Ölkələrin bərpaolunan enerji strategiyalarını gücləndirməsinin vaxtı çatıb. Bunu təkcə iqlim tədbirləri naminə deyil, həm də ona görə etməlidirlər ki, bərpaolunan enerji inkişaf, təhlükəsizlik, dekarbonizasiya və rəqabətqabiliyyətlilik üçün ən dayanıqlı və risksiz iqtisadi yol hesab olunur.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera təşkilatın Əbu-Dabidə keçirilən 16-cı Assambleyasında çıxışı zamanı deyib.
“Bazar artıq öz seçimini edib. Keçən il yeni quraşdırılan elektrik gücü potensialının 92 faizi bərpaolunan enerji mənbələrinin payına düşüb. Bu il isə daha bir rekorda doğru irəliləyirik: təxminən 700 giqavat həcmində yeni bərpaolunan enerji gücünün istismara verilməsi gözlənilir”, - deyə o əlavə edib.
Baş direktor, həmçinin vurğulayıb ki, gələcəyin iqtisadiyyatının rəqabət qabiliyyəti böyük ölçüdə elektronları və molekulları mümkün olan ən aşağı xərclə hərəkət etdirmək bacarığı, eləcə də təmiz, təhlükəsiz və əlçatan enerji xidmətlərini təmin etmək imkanları ilə müəyyən olunacaq.
Qeyd edək ki, IRENA-nın 16-cı Assambleyasında 1600-ə yaxın nümayəndə, o cümlədən üzv ölkələrdən 45 nazir iştirak edir.
IRENA dayanıqlı inkişaf, enerjiyə çıxış, enerji təhlükəsizliyi və aşağı karbon emissiyalı iqtisadi artım və rifah hədəflərini rəhbər tutaraq bioenerji, geotermal, hidroenergetika, okean, günəş və külək enerjisi də daxil olmaqla, bərpaolunan enerjinin bütün növlərinin geniş yayılmasını və davamlı istifadəsini təşviq edir.
Təşkilatın 171 üzvü (170 dövlət və Avropa İttifaqı) var. Azərbaycan 2009-cu ildən IRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı əsasında agentliyin nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.