrafi mövqeyi, onun nəqliyyat şəbəkəsi və Xəzər dənizi vasitəsilə daşımaların təşkilindəki rolu Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını asanlaşdıran amillər sırasındadır. Eyni zamanda,  elektron sənəd dövriyyəsinin, vahid gömrük rəsmiləşdirilməsi standartlarının və yüklərin izlənilməsi sistemlərinin tətbiqi inzibati maneələri azaltmağa və marşrutun beynəlxalq yükgöndərənlər üçün cəlbediciliyini artırmağa kömək edəcəkdir. Bu isə gələcəkdə Xəzər dənizinin Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən tamhüquqlu multimodal nəqliyyat qovşağına çevrilməsi ilə nəticələnə bilər. Alternativ marşrutların inkişafı həmçinin region ölkələrinin ənənəvi nəqliyyat istiqamətlərindən asılılığını azaltmağa və onların iqtisadiyyatlarının xarici çağırışlara qarşı dayanıqlığını artırmağa imkan verəcəkdir. Xüsusi diqqətə layiq məsələlərdən biri də Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməli olan Ermənistan ərazisindən planlaşdırılan marşrut – TRIPP (Zəngəzur Dəhlizi) layihəsidir. Gələcəkdə onun açılması Avropa bazarları istiqamətində Orta dəhliz üzrə daşınma vaxtını azalda və Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsinin səmərəliliyini artıra bilər. Dünya Bankının qiymətləndirmələrinə görə, Orta dəhlizin inkişafına məqsədyönlü investisiyalar tədqiqatla əhatə olunan doqquz ölkənin – Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin   ÜDM-ni 2040-cı ilə qədər 3,3% artıra və əlavə olaraq təxminən 2 milyon iş yeri yarada bilər. Lakin bu nəticələrə nail olmaq region ölkələrinin infrastrukturun modernləşdirilməsindən, daşımaların sadələşdirilməsindən və uzlaşdırılmış addımlarından asılıdır.

    Energetika sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəql edilməsi energetika sahəsində qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində işlər görür. Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi və "Rəqəmsal İpək Yolu" layihəsinin həyata keçirilməsi göstərir ki, regional əlaqələr təkcə fiziki infrastruktura ilə məhdudlaşmır, həm də rəqəmsal kommunikasiyalar əməkdaşlığın tərkib hissəsinə çevrilir.

    Xüsusi məqamlardan biri də görüş zamanı təhlükəsizlik və siyasi sabitlik məsələlərinin də diqqət mərkəzində olması idi.  Prezident İlham Əliyev qeyd edib ki, “Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır”. Bu, dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə,  nəqliyyat, energetika və investisiya layihələrinin uzunmüddətli perspektivlərinin təmin edilməsinə də töhfə verir. Məşvərət görüşündə mədəniyyət, turizm, elm və texnologiya sahələrində əməkdaşlıq təklifləri də irəli sürülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2027-ci ildə Xivədə Orta Asiya-Azərbaycan Biznes Forumunun keçirilməsi təklifi də konkret layihələrin həyata keçirilməsi və birgə istehsal zəncirlərinin yaradılması yolu ilə iqtisadi əlaqələrin inkişafına olan marağı nümayiş etdirir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellektdən məsuliyyətli istifadə haqqında bəyannamənin hazırlanmasını və regional tədbirlərin vahid təqviminin yaradılmasını təklif edib. Qırğızıstan Prezidenti Sadır Japarov isə öz növbəsində vahid elektron ticarət platformasının yaradılması və bir neçə ölkəni əhatə edən turizm marşrutlarının inkişafı ilə bağlı təşəbbüslərlə çıxış edib. Bu təkliflər göstərir ki, həmin format təkcə iqtisadi məsələləri deyil, həm də humanitar və texnoloji sahələri əhatə edir.

Azərbaycanın 2027-ci ildə Məşvərət görüşünə sədrlik etməsi bütün bu istiqamətlərin inkişafı üçün əlavə imkanlar açır. Bu, ölkəyə regional gündəliyin formalaşdırılmasında, birgə layihələrin irəli sürülməsində və dövlətlər arasındakı dialoqun varisliyinin təmin olunmasında daha fəal rol oynamağa imkan verəcək. Qırğızıstan və Özbəkistan prezidentlərinin Azərbaycanın sədrliyinin əməkdaşlığa yeni impuls verəcəyi ilə bağlı bəyanatları da qarşıdakı mərhələnin əhəmiyyətini əks etdirir. Beləliklə, VIII Məşvərət görüşü Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində siyasi dialoqun iqtisadi və praktiki əməkdaşlıqla tamamlanmasının vacibliyini bir daha nümayiş etdirdi. Qarşılıqlı investisiyaların artırılması, nəqliyyat marşrutlarının inkişafı, energetika əlaqələrinin genişləndirilməsi və birgə istehsal layihələrinin həyata keçirilməsi bu əməkdaşlığın əsas istiqamətləri olaraq qalır. Azərbaycanın gələn il sədrliyi mövcud təşəbbüslərin əlaqələndirilməsində və yeni layihələrin irəli sürülməsində mühüm mərhələ ola bilər.

Beləliklə, Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı fəaliyyət də mühüm istiqamətə çevrilir. Türk xalqları ilə tarixi, mədəni və dil əlaqələri tamamilə konkret iqtisadi maraqlarla tamamlanır: Orta dəhlizin inkişafı, liman və dəmir yolu infrastrukturunun genişləndirilməsi, Xəzər dənizi vasitəsilə yük daşımalarının artırılması və Şərqlə Qərb arasında yeni marşrutların yaradılması. Azərbaycan təkcə regional layihələrin müzakirəsində iştirak etməkdə deyil, həm də onların praktiki icrasının asılı olduğu gündəliyin formalaşmasına təsir göstərmək imkanında maraqlıdır. Bu baxımdan, Azərbaycanın indiki mövqeyi həqiqətən də unikal, hörmətə və ətraflı öyrənilməyə layiq bir fenomendir. Və bütün bu uğurlu xarici siyasət strategiyasının memarı Azərbaycan Prezidenti İlham Əliyevdir.

 

Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub  

15:01
12 Oktyabr

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

15:00
12 Oktyabr

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

14:55
12 Oktyabr

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

14:43
12 Oktyabr

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib 

14:02
12 Oktyabr

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

14:01
12 Oktyabr

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb  

13:59
12 Oktyabr

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib  

13:59
12 Oktyabr

Norveç “Microsoft”u 12 milyon avro cərimələyib

13:56
12 Oktyabr

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir

13:54
12 Oktyabr

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

13:52
12 Oktyabr

Azərbaycan-Türkmənistan: nümunəvi ikitərəfli münasibətlərdən vahid regional əməkdaşlığa  

13:46
12 Oktyabr

Regional təhlükəsizlik və iqtisadi inteqrasiya: Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşünün mühüm mesajları

13:45
12 Oktyabr

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB 

13:22
12 Oktyabr

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

13:02
12 Oktyabr

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk  

12:59
12 Oktyabr

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır  

12:47
12 Oktyabr

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB

12:45
12 Oktyabr

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb  

12:43
12 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq  

12:37
12 Oktyabr

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir  

12:36
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!