Fevralın 19-da Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qax rayon bölməsi və Qəbələ rayon şöbəsinin
yeni tikilmiş inzibati binaları istifadəyə verilib.
Açılış mərasimlərindən əvvəl Ulu Öndər Heydər
Əliyevin Qax və Qəbələ şəhərlərində ucaldılan abidələri önünə gül dəstələri düzülüb,
xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, SHXÇDX-nin Qax rayon
bölməsinin inzibati binasının açılış mərasimində çıxış edən Xidmət rəisi, general-leytenant
Arzu Rəhimov Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında Ulu Öndər
Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin çevik siyasəti nəticəsində ölkəmizin hərbi-siyasi
və iqtisadi qüdrətinin ildən-ilə gücləndiyi qeyd olunub. "Xidmətin fəaliyyət istiqamətlərinə
uyğun olaraq, son illər səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların
ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi
xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində
mühüm nailiyyətlər qazanılıb”, - deyə Arzu Rəhimov vurğulayıb.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa
Şəkiliyev bölmənin şəxsi heyətini yeni binanın açılışı münasibətilə təbrik edib,
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının regionların
sosial-iqtisadi inkişafında yeni mərhələ açdığını bildirib.
Binanın açılışını bildirən lent kəsilib və
mərasim iştirakçıları burada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki,
Xidmətin Qax rayon bölməsinin ümumi sahəsi 1296 kvadratmetr olan ikimərtəbəli binası
rayon hərbi həkim komissiyası üçün iş kabinetləri də daxil olmaqla, 26 otaq və
1 iclas zalından ibarətdir. Bina müasir standartlara və tələblərə uyğun inşa edilib,
otaqlar şəxsi heyətin xidməti iş fəaliyyətinin yüksəldilməsi məqsədilə zəruri avadanlıqla
tam təchiz olunub.
Qax şəhərinin Heydər Əliyev prospektində
inşa edilən inzibati bina öz gözəlliyi ilə şəhərin ümumi arxitekturasına xüsusi
rəng qatır. Həmin gün SHXÇDX-nin Qəbələ rayon şöbəsinin də açılış mərasimi olub.
Mərasimdə Xidmət rəisi, general-leytenant
Arzu Rəhimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı
altında son illər ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində
əldə edilən nəticələri diqqətə çatdırıb. Xidmət rəisi Qəbələ rayon şöbəsinin yeni
inzibati binasının istifadəyə verilməsinin dövlət başçısı, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq
işlərinin növbəti təzahürü olduğunu vurğulayıb.
Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin
başçısı Səbuhi Abdullayev çıxış edərək SHXÇDX-nin rayon şöbəsinin yeni inzibati
binasının istifadəyə verilməsinin əməkdaşların fəaliyyətinə əlavə stimul yaradacağını
deyib.
Məlumat verilib ki, Xidmətin Qəbələ rayon
şöbəsinin üçmərtəbəli, 37 otaq, rayon hərbi həkim komissiyası üçün iş kabinetləri
və 2 iclas zalından ibarət olan inzibati binasının ümumi sahəsi 2391 kvadratmetrdir.
Müasir standartlara uyğun inşa edilən binanın bütün otaqları zəruri avadanlıq, inventar
və kommunikasiyalarla təchiz edilib.
Daha sonra binanın açılışını bildirən lent
kəsilib və mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.
Müasir memarlıq üslubunda inşa edilən bina
öz gözəlliyi ilə Qəbələ şəhərinə xüsusi yaraşıq verir.