Vaxt yaxınlaşdıqca beynəlxalq tədbirə hazırlıq işləri sürətlənir
Bakının evsahibliyi ilə Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işə başlamasına sayılı günlər qalır. Bir neçə gündən sonra Azərbaycan - onun paytaxtı Bakı yenidən dünyanın diqqət mərkəzində olacaq.
Tanınmış ekspertlər çox haqlı olaraq yaşadığımız dünyanı narahat edən qlobal problemlərin müzakirəsinə həsr olunmuş tədbirlərin ölkəmizin paytaxtında keçirilməsini Azərbaycanın mühüm beynəlxalq platformalara evsahibliyi etmək imkanlarının artdığının nəticəsi kimi qiymətləndirirlər. Bu baxımdan BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilməsinə qərar verilməsi Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunu, yüksələn rolunu bir daha nümayiş etdirir.
Xəbər verildiyi kimi, bu il yanvarın 15-də Cenevrədə BMT-nin ofisində WUF13-ə həsr olunmuş brifinq keçirilmişdir. Brifinqə 100-ə yaxın akkreditə olunmuş diplomatik missiyanın nümayəndələri qatılmışlar. Brifinq WUF13-ün əsas məqsədi və məramlarını təqdim və diplomatik dəstəyi təşviq etmək, Azərbaycanın qlobal şəhərsalma gündəmlərini irəli aparmaq üçün əhəmiyyətli platforma rolunu oynamışdır.
5 gün dünyanın diqqətini özünə çəkəcək WUF13-ün yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə zəruri hazırlıq tədbirləri görülür. Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin rəhbərliyi altında hazırlıq işləri ardıcıllıqla və yüksək səviyyədə icra olunur.
Sessiyanın keçiriləcəyi günlərdə simsiz cihazların fasiləsiz işini təmin etmək üçün "Radiospektrin İdarə Edilməsi Portalı" istifadəyə verilib. Tədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların və tezliklərin koordinasiyası bu portal vasitəsilə nizamlanacaq. Portal vasitəsilə sessiyada istifadə olunacaq müxtəlif tezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyatdan keçiriləcək, müvafiq tezlik resursları ayrılacaq və avadanlıqlar etiketlənəcək. Xatırladaq ki, oxşar yanaşma 2024-cü ildə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı da tətbiq olunmuşdu.
Sessiya yalnız Bakını deyil, ölkəmizin digər regionlarını da (Gəncə, Xankəndi, Sumqayıt, Quba) əhatə edəcək. Tədbirin davam etdiyi günlərdə maarifləndirmə məqsədilə məlumatlandırma festivallarının keçirilməsi də nəzərdə tutulub. Həmçinin forum çərçivəsində nazirlər toplantısı, tematik dialoqlar və xüsusi sessiyalar vasitəsilə qlobal mənzil böhranı və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunacaq.
Onu da qeyd edək ki, son illər Azərbaycanda başqa sahələrlə yanaşı, şəhərsalma sahəsində də bir çox diqqətçəkən yenilik olub. BMT ilə birgə müvafiq layihələr həyata keçirilib və gözlənildiyi kimi, uğurlar əldə olunub. Bu cür layihələrin icrası indi də davam edir. Azərbaycan son illər həyata keçirilən müasir infrastruktur layihələri, xüsusən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları ilə beynəlxalq aləmin diqqət mərkəzinə gəlib. Bu layihələr WUF13-də dayanıqlı inkişaf və innovativ şəhər idarəetməsi baxımından nümunə kimi təqdim olunmağa layiqdir.
BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsinin mühüm tarixi əhəmiyyəti də qeyd edilməlidir. Sessiyada şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və onların əməli şəkildə həlli yollarının beynəlxalq səviyyədə təqdim olunmasına əlverişli şərait yaradılacaq. Ən başlıcası isə odur ki, iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparacaq, qarşılıqlı əməkdaşlıq quracaq, zəngin təcrübə qazanacaqlar. Bütün bunlar isə şəhərsalmanın gələcəyinə böyük töhfələr verəcək, yeniliklərə qapı açacaq.
Ölkəmizdə keçirilən həm yerli, həm də beynəlxalq tədbirlərdə Azərbaycan könüllüləri fəal şəkildə iştirak edirlər. 1-ci Avropa və İslam Həmrəyliyi oyunlarını, eləcə də COP29-u xatırlatmaq kifayətdir. Şübhəsiz ki, WUF13-də də könüllülər fəal iştirak edəcəklər. Onlar xarici və yerli qonaqların qarşılanması, məlumatlandırılması və aidiyyəti üzrə istiqamətləndirilməsi prosesində təşkilatçılara yardımçı olacaqlar.
İştirakçılar və qonaqlar sessiyanın davam etdiyi günlərdə Azərbaycanın iqtisadi imkanları, investisiya mühiti və inkişaf strategiyası ilə yaxından tanış olmaq imkanı da qazanacaqlar. Təbii ki, bu da qarşıdakı illərdə ölkəmizə yeni investisiyaların cəlb olunmasına və turizmin inkişafına böyük töhfələr verəcək.
WUF13 Bakı Olimpiya Stadionunda keçiriləcək. Tədbirin başlanmasına sayılı günlərin qalması stadionda hazırlıq işlərini xeyli sürətləndirib. Görülən işlərin kəmiyyət və keyfiyyəti bu məkana qədəm qoyan kimi hiss olunur. Artıq indidən demək olar ki, Azərbaycanın evsahibliyi ilə keçiriləcək bu qlobal beynəlxalq tədbir də öz standartları ilə mümkün olacaq.
Vahid MƏHƏRRƏMOV,
İlham BABAYEV (foto),
"Azərbaycan"