Stokholm şəhərində fəaliyyət göstərən SAF Birliyinin tərkibində olan Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinin başlanması münasibətilə açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir xaricdə yaşayan azərbaycanlı uşaqların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərində keçirilən V Dünya Azərbaycanlılarının Qurultayında da vurğuladığı kimi, ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən həftəsonu məktəbləri diasporumuzun gələcəyi üçün strateji əhəmiyyətə malikdir.
SAF Birliyinin rəhbəri Sevda Dadaşova bildirib ki, bu cür məktəblər xaricdə yaşayan azərbaycanlı uşaqların assimilyasiyadan qorunmasında, ana dilinin, milli kimliyin, tarix və mədəni irsin yaşadılmasında əvəzsiz rol oynayır.
“Ana dili xalqın ruhu, millətin yaddaşıdır. Ana dilini bilən uşaq öz köklərini tanıyır, kimliyini dərk edir və Vətənlə mənəvi bağlarını möhkəmləndirir. Qarabağ Həftəsonu Məktəbi də məhz bu ali məqsəd uğrunda fəaliyyət göstərərək uşaqlara yalnız bilik deyil, həm də Azərbaycan sevgisi, milli qürur və vətənpərvərlik hissləri aşılayır”, - deyə S. Dadaşova qeyd edib.
O, məktəbin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayaraq, komitənin sədri Fuad Muradova və bütün kollektivə dərin minnətdarlığını ifadə edib.
Çıxış zamanı Qarabağ Həftəsonu Məktəbinin illik tədris proqramı təqdim olunub, daha sonra S. Dadaşova yeni şagirdləri və müəllimləri təhsil ocağının fəaliyyəti ilə tanış edib.
Yeni tədris ilində Qarabağ Həftəsonu Məktəbində Azərbaycan dili, milli musiqi və xalq rəqsləri üzrə dərslərin keçirilməsi nəzərdə tutulur.