Prezident
İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır
İstənilən
dövlətin beynəlxalq münasibətlər sistemində nüfuzunu yüksəldən səbəblər var. Bunların
arasında ən mühümü təbii ki, dövlətin həyata keçirdiyi xarici və daxili siyasətin
məzmunu və mahiyyətidir. Müasir dövrdə dövlətin nüfuzu ilə yanaşı, həm də ona göstərilən
beynəlxalq etimadı da məhz bu səbəb meydana çıxarır.
Bu gün Azərbaycan,
sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycanın öz siyasi
dəstxəti, dövlətçilik siması, inkişaf yolu var. Son 25 illik tarixə nəzər yetirsək,
aydın şəkildə bunu görə bilərik. Son 16 ildə isə Azərbaycanın tamamilə fərqli siyasi
və iqtisadi reallıqlar şəraitində inkişaf etdiyinin şahidiyik.
Heç vaxt indiki qədər güclü olmayan ölkə
"Biz öz taleyimizin
sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, dünya miqyasında öz layiqli yerimizi
tutmuşuq və müstəqillik, inkişaf yolu ilə bundan sonra da gedəcəyik. Azərbaycan heç vaxt indiki qədər
güclü olmayıb”.
2003-cü ildən
bugünədək verdiyi bütün vədlərinə sadiq qalaraq Azərbaycanı tarixinin ən qüdrətli
dövlətinə çevirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət söylədiyi fikirlərlə
üst-üstə düşür. Tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə
və inkişafına hesablanmış siyasət yürüdən cənab İlham Əliyevin müəllifliyi ilə müasir
Azərbaycan tarixinin şanlı səhifəsi yazılır.
Elə bir beynəlxalq
müzakirə mövzusu yoxdur ki, Azərbaycan həmin vaxt atdığı addımı hansısa dövlətin
siyasi və ya iqtisadi maraqlarına uyğunlaşdırsın.
Enerji məsələlərindən
başlamış xarici siyasi əməkdaşlığa, beynəlxalq təşkilatlarda iştiraka, qlobal terrorizmlə
mübarizəyə qədər Azərbaycan tamamilə müstəqil siyasət həyata keçirir.
Cənab İlham
Əliyev Azərbaycanın dünyadakı artan nüfuzunu dəyərləndirərkən qeyd edir ki, bu gün ölkəmizdə xalqın iradəsi
hökm sürür: "Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycan dünya miqyasında
müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç
kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna
görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır
və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər
kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə
qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə”.
20 il əvvəlki ölkə ilə bugünkü Azərbaycanı müqayisə etmək
mümkün deyil
Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də ölkədə güclü
iqtisadiyyatın yaradılması idi. Son 16 ildə iqtisadi cəhətdən əldə edilən uğurlara
nəzər yetirsək görərik ki, Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu isə dünyada
rekord göstəricidir.
Son 16 ildə
Azərbaycanda yoxsulluq səviyyəsi təxminən 50 faizdən 4,8 faizə düşüb. Bu fakt isə
onu göstərir ki, iqtisadi inkişaf və neft-qaz layihələri insanlara daha yaxşı həyat
sürməyə kömək edib. Bu müddət ərzində Azərbaycanın xarici ticarəti 6,4 dəfə artıb.
Ölkənin birbaşa xarici borcu ümumi daxili məhsulun yalnız 17 faizini təşkil edir.
16 ildə valyuta
ehtiyatlarımız 51 milyard dollara çatıb. Ölkə iqtisadiyyatına 270 milyard dollar
investisiya yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Bu da onu deməyə əsas
verir ki, cənab İlham Əliyev həm də Azərbaycanı investisiyalar məkanına çevirib.
Xarici və yerli investorlar üçün əlverişli şərait yaradılıb.
Fevralın
25-də Azərbaycana səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin
son illərdəki inkişafını qiymətləndirərkən qeyd etmişdir ki, 20 il əvvəlki Azərbaycan
ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan
göz önündədir. Bu gün infrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən
bir Azərbaycan var.
Ən islahatçı dövlət, ən islahatçı Prezident
Prezident
İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlara əsasən Dünya
Bankı "Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri, cənab
İlham Əliyevi isə ən islahatçı dövlət başçısı hesab edir.
Xüsusən də
son 3 ildə həyata keçirilən sosial-iqtisadi, siyasi islahatlar həm ölkə ictimaiyyəti,
həm də beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək dəyərləndirilir.
Martın
10-da Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev son 16 ildə
əldə edilən uğurları dəyərləndirərkən söyləmişdir ki, iqtisadi sahədə əldə edilmiş
uğurların dünyada bərabəri yoxdur: "Əgər varsa, desinlər, götürsünlər statistikaya
baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Ondan
sonra yoxsulluq, 50 faizə yaxın idi, indi 4,8 faizdir və daha da aşağı düşəcək.
Çünki maaşlar, pensiyalar artır və artırılacaq, müavinətlər də həmçinin. Xarici
borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf
etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur
ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni istəsək, xarici
borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi
ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun”.
Bu illər ərzində
iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən
çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır.
Azərbaycan kosmik dövlətə çevrilib.
Nəqliyyat qovşağı, Xəzərdə ən böyük donanmaya məxsus dövlət
Azərbaycan
bu müddət ərzində həm də etibarlı tərəfdaş və tranzit ölkəyə çevrilib. Nəqliyyat
sektorunun sürətli inkişafını stimullaşdıran Azərbaycan Avrasiyada nəqliyyat qovşağı
kimi mövqelərini getdikcə gücləndirir.
Bu gün Xəzərdə ən böyük donanma (200-dən çox gəmi) ölkəmizə məxsusdur.
Son 16 ildə ölkədə 6 beynəlxalq hava limanı tikilib. Hazırda Azərbaycan Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya
yatıran yeganə ölkədir.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə reallaşan transmilli layihələr Azərbaycana iqtisadi
və siyasi dividendlər gətirməkdədir. Bu ilin sonunda bütün seqmenti fəaliyyətə başlayacaq
"Cənub qaz dəhlizi” isə Avropanın enerji xəritəsini dəyişəcək. Azərbaycan qazı İtaliyaya
və Avropanın digər ölkələrinə çatacaq.
Hazırda Azərbaycanın
təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar
3 trilyon kubmetr civarındadır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu rəqəmlər
təsdiq edir ki, Azərbaycan 100 ildən çox
müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq.
Ötən illərdə
uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız
dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla
çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır.
Ölkəmizin iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ki,
bu mərhələdə də əsas məqsədlərdən biri ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığını uzun müddətə təmin etməkdir.
Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatiya və tam müstəqil siyasət
onu deməyə əsas verir ki, Azərbaycanı qarşıda böyük uğurlar gözləyir.
Milli Məclisdəki
çıxışında da dövlət başçısı qətiyyətlə vurğuladı ki, Azərbaycan daim müstəqil, prinsipial
və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə
təzyiq göstərə bilməz.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”