... Qaranlıq yoldan keçir bu işıqlı dünyaya
gəlişimiz. Elə o andan da açılır qarşımızda ömrümüzün zülmətdən aydınlığa gedən
yolu. Həyatın bəzən hamar, bəzən kələ-kötür cığırları ilə başlayırıq hər gün bu
yolu getməyə. Oluruq öz yolumuzun yorulmaz yolçusu...
Əvvəl iməkləyə-iməkləyə, sonra addım-addım
irəliləyirik həyat yollarının dolanbaclarında. Bəzən daralır ömür yolları - addım
atsan keçməyə, geri qayıtsan çıxmağa yer olmur. Bəzən də ümman qədər geniş üfüqlər
açılır qarşımızda...
Bəzən büdrəyib yarı yolda dayanırıq, bəzən
qarşımıza qoyduğumuz hədəflərə çatırıq. Bəzən də heç gözləmədiyimiz zirvələrə yüksəlirik...
Bir də onda başımızı qaldırırıq ki, yolun
yarıdan çoxunu qət eləmişik. Bax onda başlayırıq geriyə, ötənlərə boylanıb, keçən
günlərin xiffətini çəkməyə, özümüzə hesabat verməyə...
O da kənddən açılan cığırla genişlənib, şaxələnən
həyat yolunun 60-cı döngəsini keçir. Və ömrün dolaylarına, qazandığı uğurlara, gördüyü
işlərə, xidmətlərə nəzər saldıqca bu yolu hədər getmədiyinə bir daha əmin olur.
Demək, bu yolda çəkilən bütün əziyyətlərə, çətinliklərə dəyərmiş...
Milli Məclisin deputatı, filologiya elmləri
doktoru, professor, akademik, Əməkdar elm xadimi, Azərbaycanda Atatürk Mərkəzinin
direktoru Nizami Cəfərovun elmə fəda etdiyi həyatını "Ömür səhifələri”ndə vərəqləyəcəyik.
"Koroğlu”
dastanını 5 yaşında oxuyan uşaq...
Həyat öz sərt üzünü hələ o, dünyaya gəlməmişdən
öncə göstərmişdi ailəsinə. İkinci Dünya müharibəsində bir qolunu itirib geri qayıtdıqdan 4 il sonra
babasını ailəsilə birgə doğma vətəni Vedidən deportasiya edirlər. Əziz kişi "Vedinin
yanı dağlar”dan Salyanın ilan mələyən çöllərinə sürülür, oradan da Qazaxın (indiki
Ağstafa) Zəlimxan kəndinə pənah gətirir. Burada özünə yeni ev-eşik, iş qurub, başlayır
külfətini dolandırmağa, yetkinlik yaşına çatmış balalarına təhsil verməyə. Baxmayaraq
ki, özü o vaxt Şura hökumətinin kitabını oxumaqdan imtina etmişdi... Səhv elədiyini
gec də olsa anlayan, yeni hökumətin düşmənlərinin qoparağının götürüldüyünü görən
Əziz kişi əvvəlki qərarını dəyişib, övladlarını oxumağa məcbur edir. İki oğlu M.C.Bağırov
adına Qazax İkiillik Müəllimləri İnstitutunu qurtardıqdan sonra Pedaqoji İnstitutda
qiyabi təhsil ala-ala İsmayıllı rayonunun dağ kəndlərində Azərbaycan dili və ədəbiyyat
fənnini tədris edirlər.
Qazaxda günü-güzəranı nə qədər yaxşı olsa
da, elə hey vətən həsrəti çəkərdi Əziz kişi. Hərdən eyvandakı taxtın üstündə oturub
Vedidə keçirdiyi günləri, dağları, meşələri, bulaqları yadına salıb, pəsdən nə isə oxuyardı. Ya da həyətdə oturub dağlara
tərəf baxar, Vedinin dağlarından, doğma yurdunda keçirdiyi xoş günlərindən danışardı
övladlarına, nəvələrinə... Bəlkə də elə onun danışdığı maraqlı əhvalatlardan, nisgilli
söhbətlərdən yaranmışdı oğullarının ana dili, ədəbiyyata olan böyük sevgisi. Qulu
xüsusilə seçilirdi. Gözəl şeirlər yazırdı... "Koroğlu” dastanını, Molla Pənah Vaqifi,
Aşıq Ələsgəri dərindən bilirdi. Kiyevdə əsgərlikdə olanda evə şeirlə məktublar yazardı...
Onun bu istedadı və ana dili, ədəbiyyata olan sevgisi də böyük oğluna keçir. Dahi
şairimiz Nizami Gəncəvinin şərəfinə adlandırdığı Nizamisinə...
O vaxt yaşı az olsa da, atasıyla bağlı xatirə
ömrün bu çağında belə yaddaşından silinməyib Nizami Cəfərovun: "Atam əlifbanı mənə
beş yaşımda öyrətdi. "Koroğlu” kitabının 50-ci illər nəşrini oxuda-oxuda... Əvvəl
bir qolun məzmununu danışırdı, şeirləri əzbər deyirdi, sonra həmin qolu oxudurdu.
Mən bilirdim ki, bu səhifədən o səhifəyə qədər nə yazılıb, ancaq hərflər tez-tez
yadımdan çıxdığına görə konkret olaraq nəyin harada yazıldığını çaşdırırdım... Bir
dəfə anam gəldi ki, hələ tikilib qurtarmamış təzə evimizin kölgəsinə kilim sərib
atamla oturmuşuq, ağır işdən sonra mən "Koroğlu ilə Kürdoğlunun qolu”nu oxuyuram;
o yerdəyik ki, Kürdoğlu Koroğlunu iki dəfə yıxıb, indi ata tanımadığı oğlunu məcbur
edir ki, onunla üçüncü dəfə güləşsin... Gözümün yaşı kitabın səhifələrinə tökülürdü,
ancaq davam eləyirdim. Anam əlindəki çaydanı yerə qoyub gülə-gülə "Sizə nə olub,
niyə ağlaşırsınız?” deyəndə başımı qaldırıb gördüm ki, atam da əməlli-başlı kövrəlib.
Və mən məzmundan mətnə, mətndən məzmuna rahat keçməyin inersiyasını "Koroğlu”dan
və atamdan öyrəndim”.
Amma atalı bəxtəvər günləri çox çəkmir Nizaminin.
10 yaşı olanda atası haqq dünyasına qovuşur. Və ailənin dörd uşağı həyat yollarında
atasız addımlamağa başlayır. Əsl kənd uşağı kimi yetişir: "Kənd uşağı nəinki şəhər,
hətta şəhər tipli qəsəbə uşağından da fərqlənir. Ailənin məişəti, əkin əkməkdən
mal-heyvan otarmağa qədər - kənd uşağının ayağı bir balaca yer tutanda "müqəddəs
vəzifəsinə” çevrilir. Dəcəllik hamıda var. Amma kənd uşaqlarının dəcəlliyi daha
məsum və xeyirlidir. Şəhər uşağının dəcəlliyi isə bir az fərqlidir. Şəhər uşağının
dəcəlliyi ailə mühitindən kənara çıxır. Kənd uşağının dəcəlliyi isə ailə mühiti
daxilində olur. Həm də nəzərə alaq ki, kənd özü də bir bütöv ailədir, hamı hamıyla
qohum, dostdur. Və sən o dəcəlliyi ailədə edirsən. O dəcəlliyin çox ciddi hüdudu
olur. Hər dəqiqə görünür, təhlil edilir. O dəcəllik qoçaqlıq kimi də qiymətləndirilir,
tərbiyəsizlik kimi də! Bu ikisinin də arasında aydın fərq olduğuna görə onları ayırmaq
o qədər də çətin deyil. Mən də bir yeniyetmə kənd mühitinin əxlaqi düşüncələri,
həyat tərzi daxilində nə edə bilirdisə, edirdim. Məsələn, kənddə kiminsə bağından
meyvə oğurlamaq qüsur hesab olunur. Amma sovxoz bağından nə istəyirsən, oğurla
- bu, qoçaqlıq sayılır. Bir uşağı tərifləyirdilər ki, sovxozun bağından filan qədər
üzüm gətirib, "oğurlayıb” yox ha... Amma həmin şeyi kiminsə bağına tətbiq edə bilməzdin,
sənə şərəf gətirməzdi. Sovxozun bağından meyvə gətirə bilməyən yeniyetmə isə qabiliyyətsiz
hesab olunurdu. Tutaq ki, qoruqçunu aldada bilməyib, bağa girəndə tutulub, gətirdiyini
yolda salıb itirirdisə, demək, onun qabiliyyəti yox idi. Özü də maraqlı cəhət o
idi ki, sovxozu idarə edənlər də kəndin adamı idilər. Amma müəyyən həddə qədər göz
yumurdular. Hər halda o da kəndin bir xüsusiyyəti idi. Baxmayaraq ki, sovxoz dövlət
müəssisəsi idi, oradan dövlətin malını oğurlamaq qəbul olunmuşdu. Çünki dövlət cəmiyyəti,
insanları lazımi qədər təmin edə bilmirdi. Yerli idarəçilər də bunu bilirdilər və
güzəştə gedirdilər”.
Məktəbli
şair, jurnalist
Amma bu dəcəlliklər dərs oxumasına mane olmurdu
Nizaminin. Özü də sinfin əlaçılarından idi. Ana dili, ədəbiyyat və tarix isə onun
üçün bütün fənlərdən irəli və əziz sayılırdı: "Mənim üçün qalan bütün elmlər bu
üç fənnə tabe idi. Başa düşürdüm ki, yaxşı riyaziyyat duyumu olmadan heç bir elmdə,
xüsusilə də ədəbiyyat, tarix kimi dağınıq elmlərdə harmoniya yaratmaq mümkün deyil.
Bizim mütəxəssislər çox vaxt bundan əziyyət çəkirlər. Çoxlu faktları bilirlər, amma
sistem yoxdur. Bunun üçün də riyazi təfəkkür lazımdır... Nə isə, çox yaxşı müəllimlərimiz
vardı. Mən heç bilmirdim onlar öz həyatlarını, məişətlərini düşünürlər, ya yox.
Yəni belə bir təsəvvür yaranırdı ki, onlar bu dünyaya yalnız müəllim olmaq üçün
gəliblər, onların missiyası odur. Hətta bir çoxunu indi də xatırlayıram və yadıma
düşür ki, onlar evlərində də, kənddə də müəllim idilər. Yəni işlərinə vəzifə kimi
yox, həyat tərzi kimi baxırdılar. Ümumiyyətlə, Qazaxda elmə, təhsilə xüsusi hörmət
vardı. Müxtəlif olimpiadalar keçirilirdi. O olimpiadalarda qalib gələnlər rayonda
tanınırdılar. Bir də ən böyük "bəlamız” ədəbiyyat, daha doğrusu, poeziya idi. Vaqif
Səmədoğlu demiş, Qazaxda şeir yaza bilməyənə birtəhər baxırdılar. Hər halda hesab
edirəm ki, yeniyetməliyində şeir yazmayan, şairlik təxəyyülü olmayan adamdan gələcəkdə
heç nə çıxmır”.
Elə ona da
bu istedaddan pay düşür. Yeniyetməlik çağlarında müxtəlif şeirlər yazmağa başlayır.
Amma tək şeirlə yetinmir. Məqalələr, dram əsərləri qələmə alır. Hətta tələbəlik
illərində roman yazmağı da fikrindən keçirir. Lakin sonradan "məndən şair olmaz”
deyib bu yaradıcılıq eşqini içində boğur... Bu günün özündə də o illərdə yazdığı
şeirləri mümkün qədər unutmağa çalışır, heç yada salmaq istəmir...
Məktəbin son
siniflərində oxuyanda isə həyat yolunda qarşısına qoyduğu ən böyük hədəf jurnalist
olmaq idi. Amma tale özü müəyyənləşdirəcəkdi onun həyat yolunu: "İndiyə qədər də
jurnalistika, publisistika mənimlədir. Jurnalistikaya olan həvəs məndə bədii yaradıcılığa
olan sevgini aradan qaldırdı. Həmin illərdə jurnalistika hər şey demək idi. Həm
bədii yaradıcı adam, həm hüquqşünas... O dövrdə demokratik düşüncənin daşıyıcıları
jurnalistlər idi. Bizim rayona, kəndə jurnalistlər gəlirdilər. Görürdüm dövlət adamlarından,
bizə dərs deyən müəllimlərdən, adi insanlardan da demokratik, dərin, miqyaslı düşünürlər.
Həm də müstəqil idilər. Mənə xoş gəlirdi ki, jurnalist hansısa məmuru tənqid edə,
qüsurlarını göstərə bilə. Bu, mənə qəhrəmanlıq kimi görünürdü. Yuxarı siniflərdə
oxuyanda öyrəndim ki, jurnalistika fakültəsinə daxil olmaq üçün qəzetdə məqalələrin
çap olunmalıdır. Ona görə də Qazaxın rayon qəzetində, "Azərbaycan pioneri” qəzetində,
"Pioner” jurnalında xeyli məqalələrim çıxdı. Amma təəssüf ki, arzum həyata keçmədi.
O vaxt jurnalistika fakültəsinə sənəd qəbulu məktəbdə dərslər bitməmiş başlayırdı.
Mən də Bakıya birinci dəfə onda gəldim. Lakin sənədlərimi götürmədilər, çünki 2
il iş stajı lazım idi. Dedim bir halda ki, bura götürmürlər, sənədlərimi verəcəm
hüquq fakültəsinə. Alınmadı. Sonra tarix fakültəsini seçdim. O da olmadı. Hər yerdə
iki il iş stajı tələb olunurdu. Mən də universitetin geniş idman zalında yuxarısında
"Filologiya fakültəsi” yazılmış guşəyə yaxınlaşdım. Sənədlərimi qəbul elədilər.
Qəbul imtahanalarını da pis vermədim. Birinci yazılı imtahandan "5” aldım. Qalanlarından
"4”. Təəccüblənirdim ki, əgər bütün suallara doğru cavab verirəmsə, niyə "əla” yazmırlar?
Sən demə, müəllimlər "yaxşı” yazırıq deyib, mənim münasibətimi gözləyəndə etiraz
etməli, komissiya sədrinin gəlməsini tələb etməliymişəm. Universitet müəllimlərini
ömründə birinci dəfə görən, onların hər birinə dahi kimi baxan kənd uşağı bunu hardan
biləydi axı?”
Kənd uşağının şəhər həyatı
Beləcə, Azərbaycan
Dövlət Universitetinin (indi BDU) Filologiya fakültəsinə daxil olur. Və kənd uşağının
Bakıda, şəhər mühitində adət etmədiyi, adət edə biləcəyini də güman etmədiyi yeni
bir həyat yolu başlayır. Əvvəl-əvvəl böyüyüb boya-başa çatdığı kəndi üçün darıxır,
qəribsəyir, oranın saf mühitinə can atır. Amma zamanın üzü soyuq olurmuş. Təhsil
aldığı illərdə şəhər mühitinə elə alışır ki, daha geri qayıtmağa da yol qalmır...
Birinci il
kirayədə qalır. Növbəti il güc-bəla ilə universitetin yataqxanasında yer ala bilir.
Yataqxanada yer almaq əzabı isə hər il təkrarlanır. İmtahanları kifayət qədər uğurla
verib kəndə qayıtdıqdan bir az sonra yataqxanada yer ala bilib-bilməyəcəyini daha
çox düşünürdü. Çünki orderi birillik verirdilər. Məişət qayğılarını isə birtəhər yola verir, bu barədə
heç düşünməməyə çalışırdı. Aclıq da olurdu, maddi, mənəvi çətinlik də, müəyyən gərginliklər
də... Ancaq oxuduğu romanlardan da bilirdi ki, bütün bu çətinliklər keçicidir, sadəcə
dözmək, mübarizə aparmaq, həyatda layiq olduğun yeri tutmaq lazımdır. O da həmin
yerə doğru sürətlə irəliləyirdi... Savadı, bacarığı, çalışqanlığı ilə...
Universitetin
elə ilk günlərindən adını eşidib, özünü görmədiyi Abbas Zamanov, Mir Cəlal, Vaqif
Vəliyev, Ağamusa Axundov kimi görkəmli müəllim-
professorlardan dərs almağa başlayır: "Təbii ki, onların içində Mir Cəlalı daha
yaxşı tanıyırdıq. Onun bədii əsərlərinin çoxunu, elmi əsərlərinin isə bir hissəsini
oxumuşdum. "Bir gəncin manifesti”ni bilməyən yox idi. Bizə dərs deyəndə artıq ahıllaşmışdı,
bir cümləni demək üçün xeyli fikirləşir, ancaq elə cümlə deyirdi ki, saatlarla fikirləşib
o səviyyədə demək çətin idi. Tələbələrə kurs işi mövzuları paylamışdı - hər dərsin
birinci, ya ikinci hissəsində bir-iki nəfəri qaldırıb soruşurdu ki, "sənin əsərinin
mövzusu nədir?” Hamının üzündə təbəssüm əmələ gəlirdi, belə böyük yazıçı-ədəbiyyatşünasın
bizim cızmaqaralarımıza "əsər” deməsi, əlbəttə, qəribə idi. Universitet dilçilərinin
önündə isə yalnız tarixi xidmətlərinə görə deyil, intellektinə, müəllimliyinə, milliliyinə
görə Muxtar Hüseynzadə gedirdi. Bizim demək olar, bütün dilçi müəllimlərimizin müəllimi
olmuşdu. Mən xoşbəxtəm ki, həm orta məktəbdə, həm də xüsusilə universitetdə çox
böyük dilçi müəllimlərdən dərs almışam; onların yalnız bəzilərinin və mənim üçün
doğma olanların adlarını çəkmək kifayətdir ki, qəziyyə məlum olsun: Muxtar Hüseynzadə,
Əlövsət Abdullayev, Nəsir Məmmədov, Ağamusa Axundov, Yusif Seyidov, Fərhad Zeynalov,
Tofiq Hacıyev, Abdulla Vəliyev, Musa Adilov, Samət Əlizadə, Zinyət Əlizadə, Aydın
Məmmədov, Kamil Vəliyev, Firudin Cəlilov... Və bir də ona görə xoşbəxtəm ki, bu
böyük dilçi-müəllimlər nə yazdılarsa, hamısını oxudum, nə dedilərsə, hamısını anlamağa
çalışdım. Həm universitetdə təhsil aldığım illərdə, həm də sonralar onların hər
birindən qayğı, kömək, hörmət və müdafiə gördüm”.
Minnətdarlıqla
xatırladığı müəllimlər arasında Tofiq Hacıyevlə Əlövsət Abdullayevin adını xüsusi
hörmətlə çəkir Nizami Cəfərov. Universiteti fərqlənmə diplomu ilə başa vursa da,
aspiranturaya qəbul üçün 2 illik iş stajı tələb olunduğundan rektor sənədinə qol
çəkmir, 2 ildən sonra gəlməyi tövsiyə edir. İlk baxışdan xırda məsələdir. Amma bu
2 illik zaman itkisi elmi tədqiqat şövqü ilə alışan istedadlı bir gəncin bütün həyatını,
taleyini dəyişə bilərdi. Və rektorluqdan kor-peşman Filologiya fakültəsinə qayıdanda
dəhlizdə təsadüfən Əlövsət Abdullayevlə qarşılaşır: "Professor məyusluğumu görüb
vəziyyəti öyrənəndə "hələ bir dayan görək. Arxamca gəl”, - deyib qabağa düşdü. Bir
tələbənin gələcək karyerası qarşısında dağ kimi dayanmış imza problemini şəxsi nüfuzunun
gücü ilə ikicə dəqiqəyə həll edərək, yolumu açdı. Tərcümeyi-halımı vərəqlədikcə
görürəm ki, çox adama borcluyam. Amma bəlkə də ən çox Əlövsət Abdullayevə borcluyam
ki, hara gedəcəyimi bilmədiyim bir vaxtda qabağa düşdü. Mənə "arxamca gəl!” dedi.
Ən müstəqil həyat yolçusunun da hansısa məqamda belə sözə və hərəkətə ehtiyacı olur.
Bir müddətdən sonra yenə dəhlizdə rastlaşdıq. Dedi, "bizim kafedraya bir aspirant
yeri veriblər, ancaq qiyabidir. Tofiq Hacıyev xahiş elədi ki, onu sənin üçün saxlayaq,
yazdan payıza keçirək”. Çox sevindim. Minnətdarlığımı bildirdim. Və mən aspiranturaya
girdim. İndi qalırdı qiyabidən əyaniyə keçmək. Bunun üçünsə Əlövsət müəllim kafedra
müdiri kimi arayış verməli idi ki, aspiranturanı qurtardıqdan sonra məni dərslə
təmin etmək imkanı olacaq. İmkan isə yox idi. Ancaq o, belə bir arayışı verdi. Mən
isə söz verdim ki, gələcəkdə ondan dərs istəməyəcəm. Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olduqdan sonra işlərim qaydaya düşdü”.
32 yaşlı filologiya elmləri doktoru
Vaxtından
əvvəl namizədlik dissertasiyası müdafiə edib, aspiranturanı bitirəndən sonra gənc
alimə universitetdə işləmək üçün yer tapılmır.
Ona görə də elmi rəhbəri professor Tofiq Hacıyevin məsləhəti və köməyi ilə Elmlər
Akademiyasının Dilçilik İnstitutunda kiçik elmi işçi kimi müvəqqəti işə düzəlir.
Sonra ailə qurur. Və "Ədəbiyyat və incəsənət” qəzeti ilə tələbəlik illərində başladığı,
aspirantlıq dövründə isə davam etdirdiyi əməkdaşlığı akademiyada çalışdığı ilk aylardan
daha da genişləndirir: "Qəzetin ovaxtkı baş redaktoru, böyük şair Nəriman Həsənzadənin
bir çoxları kimi, mənə də hüdudsuz qayğıkeşliyi olmasaydı, yəqin ki, bu əməkdaşlıqdan
söhbət belə gedə bilməzdi. O məni tələbəlikdən tanıyırdı. Əsasən şeir kitablarına
yazdığım resenziyaları məmnuniyyətlə dərc edir, hələ o qədər də mükəmməl olmayan
mülahizələrimi tərifləyirdi. Adımın altında yazılan "ADU-nun tələbəsi”, "ADU-nun
aspirantı”, "filologiya elmləri namizədi” ifadələri bir-birini əvəzlədikcə Nəriman müəllim nə qədər
ürəkdən sevinirdisə, yazılarıma tələbkarlığı da bir o qədər artırdı. Mən də bu tələbkarlığın
səviyyəsinə qalxmaq, qayğıya layiq olmaq istəyirdim. Xüsusi qayğının bir təzahürü
də onda idi ki, Nəriman müəllim mənim maddi vəziyyətimi nəzərə alıb məqalələrimi
əlyazmasında qəbul edirdi. 1987-ci ilin yayında Qazaxda kəndimizdə oturub akademiyadakı
işimin artıq bir-iki aya bitəcəyi, harada nə iş tapacağım barədə düşünürdüm ki,
Nəriman Həsənzadədən teleqram gəldi. Məni qəzetin tənqid və ədəbiyyatşünaslıq şöbəsinə
müdir təyin edirdi. Kənddən necə çıxdığım, Bakıya necə gəldiyim yadımda deyil, onda
gördüm ki, redaksiyada, baş redaktorun kabinetindəyəm. Və dərhal işə başladım. Sonralar
öyrəndim ki, mənim bu təyinatım Nəriman müəllimə o qədər də asan başa gəlməyibmiş...
Qəzetdə işlədiyim 1987- 1991-ci illəri böyük bir məktəb hesab edirəm: qaynar yaradıcılıq
mühiti, ədəbi mübahisələr, yerli-yersiz çəkişmələr... və bütün bunların Azərbaycan
tarixinin çox mürəkkəb bir dövründə baş verməsi izsiz qala bilməzdi. Baş redaktor
hər cür şərait yaratmışdı ki, qəzetdə milli mənlik, azadlıq, müstəqillik təbliğatı
aparılsın, ölkənin Şimalı ilə Cənubu arasında əlaqələr genişlənsin. Elə ona görə
də qəzetin bir neçə səhifəsi ərəb əlifbası ilə çıxırdı ki, Cənubda da yayıla bilsin.
Türk dünyasının birliyi, türkçülük ideyaları əsas mövzulardan idi. Erməni məkri
barədə ilk sanballı yazılar dərc olunmuşdu... Nəriman Həsənzadə baş redaktorluqdan
çıxdıqdan sonra onun yaratdığı sağlam işgüzar mühit yerində qalsa da, bir az qəribsədim.
Və yeni baş redaktor, ilhamlı şair Cabir Novruzun təkidinə baxmayaraq, qəzetdən ayrıldım”.
Elə həmin
ilin dekabrında Nizami Cəfərov doktorluq dissertasiyanı müdafiə edir. Və 32 yaşında
filologiya elmləri doktoru dərəcəsi əldə etmiş ən gənc alimlərdən olur. İllərdir
arzusunda olduğu peşəyə yiyələnir - bitirdiyi universitetin Türkologiya kafedrasında
müəllimliyə başlayır. 2 il sonra həmin kafedranın professoru seçilir. Sonra Filologiya
fakültəsinin dekanı, Ümumi Dilçilik kafedrasının müdiri olur. Dekan işlədiyi 7 ildə
fakültənin elmi-tədris səviyyəsinin yüksəlməsinə, mənəvi mühitin daha da sağlamlaşmasına,
demokratik ovqat yaranmasına çalışır.
"Müəllimlik
tək istedad yox, həm də çox böyük zəhmət tələb edir. O ada layiq olmaq üçün də o
zəhməti çəkmək lazımdır” deyən Nizami Cəfərov istedadı olan hər kəsə kömək edir.
Bir vaxtlar özünün də qarşılaşdığı çətinliklərlə üzləşən onlarla gəncə "Arxamca
gəl” deyib qabağa düşən həyat bələdçisi olur. Bu gənclərin yollarındakı maneələri
şəxsi nüfuzunun gücü ilə aradan qaldırır, onları gələcəyə doğru uğurlayır. İndiyə
kimi onun elmi rəhbərliyi altında 50-yə qədər elmlər namizədi, elmlər doktoru yetişib.
Ən sevindirici hal isə odur ki, özü atasının yolunu davam etdirdiyi kimi, qızı Aysel
də onun yolunu davam etdirir. AMEA-nın Dilçilik İnstitutunda işləyir, filologiya
üzrə fəlsəfə doktorudur. Onun da elmi rəhbəri atasının elmi rəhbəri olmuş Tofiq
Hacıyev idi. Oğlu Altay isə Milli Məclisdə təmir-tikinti sektorunda işləyir, dövlət
müşaviridir.
"Elmi sən seçirsən, amma deputatlığa səni seçirlər”
Nizami Cəfərov
19 ildir həm də Milli Məclisin deputatıdır. Əslində parlamentdə təmsil olunmaq heç
ağlına da gəlməzdi. Amma 2000-ci il seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən
Ağstafadan onun da adı namizədlər siyahısına salınır: "O vaxt Xalq yazıçısı Anar
Milli Məclisdə Mədəniyyət Komissiyasının sədri idi. Məni yanına çağırdı və təklif
etdi ki, "Azərbaycan dilinin qorunması haqqında” qanun layihəsi hazırlayaq, işçi
qrupunun başçısı da sən ol. İş elə gətirdi ki, layihənin müzakirəsi başa çatmamış
mən də Ağstafadan YAP-ın namizədi kimi parlamentə seçildim. İşçi qrupunun rəhbəri
olaraq başladığım bu işi millət vəkili olaraq başa çatdırdım. Düzdür, onda millət
vəkili kimi tam təcrübəsiz idim. Amma müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanın
bütün ziyalıları bir siyasi məktəb keçmişdilər. Həm dövrün hadisələrini təhlil edir,
həm çıxış yolları axtarırdıq. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra
elə bir şərait yaradıldı ki, az-çox xalqın taleyilə maraqlanan, ictimai-siyasi proseslərdən
başı çıxan, intellekti olan insanlar dövlət işlərinə cəlb olundu. Adi müqayisə aparım:
90-cı illərin əvvəllərindəki seçkilərdə parlamentə çox vaxt sadəcə ictimai siyasi
prosesdə, "Meydan hərəkatı”nda ad qazananlar seçilirdilər. Mən onların istedadına, şəxsiyyətinə şübhə ilə yanaşmıram.
Sadəcə tipologiyanı deyirəm. Amma Heydər Əliyev hakimiyyətə gələndən sonra Milli
Məclisdə karyerasını sosial proseslərdə təsadüflərlə, yaxud hansısa vəzifələrdə
qazanmış insanlar yox, daha çox elm, mədəniyyət sahibləri təmsil olundu. Məni də
o yerə elm adamı kimi məsləhət bildilər. O vaxtdan bəri parlamentdəyəm. Amma indi
millət vəkili olmaq əvvəlki dövrdəkindən daha asandı. Çünki Prezident İlham Əliyevin
məqsədyönlü siyasəti nəticəsində dövlət inkişaf edib, dövlət idarəçiliyi möhkəmdir,
qanunçuluq güclüdür. Deputatın vəkillik etməsi üçün hər cür şərait var. Amma əvvəlki
illərdə müəyyən dağınıqlıq vardı. İndi mənim üçün ən çox maraq doğuran şey ölkənin
vətəndaşının özünü ikinci, üçüncü dərəcəli hiss etməməsidir. Prezident var-gücü
ilə çalışdı ki, bütün səviyyələrdə sosial-psixoloji kompleks aradan qalxsın və qalxdı.
Dünyanın az mədəniyyət mərkəzləri var ki, orda olmayım. Mən xaricdə mövqeyimizin
nə qədər güclü olduğunu görürəm. Bu, inqilabi nailiyyətdir”.
Nizami müəllim deyir ki, deputatlıq, alimlik,
müəllimlik artıq onun üçün bir-birindən ayrılmaz sahələrdir. Amma bir məsələni həmişə
nəzərə almaq lazımdır - elmi sən seçirsən, deputatlığa isə səni seçirlər: "Açıq
deyək ki, əgər mən parlamentdə təmsil olunmasaydım, miqyasım bu qədər olmazdı. Çünki
mən texniki yox, humanitar elmlə məşğulam. Dilçilik, ədəbiyyatşünaslıq elə bir sahədir
ki, mütləq cəmiyyətlə bir yerdə olmalı, onu hiss eləməli, görməlisən. Cəmiyyətin
nə düşündüyü barədə səndə aydın təsəvvür olmalıdır. Ona görə də millət vəkilliyi
mənə əksinə, normal mütəxəssis olmağa kömək etdi. Amma ola bilər səni heç deputat
seçməsinlər. Bunun üçün də qətiyyən gərginləşmək lazım deyil. Sadəcə elmdən aldığın
və deputatlıqdan götürdüyün miqyası davam etdirmək lazımdır. Çünki onların hər ikisindən
də yuxarıda sənin xalqının maraqları dayanır. Mən 30-40 yaşına qədər "xalqın maraqlarına
xidmət edirəm” missiyasını öz üzərimə götürə bilməzdim, böyük çıxardı. Amma artıq
yaş 60-ı keçir, böyük təcrübə var. İndi də xalqın maraqlarına xidmət etməməyi boynundan
atmaq məsuliyyətsizlik olardı”.
60
ilin yolçusu
Saat taxmağı
sevmir Nizami Cəfərov. Bəlkə də zamanın necə ötüb getdiyini görmək istəmir... Bəlkə
də ömrümüzdən qopan hər ana, hər dəqiqəyə şahidlik etmək istəmir. Bəlkə də... Amma
zamanın necə keçdiyini saatsız da hiss edir: "Zaman, vaxt mənim üçün çox önəmlidir.
Çalışıram hər saatımın qədrini bilim, dəqiqələrim hədər getməsin. Bəzən fikirləşirəm
niyə bunu çatdırdım, onu yox. Niyə bunu elədim, o qaldı. Bəlkə də daha çox işlər
görə bilərdim... Hər halda həyat yolumda taleyin də rolu var. Sənə taleyin üzü az-çox
gülməsə, heç nə edə bilməzsən. Ona görə taleyə də minnətdar olmaq
lazımdır”.
60 ildir yol
gəlir Nizami Cəfərov. Çətinliklərin, sınaqların, uğurların bir-birini izlədiyi dolanbac
həyat yolunu... Özü geriyə boylanıb keçdiyi o cığırlara, yollara baxanda 60 illik
ömrünü Nəriman Həsənzadənin bircə bəndinə sığdırır:
İllər zirvələrmiş bizdən ötəri,
Yollara gah isti, gah şaxta düşür.
Şöhrətin sevinci, yaşın kədəri
Tərs kimi, ikisi bir vaxta düşür.
"Hesab edirəm
ki, normal yaşanmış həyat adama lazım olan şöhrəti gətirir. Bu, şöhrətpərəstlik
deyil. Necə ola bilər 60-70 il yaşayasan, bir hörmətin, şöhrətin olmaya! Onda o
nə yaşamaqdı, kimə lazımdı? Amma şöhrət qazanmaqla yanaşı, yaş da gedir. Yaşın da
getməyi odur ki, insan çox şeyləri itirir - cavanlığını, şuxluğunu, gənclik enerjisini...
Görünür, həyat da budur - nəyisə qazanmaqdan ötrü nəyisə itirməli, sərf etməlisən.
Ona təəssüf edərsən ki, itirə-itirə gələsən, amma heç nəyi qazanmayasan... Əsas
odur, yaşadığın ömür hədər getməsin...”
O da illərini
fövtə verməyib. Həyat yolunda qarşısına qoyduğu məqsədlərə,
hədəflərə doğru inamla irəliləyib... 60 ildir yolçusu olduğu bu yolun sonu isə görünmür...
Qarşıda hələ keçilməmiş, qət edilməmiş uzun, incə bir yol var...
Xəyalə MURADLI,
"Azərbaycan”