Payız mövsümünün öz yeri, öz gözəlliyi var. Bu fəsli bəzən ruzi-bərəkət, bolluq, toy ayları, məhsul bayramı günləri kimi xarakterizə edənlər də olur. Payızda meşələr, dağlar, dərələr, çaylar, göllər, bir sözlə, təbiət mənzərələrindən tutmuş bütün həyat dəyişir. Bu zaman babalardan qalma qızıl payız deyimi nə qədər dəyərli və mənalı görünür. Bu günlərdə ölkəmizdə inkişaf edən turizmin payız mövsümünü, payız səyahətini səbirsizliklə gözləyənlər kifayət qədərdir.
Qızmar yay fəslindən sonra gəzməli məkanlar, görməli yerlər, yay aylarının sonunda boşalan parklar, istirahət məkanları yenidən öz qapılarını səyahətçilərin üzünə açır, baş verən yeniliklər, bir-birindən əzəmətli və möhtəşəm tikililər, festivallar, sərgilər, maraqlı əyləncələr adamlarda başqa ovqat yaradır.
Yaz-yay aylarında olduğu kimi, yerli və əcnəbi turistlər erməni işğalından azad edilmiş ərazilərdə, xüsusən də Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Laçında, Kəlbəcərdə gəzintidə olmaqda çox maraqlıdırlar. Qızılı payızın bu gözəl günlərində həmin məkanlara müxtəlif istiqamətlər üçün nəzərdə tutulan birgünlük və ikigünlük turlar gəzinti həvəskarlarının ürəyincədir. Bölgələrdə keçirilən festivallar, sərgilər, ədəbi-bədii görüşlər, tarixi günlərin və el şənliklərinin təşkili payız turizminə əlavə çalarlar qatır.
Psixiatr-həkim Fidan Feyzullayevanın fikrincə, piyada gəzmək, səyahət etmək həm fiziki, həm də psixoloji baxımdan sağlamlıq üçün çox faydalıdır. Səyahətlər ilk növbədə stresi azaldır, beyin fəaliyyətini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, gümrahlıq və xoş yuxu gətirir, xoşbəxtlik hormonlarını yüksəldir. Məkan yerdəyişmələri, gözəl mənzərələr, saf hava və sairə insanların ruhuna dinclik bəxş edir. Bir sözlə, səyahətlər insan orqanizmində yenilənmə funksiyasını daşıyır. Turist səfərləri zamanı və asudə vaxtlarda təmiz havada gəzmək sağlamlığın başlıca şərtlərindəndir. Çoxillik təcrübəmdən müşahidə edirəm ki, indi insanlar gəzintidə payız turizminə üstünlük verməyə başlayıblar. Bunun da səbəbləri var. Məsələn, həddindən artıq isti və ya soyuq havalarda oksigen bolluğu olur, digər tərəfdən, payızda hotel və səyahət qiymətləri yay aylarına nisbətən ucuz başa gəlir və s. Üstəlik, təbiətin özü də bir ayrı cür gözəl olur bu fəsildə.
Payız turizm mövsümünün maraqlı ünvanları sırasında son illər Xəzəryanı istirahət zonalarından tutmuş, Şamaxıya, Naxçıvan Muxtar Respublikasına, ölkəmizin şimal qapısı hesab edilən Qusara, Qubaya, eləcə də İsmayıllıya, Qaxa, Gəncəyə, Göygölə, Şəmkirə, Gədəbəyə, Daşkəsənə, Lənkərana, Astaraya, Lerikə, Yardımlıya, habelə digər ərazilərə istirahətə və gəzintiyə gələnlərin sayı ilbəil artır.
Ölkəmizdə Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən, istirahət və sağlamlıq ocaqlarının artımı istiqamətində son 10-15 ildə xeyli işlər görülüb. Dünya standartlarına uyğun yeni istirahət və sağlamlıq ocaqları, turist marşrutları yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə payız turizmini canlandırmaq, hərəkətliliyi artırmaq məqsədilə müxtəlif tədbirlərin, festivalların təşkili də bu sırada qeyd edilməlidir.
Turizm üzrə mütəxəssis Aqil Ağalarov mətbuata açıqlamasında deyib ki, payız aylarında müxtəlif istiqamətlərdə birgünlük və ikigünlük payız turlarının təşkili diqqətçəkəndir: "Birgünlük daxili turlar daha çox İsmayıllı, Quba, Qəbələ, Lənkəran, Masallı, Lerik, Astara rayonlarına edilir. Bu zaman turist axını daha çox cənub bölgəsinə olur. Bu bölgələrə birgünlük turların qiyməti səhər, günorta yeməyi və çay süfrəsi daxil olmaqla bir nəfər üçün sərfəli qiymətə, ikigünlük turlarda dörd dəfə yemək, gəzinti və hotel xərcləri daxil olmaqla onlar da münasib qiymətə başa gəlir. Bu mövsümdə Mingəçevir-Göygöl, İsmayıllı-Qaranohur gölü, Şəki-Qax-Zaqatala turları üstünlük təşkil edir. Daha çox maraq doğuran "Astara-mandarin" turudur. Tur vaxtı sitrus meyvələri yığılır, çay plantasiyasına gəzinti, nahar və çay süfrəsi təşkil olunur ki, bu da turistlər üçün çox maraqlıdır. İsmayıllı-Qaranohur gölü ətrafına təşkil edilən turlara da maraq göstərənlər çoxdur. Oranın xüsusi payız mənzərəsi insanların xoşuna gəlir. Yay aylarında Naxçıvan çox isti olduğuna görə payız mövsümündə ora da turlar daha çox olur. Gediş-gəliş təyyarə ilə baş tutur. Naxçıvan turu da digər turlar kimi bir və iki günlük təşkil edilir. Göyçayda "Nar festivalı", Lənkəranda "Sitrus meyvələri festivalı", Zaqatalada "Fındıq festivalı", Balakənddə "Xurma festivalı", Qubada "Alma festivalı" yüksək səviyyədə keçirilir. Bu cür festival və bayramlar turistlərin həm alış-verişi, həm də istirahətlərinin maraqlı keçməsi üçün yaddaqalan olur.
Görünən odur ki, festivallar daha geniş vüsət alır. Onlar olduqca rəngarəng keçirilir və turistlərin diqqətini çəkir. Ölkəmizin hər bir regionunda fərqli və bölgəyə məxsus meyvə-tərəvəz yetişir. Həmin məhsullara uyğun müxtəlif festivallar təşkil olunur. Bu, xarici turistlər üçün bir o qədər maraqlı olmasa da, yerli - daxili turizmin inkişafı baxımından məqsədəuyğundur. Bu festivalların ünvanı, coğrafiyası ildən-ilə artmaqdadır. Çox güman ki, belə festivallar yaxın gələcəkdə işğaldan azad edilmiş Şuşada, Ağdamda, Suqovuşanda, tarixi abidələr məskəni Kəlbəcərdə və digər ərazilərdə geniş vüsət alacaq. Yəni regionlardakı festivallar beynəlxalq miqyasa çıxarılaraq xarici turistlərin ölkəmizə gəlişinə yaxşı mənada təsir edəcək. Digər tərəfdən nar, xurma, qərzəkli, sitrus meyvələri və digər festivalların sayı artacaq. Yəni bu ənənənin coğrafiyasının genişlənməsi payız turizmi üçün müsbət addım olmaqla, yeni bir istiqamətdir. Əslində, bu festivallar qısamüddətli yox, bir neçə günlük, hətta bir həftəlik olsa daha diqqətçəkən və səmərəli olar. Bunun üçün tədbirlərin günlərini artırmaq, keyfiyyətini yüksəltmək gərəkdir ki, həm yerli, həm də xarici turistlər onlara qatılmaqda maraqlı olsunlar.
Son illər ölkəmizdə təkcə meyvə-tərəvəz festivalları deyil, həmçinin plov, mürəbbə, musiqi, teatr, yaylaq və digər festivallar da keçirilir. Bunlar da özü-özlüyündə təqdirəlayiqdir, habelə ölkəmizə gələn əcnəbi və yerli turistlərin payız mövsümündə sayının artmasına səbəb olar.
Rəhman SALMANLI,
"Azərbaycan"