Bu il daha 69 kənd və qəsəbə, 62 massiv mavi yanacaqla təmin olunacaq
Azərbaycanda qazlaşdırma dövlətin sosial siyasətinin ayrılmaz hissəsini təşkil edir. Regionların sosial-iqtisadi inkişafına yönəldilən birinci dövlət proqramına start verildiyi 2004-cü ildən indiyədək bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilib.
Təkcə keçən il ölkəmizin şəhər və rayonlarında ümumilikdə 100-ə yaxın yeni yaşayış massivi qazla təmin olunub. 200-dən artıq şəhid ailəsi və müharibə iştirakçısının fərdi yaşayış evi isə "Azəriqaz"ın daxili imkanları hesabına qazlaşdırılıb.
Son 18 ildə mavi yanacaqla təmin edilən yaşayış məntəqələrinin, kənd və qəsəbələrin isə sayı yüzlərlədir. Bunlar uzun müddət təbii qaz almayan, eləcə də indiyədək qazlaşdırılmayan ərazilər idi. Beləliklə, qaz xətləri hətta sovet dönəminin ən inkişaflı illərində mavi yanacaqdan istifadə edə bilməyən yerlərədək çatıb. Aydındır ki, xüsusilə dağlıq ərazilərdə qaz çəkilişi çətinliklə aparılır. Bu həm texniki cəhətdən çətin işdir, həm də böyük maliyyə vəsaiti tələb edir. Bununla belə çoxlu dağ kəndlərimiz xeyli vaxtdır mavi yanacaq alır. Belə yerlərdə xətlər dağlardan, qayalıqlardan keçdiyi üçün boruların iş gedən ərazilərə hətta əllə daşındığı da məlumdur.
Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,3 faizə çatıb. 2009-cu ildə isə həmin göstərici 62,2 faiz idi. Bu da son 13 ildə 34,1 faiz artım deməkdir. Sözügedən dövr ərzində ölkəmizdə 1700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb. Bu ilin əvvəllərində abonentlərin sayının 2 milyon 400 minə çatması Azərbaycanda qazlaşdırmanın dünya miqyasında yüksək göstəricilər qazandığını təsdiqləyən növbəti faktdır.
2022-ci ilin qazlaşdırma proqramında ölkənin müxtəlif bölgələrində 69 yaşayış məntəqəsinin və 62 yaşayış massivinin mavi yanacaqla təmin olunması nəzərdə tutulub. Qazlaşdırılan yeni yaşayış massivləri həm regionları, həm də Bakı şəhərinin inzibati ərazisini əhatə edir. İndi yaşayış məntəqələrinin yarısında, yaşayış massivlərinin isə 75 faizində iş gedir. Havalar istiləşdikcə işlərin sürəti də artacaq. Qeyd edək ki, hazırda qazlaşdırma "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində maliyyə imkanlarına uyğun olaraq həyata keçirilir.
"Azəriqaz"ın gördüyü bu və digər işlər barədə ötən ayın sonunda keçirilən "Açıq qapı" aksiyasında da ətraflı bəhs olunub.
Tədbirdə birliyin səlahiyyətli nümayəndəsi son vaxtlar məişət tipli, yəni G4 və G6 tipli sayğacların satışının qanuni olub-olmaması ilə bağlı ünvanlanan sualı da cavablandırıb. Bildirilib ki, əhali abonentləri üçün qaz sayğaclarının MTK tipli binalarda ilkin quraşdırılması, eyni zamanda əvəz olunması qaz paylayıcının hesabına həyata keçirilir. Qanunda düzəliş olunub və orada bu, bir daha təsbit edilib. Yəni qaz sayğacının quraşdırılması qaz paylayıcının hesabına həyata keçirilməsi yalnız məişət abonentləri üçün nəzərdə tutulub. Xatırladaq ki, abonentlər iki hissəyə bölünür. Məişət abonentləri dedikdə fərdi evlər və mənzillər, yəni təbii qazdan istifadə edən fiziki şəxslər nəzərdə tutulur. Digər abonentlər isə qaz sayğacını öz hesabına almalı və quraşdırmaıldır.
Bundan əlavə, aksiyada həmçinin tezliklə yerli istehsal olan yeni qaz sayğaclarının quraşdırılmasına başlanılacağı da diqqətə çatdırılıb. İdxaldan asılılığı azaltmaq üçün yerli istehsala üstünlük veriləcəyi, yeni sayğacların dünya standartlarına cavab verəcək səviyyədə təchiz olunduğu qeyd edilib. Başqa sözlə, "Azəriqaz" İstehsalat Birliyi həm sahibkarlığı dəstəkləmək, həm də ölkədən valyuta axınını azaltmaq məqsədilə abonentlərin ixtiyarına "Gəncə Cihazqayırma Zavodu" ASC-də istehsal olunan sayğacları verəcək.
Yaxın vaxtlarda qaz xətləri işğaldan azad edilmiş ərazilərimizə də istilik, hərarət daşıyacaq. Məlum olduğu kimi, indi o yerlərdə elektrik enerjisi obyektlərinin tikintisi vüsət alıb. Qarşıda duran ən mühüm məsələlərdən biri Qarabağda və Şərqi Zəngəzurda tikiləcək evlərimizi, sosial və istehsal təyinatlı müəssisələrimizi mavi yanacaqla təmin etməkdır. Hazırda bu ərazilərin qazlaşdırılması ilə əlaqədar layihələşdirmə işləri gedir. Təbii ki, buradakı yaşayış məntəqələrinə qaz verilməsi də növbəlilik prinsipi ilə həyata keçiriləcək.
Flora SADIQLI,
"Azərbaycan"