Zəngin və bənzərsiz təbiəti ilə gələnləri və görənləri heyran qoyan bölgələrimizdən biri də Qubadır. Hər il dünyanın müxtəlif ölkələrindən bu gözəl diyara minlərlə turist axışıb gəlir. Onlar bu yerləri gəzdikdən sonra Qubadan xoş təəssüratlarla, yenidən bu yerlərə qayıtmaq arzusu ilə ayrılırlar.
Rayonda turistlərin, qonaqların böyük maraqla baxdığı tarixi abidələrdən biri də XIX əsrə aid nadir memarlıq incisi olan hündür günbəzli hamamdır. Memarlıq abidəsi kimi qorunan hamamda bərpa işləri aparılan zaman tikilinin ilkin görkəmi və quruluşu olduğu kimi saxlanılaraq müasir dövrdə istifadəyə yararlı vəziyyətə gətirilib.
Əldə olan məlumatlara əsasən, fransız yazıçısı Aleksandr Düma Qafqaza səfəri zamanı bu hamamdan istifadə edib. Mədəniyyət tariximizin qiymətli bir parçası kimi qorunan bu abidə təəssüflər olsun ki, qanlı erməni soyqırımının da şahidi olub. Yerli sakinlərin dediklərinə görə, 1918-ci ildə Qubada törətdikləri soyqırımı zamanı ermənilər rayon sakinlərini bu hamamın buxarında boğaraq öldürüblər. Sonra isə cansız cəsədlərini çalaya atıblar.
Hamam 1985-ci ilə qədər təyinatı üzrə istifadə edilib. Sonra kanalizasiya sistemi işləmədiyinə görə fəaliyyəti dayandırılıb.
Quba şəhərinin mərkəzində yerləşən Şərq memarlığının ən orijinal nümunəsi olan günbəzli hamam ümumi bir zaldan, bəylər üçün nəzərdə tutulmuş 4, istirahət və çay içmək üçün planlaşdırılan daha 3 otaqdan ibarətdir. Birmərtəbəli olan hamam 1 qapılı, 6 pəncərəlidir. Qırmızı kərpicdən tikildiyinə görə bəzən yerli camaat ona "qırmızı hamam" da deyirlər.
Müxtəlif ölçülü iki tağdan ibarət hamamın istilik sistemi elə qurulub ki, o, yalnız odunla işləyir. Günbəzlərinin hündürlüyü 9 metr olan hamamın qızdırılmasında istifadə edilən soba həm də döşəməni isidir. Hamamı tikən bacarıqlı ustalar sobadan hamamın döşəməsi boyu istiliyə davamlı kərpicdən kanallar çəkiblər. Buna görə də sobadan çıxan istilik həmin kanallar vasitəsilə döşəməni qızdırır. Həmin sistem hamamın daim eyni temperaturda qalmasını təmin edib.
1986-1987-ci illərdə günbəzli hamamda təmir və bərpa işləri aparılıb. Abidənin tarixi görkəmi saxlanmaqla 2 günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib. Bərpa prosesində həmçinin abidənin dam örtüyü dəyişdirilib. Hamam binasının bərpası zamanı onun tikildiyi dövrün memarlıq ənənələrindən istifadə edilib. Bərpa prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılıb. Bununla da sanki abidəyə ikinci həyat verilib.
2017-2018-ci illərdə hündür günbəz hamamı yenidən bərpa olunub. Bərpa işləri ABŞ-nin Azərbaycandakı səfirliyi, Mədəniyyət Nazirliyi və nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilib. 2018-ci il martın 26-da yenidən bərpa olunmuş hamamın açılışı olub. Bu gün hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Bunun üçün tarixi abidənin ətrafında UNESCO tərəfindən məhəccərlər də inşa olunub. Bu da abidənin toxunulmazlığını daha etibarlı edib.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"