Bu gün Bakı Təşəbbüs Qrupunun bizə verdiyi imkan əla fürsətdir. Həmçinin Azərbaycan hakimiyyətinə təşəkkür edirəm ki, siqhlərin tarixini müzakirə etmək üçün şərait yaratdılar. Bizim tariximiz 550 ildən çox əvvələ gedir. Qurucumuz Guru Nanak Devji Məkkəyə gedərkən Bakı şəhərindən keçib. Biz çox ortaq məqamlar tapdıq. Bəzi sözlər və dillərimizdəki ifadələr eynidir, məsələn, “kitab”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sikh Federation" təşkilatının baş icraçı direktoru Sidhu Dabinderjit Singh söyləyib.
O bildirib ki, bugünkü əsas məqsədimiz Hindistandakı siqhlərin təcrübələrini bölüşməkdir. Bu gün əsasən siqhləri müzakirə etsək də, insanlar unutmamalıdır ki, Hindistandakı müsəlman icmasının bir hissəsi 2002-ci ildə Gujarat ştatında baş verən qırğınların birbaşa təsirini yaşayıb. Həmin dövrdə Narendra Modi ştatın Baş naziri idi. “2002-ci ildə Gujarat qırğınlarından sonra ABŞ və Birləşmiş Krallıq hökumətləri Narendra Modinin bu ölkələrə səfərinə bir müddət qadağa qoymuşdu. Lakin o, Baş nazir olduqdan sonra tam siyasi güc qazandı. Onun rəhbərliyi dövründə Hindistan tədricən demokratik idarəçilikdən avtoritar modelə keçdi. Ölkə faktiki olaraq birpartiyalı sistemə doğru irəliləyir, müxalifət sıxışdırılır, media isə susdurulur”, - deyə baş icraçı direktor qeyd edib.
O deyib: “Dünya ictimaiyyəti diqqət yetirməlidir ki, Hindistan artıq təkcə hökumət səviyyəsində deyil, həm də cəmiyyət daxilində ciddi təzyiqlər vasitəsilə idarə olunur. Dünyanın ən böyük ölkələrindən biri olan Hindistan bu gün avtoritar meyillərlə üz-üzədir. Hindistan Rusiyaya Ukrayna müharibəsində dəstək verir, Çinlə yaxınlaşır və İranın əsas ticarət tərəfdaşlarından biri kimi çıxış edir. Eyni zamanda, ölkə daxilində öz vətəndaşlarına qarşı zorakılıq hallarına yol verilir. Siqhlər bu təzyiqlərə qarşı duran ən bariz nümunələrdən biridir. Təxminən 5 milyonluq siqh icması Böyük Britaniya, Kanada, ABŞ və digər ölkələrdə yaşayır. Biz Hindistanda bütün azlıqlara qarşı yönəlmiş zülmə qarşı mübarizəni davam etdirəcəyik. Düşünürəm ki, bu gün Bakı Təşəbbüs Qrupunun bizə yaratdığı imkan bu mübarizəni beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm platforma oldu”.