Milli Xalça Muzeyində görkəmli xalçaçı-rəssam, alim və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunan “Ortaq irs: Beynəlxalq Türk Xalçası Simpoziumu” keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun, Türkiyənin Marmara Universitetinin, Azərbaycan Milli Xalça Muzeyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium Türk dünyasının zəngin xalçaçılıq ənənələrinin araşdırılması, qorunması və beynəlxalq səviyyədə təbliği, eləcə də bu sahədə elmi-mədəni əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova simpoziumun əsas məqsədinin Lətif Kərimovun zəngin irsini yad etmək, Türk xalqlarının xalçaçılıq ənənələrini daha dərindən öyrənmək və ortaq mədəni irsin qorunmasına töhfə vermək olduğunu bildirib. O, Lətif Kərimovun Azərbaycan xalça sənətinin inkişafına, bu sənətin elmi şəkildə öyrənilməsinə və beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfələr vermiş görkəmli sənətkar olduğunu vurğulayıb.
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Lətif Kərimovun həyat və yaradıcılığından, Azərbaycan xalçaçılığının inkişafındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Lətif Kərimov görkəmli alim və sənətkar olmaqla yanaşı, Azərbaycan xalçalarının təsnifatını aparan ilk tədqiqatçılardan biri olub. Onun elmi və yaradıcılıq fəaliyyəti xalça sənətinin öyrənilməsinə və zəngin irsin tanıdılmasına mühüm töhfə verib.
Şehitkamil Bələdiyyəsi sədrinin müavini Umut Salcan xalçanın yalnız sənət əsəri deyil, həm də ailələrin zəhmətini, ustaların səbrini və xalqın yaddaşını yaşadan mədəni irs nümunəsi olduğunu bildirib. Təmsil etdiyi Şehitkamil rayonunun tarixi məkanlarından danışan Umut Salcan minilliklərə söykənən Dülük Antik Kentinin bölgənin mühüm zənginliklərindən biri olduğunu qeyd edib.
O bildirib ki, Qaziantep şəhər mərkəzindən təxminən 10 kilometr aralıda yerləşən Dülükdə tapılan daş alətlər burada insan məskəninin təxminən 300 min il əvvələ gedib çıxdığını göstərir. Sonrakı dövrlərdə isə antik şəhər mühüm inanc mərkəzlərindən biri kimi tanınıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, xalçaçılıq sənətinin kökləri qədim dövrlərə gedib çıxır və bu sənət xalqın kimliyini, dünyagörüşünü, əcdadlarımızın düşüncə və təsəvvürlərini özündə yaşadır.
Deputat Lətif Kərimovun türk xalqları qarşısındakı mühüm xidmətlərindən birinin xalçaçılıq sənətini dərindən araşdırması və xalçaları müqayisəli şəkildə öyrənməsi olduğunu vurğulayıb. O, xalçanın sadəcə naxışlarla toxunmuş məmulat deyil, xalqın keçmişindən xəbər verən, özünəməxsus dili olan mədəni irs nümunəsi olduğunu bildirib.
TİKA-nın Bakı üzrə proqram koordinatoru Mahmut Ağırman agentliyin Azərbaycanda əməkdaşlığı çərçivəsində uzun illərdir müxtəlif layihələr həyata keçirdiyini söyləyib. O, qadınların xalça və kilim toxuculuğu ilə məşğul olmasına, bu sahədə inkişafına dəstək verən təşəbbüslərin TİKA üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, agentlik qadınların, gənclərin və uşaqların inkişafına yönələn layihələrdə iştirak etməyə və bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.
Sonra qonaqlar sərgi ilə tanış olub, simpoziumun işi sessiyalarla davam edib.
Simpozium çərçivəsində Lətif Kərimovun zəngin irsi, türk xalça sənətinin konseptual və simvolik dünyası, muzey kolleksiyaları və xalçaçılıq ənənələri, Mərkəzi Asiya xalçaçılığı, Anadolu toxuculuq irsi, eləcə də müasir dizayn və rəqəmsal texnologiyaların mədəni irsin qorunmasındakı rolu müzakirə olunub.
Qeyd edək ki, iki gün davam edəcək elmi proqramda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan olan alim və mütəxəssislər məruzələrlə çıxış edəcəklər.
Simpozium noyabrın 24-dək davam edəcək.