Balıqçılıq və akvakultura sahəsində dövlət siyasətinin daha səmərəli və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanına əsasən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərir və yaradıldığı gündən etibarən öz fəaliyyətini təsdiq edilmiş Nizamnaməyə uyğun şəkildə həyata keçirməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mərkəzin fəaliyyətində iki əsas strateji istiqamət müəyyən edilib. Birinci əsas istiqamət balıq ovunun daha dayanıqlı, nəzarətli və elmi əsaslarla həyata keçirilməsinin təmin edilməsidir. İkinci əsas istiqamət isə ölkədə akvakultura sahəsinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal potensialının artırılması və akvakultura təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıdır.
“Su bioresurslarının dayanıqlığının təmin edilməsi, ehtiyatların bərpası, qorunması və obyektiv elmi qiymətləndirilməsi dayanıqlı idarəetmənin əsas şərtlərindən biridir. Buna görə də, 2025-ci il oktyabrın 13–23-də balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi ekspedisiya həyata keçirilib. Ekspedisiya “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə baş tutub, AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə uğurla həyata keçirilib. Bu müddət ərzində Xəzər dənizində və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının qiymətləndirilməsi aparılıb. Xəzər dənizində aparılan ekspedisiya zamanı kilkə, siyənək, külmə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri həyata keçirilib, daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, külmə, naxa, sazan, sıf, şamayı və xəşəm növlərinin faktiki vəziyyəti qiymətləndirilib. Tədqiqatlar çərçivəsində qeyd olunan balıq növlərinin çəki göstəriciləri, bədən uzunluğu və daxili orqanlarının morfoloji xüsusiyyətləri ətraflı şəkildə öyrənilib. Əlavə olaraq, Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərdən istifadə edilərək, balıq sürülərinin miqrasiya marşrutları, sıxlıqları, növ tərkibləri öyrənilib”, - deyə Ceyhun Əliyev vurğulayıb.
Mərkəzin direktoru bildirib ki, ekspedisiya zamanı balıq nümunələrindən əlavə zooplankton və fitoplankton nümunələrinin toplanması xüsusi metodlar vasitəsilə həyata keçirilib. Onun sözlərinə görə, su nümunələri Xəzər dənizində müxtəlif nöqtələrdən, 10 metr və 25 metr olmaqla iki fərqli dərinlik üzrə götürülərək, nazirliyin tabeliyində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda laborator analiz olunub: “Bu qiymətləndirmələrin nəticələri həm cari ilin faktiki göstəricilərinin təhlilində, həm də qarşıdakı illər üçün planlaşdırılan buraxılış tədbirlərinin müəyyən edilməsində əsas baza rolunu oynayıb. Mütəxəssislərin hesablamalarına əsasən, Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə daxili su hövzələrində hər il təxminən 6–12 milyon ədəd körpə balığa eyni zamanda, Xəzər dənizi üçün bu göstərici 11–23 milyon ədəd körpə balıq buraxılışına ehtiyac var. 2026-cı il üzrə ov kvotalarının müəyyən edilməsi məqsədilə ekspedisiyanın nəticəsi əsasında tərtib edilmiş hesabatlar təhlil edilərək və AMEA Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib”.
2025-ci il üzrə faktiki nəticələrə və növbəti illər üçün planlaşdırılan göstəricilərlə bağlı məlumat verən C.Əliyev qeyd edib ki, bu il ərzində ümumi su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə dövlət və özəl tərəfdaşlığı çərçivəsində müvafiq tədbirlər görülüb və təbii mühitə müxtəlif növ balıq buraxılışları təmin edilib.
“Belə ki, il ərzində təbii mühitə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb. 2026–2028-ci illər üçün əsas hədəflər və planlaşdırılan tədbirlər çərçivəsində isə mövcud balıqartırma müəssisələrinin istehsal gücünün artırılması nəzərdə tutulur. Planlanan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının 1 milyon ədədə çatdırılması hədəflənir. Həmçinin proqnoz göstəricilərinə əsasən, gələn il 1 milyon ədəd kütüm (Rutilus kutum), 2 milyon ədəd çəkikimilər (Cypriniformes) buraxılışı nəzərdə tutulur”, - deyə mərkəz direktoru vurğulayıb.
Mətbuat konfransında diqqətə çatdırılıb ki, mərkəz yaranmamışdan əvvəl 2025-ci il üçün müəyyən olunmuş kvota Xəzər dənizinə 27 min 850 ton təşkil edib, bunun 12 min 951 tonu istifadə olunub. Daxili sular üçün ümumi kvota miqdarı 160 ton, istifadə olunmuş miqdar isə 90 tondur. 2025-ci il yanvar ayı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən 216 nəfərə, daha sonrakı dövrdə Kənd Təsərrüfatı Nazirliyinin “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs tərəfindən isə 15 nəfərə balıqovlama bileti verilib: “2025-ci ilin yanvarın 1-dən mayın 23-dək regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 69 akt tərtib edilib, ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 29 protokol tərtib edilərək “İnzibati tənbehvermə haqqında Qərar” qəbul edilib, 1 fakt üzrə təbiətə vurulmuş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib. Həmçinin 2025-ci ilin iyunun 1-dən dekabrın 16-dək “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs tərəfindən ekoloji cinayət törədənlərə qarşı həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 23 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq inzibati məsuliyyətə cəlb edilib.
Cari ilin iyunun 1-dən dekabrın 16-dək isə Su Nəqliyyatından Polis İdarəsinin mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı ümumilikdə 30 cinayət tərkibli hal yaranıb, 30 nəfər müvafiq məsuliyyətə cəlb olunub”.
Mərkəzin rəhbəri eləcə də ölkədə mövcud akvakultura təsərrüfatları barədə də məlumat verib. Belə ki, 2024-cü ilin dekabrına qədər ETSN tərəfindən rəsmi qeydiyyata alınmış akvakultura təsərrüfatı sayı - 78 olub. 2025-ci ilin dekabr ayına qədər BAM tərəfindən rəsmi qeydiyyata alınmış akvakultura təsərrüfatı sayı – 4 (o cümlədən 2 RAS sistemi), 2025-ci ilin sonuna qeydiyyata alınması nəzərdə tutulan təsərrüfat sayı -6 olması nəzərdə tutulur. (1 RAS sistemi, toplam təsərrüfat sayı 88).
Nəzərə çatdırılıb ki, ilkin araşdırmalara görə ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur. Həmin təsərrüfatların ilkin uçotunun aparılması üzrə fəaliyyətlər davam etdirilir. Qeydə alınmış akvakultura təsərrüfatlarında damazlıq balıq sürülərinin keyfiyyətinin və sayının müəyyən edilmiş göstəricilər üzrə kompleks qiymətləndirilməsi məqsədilə “bonitirovka” tədbiri 10 (ilin sonuna qalan 4 təsərrüfatda aparılacaq) təsərrüfatda aparılıb. Akvakultura təsərrüfatlarında bonitirovkanın aparılması ilk növbədə törədici fondunun öyrənilməsi, bundan başqa CITES-in tələblərinə uyğun olaraq nəsli kəsilməkdə olan növlərin (nərəkimilərin və qızılbalıqkimilərin) və onlardan alınan məhsulların (ət və kürünün) dövriyyəsinə və ticarətinə nəzarətin təşkilində iştirak etməkdir. Bu tədbir balıq ehtiyatlarının dəyəri və gələcək istifadəyə yararlılığı üzrə təsnifatını təmin edir.
Qeyd olunub ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin hazırlanması balıqçılıq və akvakultura subyektlərinin fəaliyyətinin hüquqi və inzibati baxımdan sadələşdirilməsinə, mövcud prosedurların optimallaşdırılmasına və tətbiq olunan mexanizmlərin daha da təkmilləşdirilməsinə xidmət edir. Yeni tənzimləmələr subyektlər üçün şəffaf, optimal və səmərəli fəaliyyət mühiti formalaşdırmaqla, istehsal proseslərinin təşkili və genişləndirilməsinə, eləcə də dövlət dəstəyi alətlərindən daha effektiv istifadə etməsinə imkan yaradacaqdır. Qanun layihəsinin hazırlanması prosesində balıqçılıq və akvakultura sahəsində qabaqcıl xarici təcrübə ətraflı şəkildə araşdırılmış və təhlil edilib. Beynəlxalq praktika, balıqçılığa ekosistem yanaşması və digər müasir yanaşmalar milli qanunvericilik sisteminə uyğunlaşdırılaraq layihədə əks etdirilib: “Balıqçılıq, xüsusən də akvakultura sahəsi uzun illərdir ki, kənd təsərrüfatı sahəsinə aid edilməyib. Bu səbəbdən də kənd təsərrüfatı sahələrinə tətbiq edilən vergi güzəştləri, eləcə də müxtəlif dövlət dəstəyi mexanizmləri balıqçılıq sahəsinə tətbiq olunmayıb. Balıqçılıq fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə aid edilməsi, habelə bu sahədə vergi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilib. Balıqçılıq, o cümlədən akvakultura sahəsində dövlət dəstəyinin məqsədyönlü şəkildə təşkili məqsədilə nazirlik tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Layihə çərçivəsində akvakultura təsərrüfatlarının yaradılması və inkişafının stimullaşdırılması, investisiya cəlbediciliyinin artırılması, müasir istehsal texnologiyalarının tətbiqi və məhsuldarlığın yüksəldilməsi əsas prioritetlər olaraq müəyyən edilib”.
C.Əliyev bildirib ki, “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs olaraq 2025-ci il ərzində sahənin inkişafı, institusional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi məqsədilə bir sıra mühüm tədbirlərdə həm təşkilatçı, eyni zamanda iştirakçı qismində iştirakı təmin edilib.
Cari ilin may 13–15-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəyilə Bakı şəhərində keçirilən Mərkəzi Asiya və Qafqaz Regional Balıqçılıq və Akvakultura Komissiyasının (CACFish) Texniki Məsləhət Komitəsinin Yeddinci İclasında beynəlxalq iştirakçılarla birlikdə akvakultura sahəsində çalışan yerli mütəxəssislər iştirak ediblər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) TCP/AZE/3904 “Kənd yerlərinin inkişafı” layihəsi çərçivəsində 2025-ci il 25 avqust – 12 sentyabr tarixlərində balıqçılıq və akvakultura sahəsini əhatə edən təlim proqramı təşkil edilib. Təlim proqramında mərkəzin 15 əməkdaşı iştirak edib, proqram çərçivəsində müasir yanaşmalar, beynəlxalq təcrübə və praktiki biliklərin artırılmasına xüsusi diqqət yetirilib.
Bu ilin noyabr 24-26-da Türkmənistanın Aşqabad şəhərində “Xəzər dənizinin su bioresurslarının qorunması, onların rasional istifadəsi və birgə ehtiyatların idarə olunması üzrə Komissiya”nın 9-cu iclası keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti təmsil olunub, Azərbaycanla yanaşı İran, Qazaxıstan, Rusiya Federasiyası və Türkmənistanın nümayəndə heyətlərinin iştirak etdiyi iclasda tərəflər Komissiyanın əvvəlki qərarlarının icrası, 2024-cü ildə istifadə olunmuş balıqçılıq kvotaları, ehtiyatların bərpasına yönəlmiş balıqartırma proqramları və su bioresurslarının mühafizəsi ilə bağlı görülmüş tədbirlər barədə müzakirələr aparıblar. İclas zamanı 2024-cü ilin elmi tədqiqat məlumatları əsasında Xəzər dənizində su bioresurslarının mövcud vəziyyəti müzakirə olunub, növlərin biokütlələrində baş verən dəyişikliklər və ekoloji risklər qiymətləndirilib, 2026-cı il üçün birgə balıqçılıq kvotaları təsdiq edilib və komissiyanın işçi qruplarının fəaliyyəti dəyərləndirilərək növbəti mərhələ üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
“Eyni zamanda, istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulması, balıq məhsullarının istehlakının təşviqi məqsədilə, 2025-ci il sentyabrın 12-də Keşlə balıq bazarında Bakıda balıq yarmarkası keçirilib. Sözügedən tədbirdə Balıqçılıq və Akvakultura Mərkəzi tərəfdaş qismində iştirak edib. Bundan əlavə, dekabrın 4-də Neftçala Bayraq Meydanında keçirilmiş 9-cu Aqrar Biznes Festivalı və “Balıq” mövzusunda tədbirdə Balıqçılıq və Akvakultura Mərkəzi rəsmi olaraq təmsil olunub. Festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Ümumilikdə, 2025-ci il ərzində keçirilmiş bu tədbirlər “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin sahə üzrə institusional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, məlumatlılığın artırılmasına və balıqçılıq və akvakultura sektorunun davamlı inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Növbəti illərdə də müvafiq istiqamətlər üzrə işlərin ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur. Qeyd olunan hədəf və tədbirlər balıqçılıq və akvakultura sahəsində planlı, elmi əsaslı və dayanıqlı inkişafın təmin edilməsinə yönəlib. Qarşıdakı dövrdə bu istiqamətdə fəaliyyətlərin ardıcıl və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur”, - deyə C.Əliyev vurğulayıb.