"Kaş Tanrı mənə bir az da ömür verəydi, onda
mən bilərdim necə yaşayardım”. Bu dünya ilə vida anında Kamilovun son peşmanlığı...
"Qanun naminə” filmində Adil İsgəndərov canlandırdığı obrazın dilindən deyir...
Həyat insanı kürə kimi öz səhvlərində, həqiqətlərində,
yanlışlıqlarında, düzlüklərində "bişirir”. Doğrudur, Adil İsgəndərov ekran ömrü
verdiyi Kamilova nə xarakteri, nə həyata baxışı, nə də həyat tərzi ilə bənzəyirdi.
"Qanun naminə”dəki qəhrəmanı xeyirxahlıq etmək, ədalətli olmaq, düzgün yaşamaq fürsətini
fövtə verdiyi üçün son anlarında heyifsilənirdi. Adil İsgəndərov isə ömrünün böyük
hissəsini gözəl əməllərə, xeyirli işlərə həsr etdi, yıxılanın əlindən tutdu, düz
yola üz tutanlara istiqamət verdi. Bu dünyanın heç bir neməti - var-dövləti, şöhrəti,
ad-sanı onu doğru bildiyi, inandığı yoldan ayıra bilmədi. Ancaq Adil İsgəndərovun
kinodakı qəhrəmanı kimi, həyatdan aldığı dərsləri də böyük idi...
Adil
İsgəndərov məktəbi
O, bəy oğlu idi. 1910-cu il mayın 5-də qədim
Gəncədə dünyaya göz açıb. Atası Rza bəy Gəncənin hörmətli bəylərindən sayılıb. Elə
ana tərəfdən də bəy nəslindən olub.
Rza bəy Sovet hökumətinin gəlişini, bəylərin
qara günlərini görməyib. Oğlu Adil üç yaşında ikən o, vəfat edib.
Əsl soyadlarını - İsgəndərbəylini sonralar
Sovet hökumətinin təzyiqləri ilə üzləşməmək üçün İsgəndərova dəyişməli olublar.
Adil İsgəndərov kiçik yaşlarından teatra
maraq göstərib. On yaşında Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə gedib.
On üç yaşında "Qaçaq Kərəm” tamaşasını qurub. Kərəm rolunu da özü ifa edib. Elə
bu tamaşa ilə də yaradıcı adamların diqqətini cəlb edib. Onu Bakıya gətiriblər.
Bakı Teatr Texnikumunda əla qiymətlərlə oxuyub. Təhsilini davam etdirmək üçün Moskvaya
gedib. A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunu bitirib. Moskva Bədaye
və Vaxtanqov teatrlarında təcrübə keçib. 1936-cı ildə Akademik Milli Dram Teatrına
gəlib. Çox keçməyib ki, teatrın baş rejissoru təyin edilib. Sonralar isə Akademik
Milli Dram Teatrının direktoru olub. İyirmi beş ilə yaxın burada fəaliyyət göstərib,
yeni tamaşalar səhnələşdirib.
İlk rejissorluq işi 1936-cı ildə "Polad qartal”
tamaşası olub. Bir-birinin ardınca milli teatrın səhnəsində "Həyat”, "Vaqif”, "Xanlar”,
"Fərhad və Şirin”, "Aydın”, "Şərqin səhəri”, "Otello”, "Cavanşir” və başqa əsərlərə
quruluş verib. "Otello” tamaşasına Moskvada
Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə baxaraq heyran qalan ingilislər
onu lentə alıblar.
Akademik Milli Dram Teatrındakı uzun illik
fəaliyyəti o qədər səmərəli, parlaq olub ki, bu sənət məbədini həmin dövrdə "İsgəndərovun
teatrı” adlandırıblar.
Onun rejissor
təqdimatı hər zaman uğurlu olub. Bütün tamaşalarının teatrsevərlərin ürəyincə olmasının
bir səbəbi də böyüklü-kiçikli bütün rollara aktyor seçimini düzgün etməsi idi.
Azərbaycan
teatrına neçə-neçə istedadlı rejissor və aktyorun gəlməsində Adil İsgəndərovun misilsiz
xidmətləri olub. O, səhhətini, sağlamlığını çox sevdiyi teatrın yolunda fəda edib.
Milli teatrın
yeni binası akustikasız olduğundan ora köçürülməsinə etiraz edib. Söylədiyi doğruları
nəinki qəbul etməyiblər, buna görə sənətkarı incidiblər. Əslində, incikliyinin tək
səbəbi də bu olmayıb. Adil İsgəndərov haqsızlıqlara boyun əyməyib. Və çox sevdiyi
teatrdan gedib...
Sənətkarın
növbəti sənət ünvanı Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası olub.
1966-cı ildən "Azərbaycanfilm”ə rəhbərlik
edib. O qədər iş-gücün arasında bircə filmə - "Əhməd haradadır?”a quruluş verib.
Ancaq bu müddətdə tamaşaçılar onu həm də istedadlı kinoaktyor kimi tanıyıb, seviblər.
Adil İsgəndərov filmlərdə müxtəlif səpkili rollar yaradıb. Tamaşaçılar onun ifasında
"Axırıncı aşırım”dakı Kərbəlayı İsmayılı, "Qanun naminə”dəki Kamilovu, "Uzaq sahillərdə”ki
alman məmurunu və başqa rollarını bəyənərək izləyiblər.
"Axırıncı
aşırım” filmi Tbilisidə nümayiş olunanda Həsən Məmmədov Şadlinski, o isə Kərbəlayı
İsmayıl rolunun ifaçısı kimi mükafata layiq görülüb. Adil İsgəndərov öz mükafatından
imtina edərək, onun Qəmlonu canlandıran Məlik Dadaşova verilməsini istəyib.
Sənəti və şəxsiyyəti ilə örnək insan
Adil İsgəndərovun
təşkilatçılıq bacarığı yüksək olub. O, bir yerdə çalışdığı aktyorların yalnız yaradıcılığı
ilə maraqlanmayıb. Onların sosial vəziyyətinə, problemlərinə daim diqqətlə yanaşıb.
Onun sayəsində neçə-neçə aktyor ev-eşik sahibi olub.
Onu sevdirən
həm də sənəti şəxsi münasibətlərin fövqündə tutması idi. Teatrda da, kinoda da belə
olub...
Xalq artisti
Rza Əfqanlıya aralarında yaranan narazılığa baxmayaraq Hüseyn Cavidin "Şeyx Sənan”
əsərindəki baş rolu həvalə edib. "Otello” tamaşasında baş rolu Ələsgər Ələkbərova
verəndə isə bu iki sənətkarın münasibəti çox gərgin olub. Adil İsgəndərov "Nəsimi”
filmində Teymurləngə çəkilməkdən imtina edərkən bu rolun Yusif Vəliyevin ifasında
mükəmməl olacağını əsas gətirib. "Dəli Kür” filmində Cahandar ağa roluna onu çəkmək
istəyən rejissor Hüseyn Seyidzadəyə Ələddin Abbasovu məsləhət görüb. Çünki Adil
İsgəndərov sənətkar mövqeyini şəxsi münasibətlərindən üstün tutub. O, özünü deyil,
sənəti, Azərbaycan kinosunu düşünüb.
Adil İsgəndərov
xoşbəxt sənətkar olub. Sağlığında da onun şöhrəti yalnız yüksək titulları, fəxri
adları ilə ölçülməyib. Adil İsgəndərov böyük nüfuz, hörmət sahibi, şəxsiyyəti və
sənəti ilə nümunə olub.
Çoxları onun
məsləhəti və köməyi ilə sənətə gəlib, ilk dəfə filmə çəkilib. O dövrdə üzə çıxan
bütün istedadlı aktyorlar Adil İsgəndərovun tapıntısı idi.
O, Azərbaycanda
çəkilən filmlərə kənardan aktyor dəvət edilməsinin əleyhinə olub. Öz aktyorlarımızı
tanıdıb. Sübut edib ki, bizdə də bacarıqlı aktyorlar, rejissorlar var.
Adil İsgəndərov
yaddaşlarda ötkəm insan kimi qalıb. Özündən vəzifəcə böyüklərin qarşısında boynubükük
dayanmaq, sözünü danmaq ona yad olub. Kinostudiyaya rəhbərlik etdiyi vaxtlarda da
işlərinə müdaxilə ediləndə, yersiz göstərişlər veriləndə çox əsəbiləşərmiş. Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Kozlov zəng edərək bir nəfərin
filmdə çəkilməsini, başqa birinin isə rejissor köməkçisi qoyulmasını istəyəndə də
sərt davranıb. "Yoldaş Kozlov, bilirsiniz mikrorayonda su gəlmir? Siz yaxşı olar
ki, su ilə məşğul olun, mən kino ilə məşğul olaram” deyərək telefonun dəstəyini
asıb.
Böyük sənətkar
1978-ci ilin sentyabrında həyatla vidalaşıb. Həmin gün Sovet hökumətinin rəhbəri
L.İ.Brejnev Bakıya növbəti rəsmi səfərə gəlib. Adil İsgəndərov bəzilərinin yazdığı
kimi, axşamın qaranlığında gizlincə torpağa tapşırılmayıb. Ancaq həmin gün dövrün
tələblərinə uyğun olaraq, rəhbərin gəlişi münasibətilə Bakı bayram əhvali-ruhiyyəsinə
bürünüb.
Azərbaycanın
görkəmli teatr və kino rejissoru, tanınmış aktyoru, Azərbaycanın Xalq artisti, Zaqafqaziyadan
ilk SSRİ Xalq artisti Adil İsgəndərovla vida mərasimi Aktyor evində keçirilib. Və
sənətkarı 2-ci Fəxri xiyabanda dəfn etməli olublar.
Zaman öz sözünü
deyib. Adil İsgəndərov xoş əməlləri ilə yaddaşlardan-yaddaşlara köçüb. Sənət naminə
gördüyü işlər isə ona Azərbaycan teatrının, Azərbaycan kinosunun səhifələrində əbədi
yer qazandırıb.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”