Sivil mədəniyyətə doğru inkişaf tarixində Şimal yarımkürəsində yaşamaq hüququ qazanan, baharın, yeni həyatın gəlişini səbirsizliklə gözləyən xalqların gecə ilə gündüzün bərabərləşdiyi günü təmtəraqla keçirmək ənənəsi mövcud olmuşdur.
Həm Şərq, həm də Qərb xalqlarının mifik təfəkküründə yazın gəlişi kulturoloji dəyər kontekstində özünü göstərmişdir.
Xalqımızın ulu bayramlarından ən möhtəşəmi olan Novruz erkən dövr mifik düşüncə və təsəvvürləri, ayin- etiqadları, inancları, mərasimləri özündə yaşadıb bu günümüzə yetirən humanizm, həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə əks etdirən mənəvi dəyərlər sistemidir. Novruz insana həyat verən, ilk insanın yaranmasında biliavasitə iştirak edən dörd müqəddəs varlığın adı ilə bağlıdır ki, bunlar Su, Od, Yel və Torpaqdır. Mərasim folklorumuzda törəniş təsəvvürlərini yaradan həmin müqəddəs varlıqlar İlaxır çərşənbələrin rəmzinə çevrilmiş, yaradılış və həyatvericilik funksiyasını formalaşdırmışdır.
Çərşənbə sözünün etimologiyası ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Birinci varianta əsasən, əski müsəlman təqvimində həftənin “cümə günü” istirahət günü hesab olunduğuna görə, həmin həftənin V günü “çərşənbə”, yəni dörd şənbəyə düşür. Çərşənbə “çaharşənbə” ifadəsinin işlək variantı kimi dilimizə daxil olmuşdur. Mənbələr göstərir ki, “çərşənbə” günü yer üzündə həyatın yaranması gününün axşamı, ərəfəsi sayılmışdır. Hətta həmin gün digər günlərdən daha düşərli, yüngül olduğu üçün “mübarək gün” hesab edilmişdir. İslam aləmində çərşənbə axşamı günü Məhəmməd Peyğəmbərin zövcəsi Aişəyə məxsusdur. Başqa bir varianta görə, Şərq alimləri təqvim tərtib etməyə çalışıblar, həmin təqvimin hazırlanıb bitməsi çərşənbə axşamına təsadüf etmişdir. Digər varianta görə, bəzi xalqlarda çərşənbə həftənin ağır günü hesab olunduğuna görə, həmin günün xətasız, rahat, sakit keçməsini təmin etmək üçün onun axşamı hazırlıq işləri aparılardı.
Əski inanc və etiqadlara görə, dörd çərşənbənin hər birində bir həyat varlığı “dirilir”, oyanır, təzələnir və bununla bağlı olaraq xalq arasında müxtəlif ayinlər, mərasimlər keçirilmişdir. Novruzun müjdəçisinə çevrilən İlaxır çərşənbələrin hər biri mifoloji mənbələrə istinad edir.
Boz ayın dörd çərşənbəsindən birincisi Su çərşənbəsidir, xalq arasında həm də “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gözəl çərşənbə”,”Gül çərşənbə”, “Zəmzəm çərşənbə”, “Sel çərşənbə” və s. adlandırılır.
Məlumdur ki, həm təbiətdə, həm də insan həyatında suyun yeri və əhəmiyyəti müstəsnadır. Susuz həyatı təsəvvür etmək qeyri-mümkündür. Hətta İslamda su sədəqəsi ən üstün sədəqə sayılır. Su möcüzəvi tərkibə, yaradıcı qüvvəyə malikdir. Su həyat mənbəyidir və dünyanın yaranması, yəni ilkin xaos məhz su varlığı ilə bağlıdır. Suyun tərkibi kimyəvi təsir göstərən, həyat üçün vacib olan mütəhərrik ionlar qrupunun yaranması üçün əlverişli mühitdir. Su biokimyəvi proseslərin gedişini, orqanizmdə temperatur, qida və maddələr mübadiləsini tənzimləyir. Məlumdur ki, insan orqanizminin təqribən 70 faizi, baş-beyni isə 90 faiz sudan ibarətdir. Suyun ən əhəmiyyətli xassələrindən biri onun yaddaşıdır. Su verilən informasiya və ya kənar təsirlərin daşıyıcısıdır. Yaponiya alimi Masaru Emotonun apardığı təcrübələrə görə, su deyilən sözlərin mənasına uyğun olaraq reaksiyalar verir. Oxunan dualar, deyilən fikirlər suyun keyfiyyətinə müəyyən təsir göstərir.
Türk xalqlarının mifoloji düşüncəsində su müqəddəs hesab olunur və su kultu mühüm yer tutur. Xalq arasında Su Tanrısı Abanın və Nahidin adı ilə bağlı folklor mətnləri yaranmış və bu günə qədər qorunub saxlanmışdır:
Aban abana gəldi,
Aban imana gəldi,
Abana yol verin,
Abana qol verin.
Al Aban haylı gəlib,
Al Aban paylı gəlib...
Suyun müqəddəsliyini, paklığını tərənnüm edən Novruzun başlıca rəmzlərindən olan Su çərşənbəsi şifahi yaddaşda zəngin inanc və etiqadlar, mərasimlər sistemində təzahür olunur. Su çərşənbəsi suya inam, suya tapınma ilə bağlıdır. Çox erkən dövrlərdən insanlar hələ gün doğmamış su üstünə gedər, pak, təmiz, axar suda yuyunar və bununla da özlərini paklanmış hesab edərdilər. Əski inanclara görə, Su çərşənbəsində insanlar axar sudan gətirib evə, həyət-bacaya səpər, bununla da müşküllükdən, çətinlikdən, azar-bezardan azad olmalarına inam bəsləyirdilər. Suyun müqəddəsliyi erkən folklor mənbələrində, o cümlədən “Kitabi-Dədə Qorqud”da Qazan xanın “Su Həq didarın görmüşdür” (“Su Tanrının üzünü görmüşdür”) müraciətində, “Koroğlu”da Qoşabulağın timsalında, Xızırın dirilik çeşməsində içdiyi suda əyan olmuşdur. Türk mifoloji qaynaqlarında “idi kimi sahib mənasını verən “su əyəsi” obrazına rast gəlmək olar ki, o, bütün əyələrdən güclü hesab olunur. Hətta bəzi mifoloji təsəvvürlərə görə, “su əyəsi”, yaxud “su yiyəsi” qadın obrazı kimi səciyyələndirilir. Digər mənbəyə görə, “suyun altında su əyəsinin öz səltənəti, öz sarayı var. Həmin su əyəsinin adı İlyasdır”. İnanca görə, su üstünə gedərkən mütləq su əyəsinə salam vermək lazımdır.
Əski türklər bulaqları “qara su”, yəni ulu, ilahi, müqəddəs hesab etmiş və bulağı yeraltı qaranlıq dünya ilə yerüstü işıqlı dünya, eləcə də olum və ölüm arasındakı bir yol kimi qəbul etmişlər. Ona görə də həmin suyu “abi-həyat”, “dirilik suyu” adlandırmışlar. Xalqımız onu müxtəlif adlarla, “həyat suyu”, “Xızır suyu”, “Zəmzəm suyu” və s. ifadə etmişdir. Folklorumuzda dirilik suyu ilə bağlı əfsanə və rəvayətlər mövcuddur. Həmin süjetlərə görə, Xızır, yaxud Xıdır dirilik suyunu tapıb içir, əbədi həyat qazanır, ona görə də “Nəbi” peyğəmbərlik statusunu qazanır.
Xalq ənənəsində yuxunu axar suya danışmaq və sanki bununla yuxunun mənfi təsirindən qurtulmaq inamı da mövcuddur ki, bu da suyun aydınlığı və arzuolunmaz enerjini yuyub aparması inancına söykənir.
Erkən inanclara görə, “Sular toyu” və ya “Axar sular Novruzu” adlandırılan bu çərşənbə axşamında Dan ulduzu doğulan zaman yer üzündəki bütün axar sular bir an donub dayanır, hətta bu zaman suya heç nə batmır.
Başqa bir inanca görə, Su çərşənbəsi axşamında Xızır ilə İlyasın görüşü baş tutur. Mifik təsəvvürlərə görə, Xızırla İlyas görüşərkən sular ətrafındakı bütün canlılar, xüsusən bitkilər, ağaclar Xızırla İlyasa və yuxudan oyanmağa başlayan suya səcdə edir, sonra isə onlar əvvəlki vəziyyətlərinə qayıdırlar. Əcdadlarımız “kimə bu möcüzəli məqamı görmək nəsib olarsa, onun bütün arzuları həyata keçər” deyiblər.
Əcdadlarımızın erkən təsəvvürlərində bu görüşdən sonra donmuş sular oyanır, təzələnir, paklanır aşıb-daşmağa başlayır.
Su həmçinin sağlamlıq rəmzidir. Su çərşənbəsində müəyyən ayinlər icra edilərdi ki, bunların mahiyyəti, özəllikləri diqqəti cəlb edir. Məsələn, Su çərşənbəsində ərgən qızlar axar sudan “lal su”, yəni suyu evə gətirərkən bir kimsə ilə danışmazdılar. Suyu bir neçə qaba qoyub saxlayardılar. Qızlar bir yerə yığışar, hərə öz üzüyünü saçına sürtüb suya salar, inanca görə üzük suda neçə dəfə cingildəsə, demək həmin yaşda gəlin köçər.
Su çərşənbəsində insanlar sübh tezdən axar suyun üstünə gedər, “ağırlığım-uğurluğum suya, azar-bezarım suya” deyib su üstündə dərdlərini danışar və sanki öz çətinliklərini “təzə su” üstündə qoyub gedərdilər. Beləliklə də, Su çərşənbəsi mərasimi icra olunardı.
Su çərşənbəsi ərəfəsində Günəş zodiak qurşağında “Dolça” bürcündən “Balıqlar” bürcünə keçir və Müştəri - Yupiter planetinin himayəsinə daxil olur. Ona görə də Əzəl çərşənbə süfrəsində ağzına qızıl keçirilmiş balığın və dolçada suyun olması mütləqdir.
Xalqımızın şifahi yaddaşında milli həyatı, erkən baxışları, mənəvi - əxlaqi dəyərləri tərənnüm edən və artıq milli təfəkkürdə qətiləşən bədii mətnlər toplusunda suya inam və tapınma ilə bağlı saysız nümunələrə rast gəlmək olar. Onlar ibrətamizlik rəmzi olan atalar sözü və məsəllərdə, bayatılarda, inanclarda türkəçarələrdə, tapmacalarda bu günümüzlə səsləşməkdədir:
Su səni,
Su göyərtmiş süsəni,
Keçmə namərd körpüsündən,
Qoy aparsın su səni...
* * *
Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan.
Çalış yaxşılıq elə,
Nə çıxar yamanlıqdan?
* * *
Su olan yerdə dirilik olar.
Yuxuda su görmək aydınlıqdır.
Erkən təsəvvürlərlə bağlı suya inamın tarixi köklərindən xəbər verən həm mifik, həm də xalq yaradıcılığı nümunələri çağdaş dövrümüzdə də öz aktuallığını nəinki itirməmiş, onların milli- mənəvi dəyərlərin qorunması və təbliği baxımından əhəmiyyəti daha da artmışdır.
Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru