24 Noyabr 2026 09:25
139
Mədəniyyət
A- A+
Gördü, sevdi, seçdi

Gördü, sevdi, seçdi


Xalq rəssamı Oqtay Şıxəliyevin yaradıcılıq uğurunu bu sözlərlə ifadə etmək kifayətdir


Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, görkəmli fırça ustası və pedaqoq, Xalq rəssamı Oqtay Şıxəliyevin 95 yaşı tamam olur. Bu münasibətlə noyabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın keçdiyi yaradıcılıq yolunu əks etdirən  "Oqtay Şıxəliyevin mozaik dünyası. Mozaika. Rəngkarlıq. Keramika" adlı sərgi açılmışdır. Sərginin açılış mərasimində tanınmış incəsənət və ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Azərbaycanın ilk peşəkar monumentalçı rəssamlarından olan Oqtay Şıxəliyev 1931-ci ilin sentyabrında Bakıda dünyaya göz açıb. Abşeronun yüzilliklər boyu formalaşmış el adətləri, qədim yaşayış evləri, qumsal təbiəti, qızılı Günəşi, ecazkar Xəzər mənzərəsi, xəfif və sərt dəniz küləyi Oqtayın gələcəkdə peşə seçiminə az təsir göstərməyib. Gələcəkdə rəssam olmağı qarşısına məqsəd qoyan gənc 1947-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna qəbul olunur. Burada Azərbaycanın istedadlı rəssamları - Lətif Feyzullayev, Qafar Seyfullayev və Bağır Maratlıdan xüsusi həvəslə sənətin özəlliklərini öyrənməyə çalışır.

1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirən O.Şıxəliyevin sənətə olan sonsuz məhəbbəti onu Sankt-Peterburqa gətirib. O, 1952-ci ildə V.Muxina adına Ali Bədii Sənaye məktəbinə daxil olub. Burada tanınmış istedadlı rəssamlardan sənətin təcrübi və bədii-texniki incəliklərinə yiyələnib. 1958-ci ildə məktəbi bitirən O.Şıxəliyev doğma Azərbaycana qayıdıb. Vətəndə istedadlı və enerjili gənc rəssamı doğma diyarımızın müxtəlif guşələrində ictimai binaların bədii tərtibatı gözləyirdi. Onu da qeyd edək ki, O.Şıxəliyev hələ Sankt-Peterburqda təhsil aldığı illərdən müxtəlif sərgilərdə uğurla iştirak edirdi. Rəssam 1957-ci ildə Gənclərin Ümumittifaq Sərgi Festivalında dekorativ sənət üzrə birinci mükafata layiq görülmüşdür. Oqtay Şıxəliyev 1960-cı ildə Rəssamlar İttifaqına üzv qəbul olunub. Onun əhatəli bədii və pedaqoji yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib.  Əməkdar rəssam (1982) və Xalq rəssamı (2002) fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsü olub.

Rəssam həm monumental rəngkarlıq, həm dekorativ tətbiqi sənət (keramika), eləcə də dəzgah rəngkarlığı sahələrində bir-birindən maraqlı əsərlər qalereyası yaradıb. Rəssam bir çox xarici ölkələrdə - Meksika, Almaniya, Kanada və başqa yerlərdə yaradıcılıq ezamiyyətlərində olub. 

O.Şıxəliyev bədii yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyət də göstərib. Rəssam Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışıb. 

O.Şıxəliyev 1960-cı illərdən başlayaraq, bir çox ictimai binaların - idman saraylarının, məktəblərin, zavodların, metrostansiyaların, parkların bədii tərtibatını hazırlayıb və onların insanlarda bədii estetik zövq aşılaması və ətraf mühitlə daha üzvü surətdə səslənməsi üçün bədii kompozisiyalar yaradıb. Rəssam yaradıcılığında milli və müasir monumental rəssamlıq ənənələrinin sintezini peşəkarlıqla əlaqələndirib.

O.Şıxəliyevin yaradıcılığının uzun dövrünün sovetlər dönəminə təsadüf etməsi və həmin dövrün bədii-estetik prinsiplərini özündə əks etdirməsi reallıqdır. Buna baxmayaraq, rəssam həmişə yaradıcılığında milli ənənələrdən yüksək ustalıqla istifadə etmişdir. Bu cəhətləri istər mövzu, istərsə də bədii işlənilmə xüsusiyyətlərində, əsərlərin süjet, kolorit və bədii şərhində müşahidə etmək olar. Buna nümunə kimi O.Şıxəliyevin "Qarabağ" mehmanxanasının bədii tərtibatında xalqımızın etnoqrafik elementlərindən qaynaqlanaraq tamaşaçıda xüsusi bədii zövq yaradan formalardan istifadə etməsini, onun rəng həllində isə daha çox isti rənglərə üstünlük verməsini göstərə bilərik. Rəssamın monumental yaradıcılıq nümunələrinə gəldikdə isə, Bakıda yerləşən 18 saylı məktəbi, Bakı Dövlət Sirki, rəssamın Hacıbala Rəcəbovla birgə fəaliyyətləri nəticəsində Bakı Məişət Kondisionerləri Zavodu, "Azərbaycan" nəşriyyatının binası, Bakıda "Uşaq dünyası" universal mağazası, "Novbahar" restoranı və digərlərini qeyd etmək mümkündür.

18 saylı məktəbin fasadında yerləşən qalaktikadan bəhs edən "Ulduzlara doğru" mozaik pannosu olduqca diqqətçəkəndir. Rəssam kompozisiya quruluşunda, rəng həllində, mövzu seçimində, eləcə də pannonun ətraf mühitlə əlaqəli şəkildə səsləşməsində bədii yaradıcılıq imkanlarından və rəssam təxəyyülündən son dərəcə məharətlə bəhrələnə bilmişdir. İrəliyə doğru uzanmış qoşa əllərin içərisində fəzanın ənginliklərini fəth etmək istəyən gənc oğlan və qız əllərində kosmik cihaz tutmuş vəziyyətdə təsvir edilib. Burada rəssam dünyanın sirlərindən agah olmağın yeganə doğru yolunun elmdən, bilikdən, təhsildən başladığını bədii biçimdə tamaşaçısına çatdıra bilib. 

O.Şəxəliyevin yaradıcılığının digər bir nümunəsi Ulu Öndər Heydər Əliyevin adını daşıyan İdman və Konsert Kompleksidir. Rəssam bu kompleksdə işlərin tərtibatında daha çox milli adət-ənənələrimizə, folklor nümunələrinə istinad edərək sonda tamaşaçının zövqünü oxşayan sənət inciləri yaratmışdır.

O.Şıxəliyevin tematik tablolarına misal olaraq "Çənlər" (1969), "Kürün ram edilməsi" (1970), "Ancaq sülh" (1970), "Sallaqxana" (1970), "Mənim buketim" (1971), "Kapella" (1980), "Muğam" (1982) və s. əsərlərini göstərmək olar.

Rəssam "Kürün ram edilməsi" əsərində Kür çayı üzərində inşa edilən su-elektrik stansiyasının tikintisini fırçasının qüdrəti ilə bədiiləşdirib. Avtomaşınların sular üzərində hərəkət etdiyi məqamı rəssam ustalıqla təsvir edə bilib. Əsər üçün baxış nöqtəsinin seçilməsi və kolorit həlli tamaşaçının marağına səbəb ola biləcək bədii cəhətlərdəndir.

O.Şixəliyevin maraqlı portretləri sırasında "Mənim qaracam" (1970), "Tarzən Bəhram Mansurov" (1972), "Rəssam Rasim Babayev" (1975), "SSRİ Xalq Artisti Mirzəağa Əliyev" (1974), "Nigar" (1975), "Rəssamın ailəsi" (1976) və s. əsərləri qeyd etmək olar. "Qobustan daşları" (1966), "Sumqayıt boruları" (1970), "Meksika həyəti" (1982), "Aydın səma" (1974) tabloları isə rəssamın mənzərə janrında yaratdığı əsərləridir. O.Şıxəliyev mənzərə əsərlərində təbiət görüntülərinə yaradıcı yanaşmaqla tamaşaçıya bədii zövq aşılayıb. 

Rəssamın Azərbaycan təsviri sənət aləminə bəxş etdiyi özünəməxsus yaradıcılıq nümunələrinin neçə-neçə gənc istedadlı rəssamın yetişməsinə bundan sonra da təkan verəcəyi və hər zaman yaratdıqlarının tamaşaçı auditoriyasının marağına səbəb olacağı şübhəsizdir.


Əsəd QULİYEV,

Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri, Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qışdır, soyuqdur deyib istirahətinizi yaya saxlamayın

09:35
24 Noyabr

Tarixi keçmişdən soraq verən memarlıq abidəsi 

09:30
24 Noyabr

Gördü, sevdi, seçdi

09:25
24 Noyabr

Goranboyda pambıq istehsalı məhsuldarlıq hesabına artır

09:20
24 Noyabr

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

09:15
24 Noyabr

Mehmandarov - cümhuriyyət ordusunun qurucusu

09:10
24 Noyabr

Son nəfəsədək Vətən uğrunda...

09:05
24 Noyabr

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
24 Noyabr

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

08:15
24 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

08:10
24 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəlib

08:05
24 Noyabr

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

08:00
24 Noyabr

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!